Dünyanı gəzən azərbaycanlı bloqer: “Məni aparıb qaranlıq qaraja saldılar…” – MÜSAHİBƏ – FOTOLARbackend

Dünyanı gəzən azərbaycanlı bloqer: “Məni aparıb qaranlıq qaraja saldılar…” – MÜSAHİBƏ – FOTOLAR

Gənclərə hər zaman dəstək olan, onların uğurlarını işıqlandıran “Hokm.az” saytı bu dəfə oxucularını İtaliyada yaşayan azərbaycanlı gənc sahibkar Aysel Bağırzadə ilə tanış edəcək.

Romanın Sapienza Universitetində magistratura pilləsi üzrə təhsil alan A.Bağırzadə “Youth Abroad” xaricdə təhsil şirkətinin rəhbəridir. Tez-tez müxtəlif ölkələrə səyahət edən gənc xanım getdiyi yerlərdən məlumatları sosial şəbəkə hesabında paylaşır. O, “Travel blogger” olaraq fəaliyyətini yeni hesab etsə də, gələcəkdə bu istiqamətdə daha böyük işlər görməyi planlaşdırır.

Hokm.az A.Bağırzadə ilə müsahibəni təqdim edir:

Necə oldu ki, bu işlə məşğul olmağa qərar verdiniz?

– Mən tez-tez müxtəlif ölkələrə səyahət edirəm. Gəzdiyim yerlərdən şəkilləri “Instagram” səhifəmdə paylaşıram, lazımlı məlumatları qeyd şəklində yazıram. Dostlarım həmişə məsləhət görürdü ki, səhifəmdən bloq kimi istifadə edim, paylaşdığım məlumatlardan digər insanlar da faydalansın. Lakin mən nədənsə tərəddüd edirdim. Sonra düşündüm ki, niyə də olmasın. İndi çalışıram insanları maraqlandıran mövzularda məlumatlar paylaşım.

Ümumi götürdükdə paylaşımlarınız əsasən hansı mövzuları əhatə edir?

– Getdiyim ölkələrdə çətin tapılan yerlər barədə məlumatlar yazıram. Məsələn, hava limanından ora necə rahat gedə biləcəklərini izah edirəm.  Maraqlı restoranlar, yeməklər, qiymətlər və s. haqda məlumat verirəm. Yerli əhali, onların adət-ənənələri, mədəniyyətləri barədə yazıram.

İlk səyahət etdiyiniz ölkə hansı olub və indiyədək neçə ölkədə olmusunuz?

– İlk olaraq qonşu ölkələrə səyahət etmişəm. Birinci getdiyim ölkə Gürcüstan olub. Ümumilikdə isə 27 ölkə, ABŞ-ın 12 ştatı və 4 adada olmuşam.

Gəzdiyiniz ölkələr arasında ən çox hansını bəyənmisiniz?

– Ən çox bəyəndiyim ölkə Avstriya olub. Hətta ora ilə bağlı bir video hazırlayıram. Çünki bölüşmək istədiyim məlumatlar çoxdur. Avstriyada insana verilən dəyər, insanlar üçün yaradılan şərait yüksək səviyyədədir. İnsanların hüquqları qorunur. Nəinki insanlara, hətta heyvanlara da orda çox böyük dəyər verilir. Demək, rəfiqəm danışmışdı ki, bir dəfə Avstriyada yaralı bir quş görüb yolda. Quşu götürüb aptekə yaxınlaşıb və qırılmış qanadını sarımaq üçün sarıq istəyib. Aptek işçiləri rəfiqəmə əsəbləşiblər, quşa zərər verəcəyini deyiblər və heyvanlar üçün nəzərdə tutulmuş təcili yardıma zəng edib çağırıblar.  Təcili yardım dərhal hadisə yerinə gəlib və yaralı quşa tibbi yardım göstərilib. Yəni bütün bunlar orada hətta heyvanlara necə dəyər verildiyini göstərir.

Səyahət zamanı başınıza gələn ən maraqlı hadisə nə olub?

– O qədər belə hadisələr olub ki. Demək olar, hər səyahətdə mütləq nəsə baş verməlidir. Sonuncu səyahətim zamanı başıma gələn hadisəni danışım sizə. İtaliyada yaşadığım üçün “oturum kartı”m var. Avstriyadan Almaniyaya keçən zaman həmin kart üzərimdə deyilmiş, mən də kartı itirdiyimi bilmirdim. Sərhəddi keçən zaman polislər məni saxladı. Kartım olmadığına görə qanunsuz keçdiyimi düşündülər. Etirazlarıma baxmayaraq, yoxlanışa aparıldım. Məni aparıb qaranlıq bir qaraja saldılar. Orda gözləməli olduğumu dedilər. Təxminən 3 saat çəkən prosesdən sonra məsələ aydınlaşdırıldı və məni sərbəst buraxdılar.

Hər hansı bir ölkəyə getdikdə ilk üz tutduğunuz yerlər hara olur?

– Getməzdən öncə kiçik bir araşdırma aparır, oranın gəzməli, görməli yerlərini müəyyənləşdirirəm. Əsasən tarixi binalara gedirəm və çalışıram ki, getdiyim hər yerdə yerli insanlarla tanış olum. Tarixi faktları, maraqlı məlumatları onların dilindən eşitmək daha gözəl olur. Çünki bizim internətdən oxuyub öyrəndiyimiz məlumatlarla onların danışdıqları əksər vaxtlarda çox fərqli olur. Eyni zamanda maraqlı kafe və restoranlara getməyi də sevirəm. Çalışıram ki, mütləq şəkildə həmin ölkənin milli yeməklərinin dadına baxım. Və səhifəmdə paylaşdığım postlarda da həmin yeməkləri qeyd edirəm ki, bura gələndə mütləq bu yeməyin yayına baxın. Yəni, belə məsləhətlər verirəm.

Səyahətiniz maraqlı olması üçün nə edirsiniz?

– Mənim üçün ən maraqlı səyahət tək etdiyim səyahətlərdir. Çünki belə olduqda daha çox yerli insanlarla ünsiyyətdə oluram. Dostlarla getdikdə yalnız onlarla gəzib əylənirik deyə eyni effekti almaq olmur. Hətta tək səyahət etməyi o qədər çox sevirəm ki, bu dəfə “Yeni il”i Las-Veqasda də tək qarşıladım. Sözün düzü, əvvəlcə çox sıxıldım. Fikirləşdim ki, səhv qərar vermişəm. Amma sonra həmin günü özüm üçün əyləncəli etməyə qərar verdim. Əminliklə deyə bilərəm ki, indiyədək qeyd etdiyim ən gözəl “Yeni il” bayramlarından biri oldu.

Bəs, elə yemək olub ki, onu dadmağı heç kimə məsləhət bilməzdiniz?

– Bəli, olub. Albaniyada olarkən ofisiantdan milli mətbəxlərinə aid bir yemək gətirməsini xahiş etdim. Gətirdiyi yemək o qədər xoşagəlməz idi ki, üzümü turşutdum və ona etirazımı bildirdim. Bu, ofisiantın xətrinə dəydi. Çünki onların milli mətbəxini təhqir etmiş oldum. Sonradan bu hərəkətimə görə çox peşman oldum. Daha sonra Fransada olarkən eyni halla qarşılaşdım. Amma bu dəfə soyuqqanlı olmağa çalışdım, eyni reaksiyanı vermədim.

Bəs, ən sevdiyiniz yeməklər hansı ölkənin mətbəxinə məxsusdur?

– İtaliya mətbəxini sevirəm. Düzdür, təzə gələndə o qədər də bəyənmirdim. Çünki hər şey makaron və spagettidən ibarətdir. Amma sonradan öyrəşdim. Necə ki, biz hər şeyi çörəklə yeyirik, onlar da makaron və ya spagetti ilə yeyir. İtalyanlar öz mətbəxlərini çox sevirlər və ağızdolusu tərifləyirlər.

Səyahət etmək istəyənlərə ilk üçlükdə hansı ölkələri mütləq məsləhət görərdiz?

– Bayaq qeyd etdiyim kimi, Avstriya çox möhtəşəmdir. Dağları, gölləri, mənzərəsi o qədər gözəldir ki, gəzdikcə gəzmək istəyirsən. 2-ci növbədə İspaniyanı deyərdim. Məncə, əylənmək istəyənlər mütləq İspaniyaya getməlidir. Çünki buranın insanları çox mehriban, çox əyləncəlidirlər. 3-cü sırada isə İtaliyanı məsləhət görərdim. Ölkə çox gözəldir, gəzməli yerləri çoxdur. Amma bir şeyi də qeyd edim ki, italyanlar çox kobud insanlardır. Bəzən onların azərbaycanlılara bənzədiyini, bizim kimi mehriban, qonaqpərvər olduqlarını deyirlər. Qətiyyən belə deyil. Əksinə, onlar insanlarla elə davranırlar ki, sanki hər kəs italyanca bilməlidir. Özlərindən başqa heç kəsi sevmirlər. Burada xidmət də çox pisdir. Dəfələrlə buna görə problem yaşamışam. Elə davranırlar ki, sanki sən onlara xidmət haqqı ödəməmisən.

“Travel blogger” olaraq gələcəklə bağlı hansı planlarınız var?

– Yeni olduğum üçün çox iddialı danışmaq istəmirəm. Amma mümkün qədər izləyicilər üçün faydalı olmağa çalışacağam. Mənim üçün insanları düşündürən sualları cavablandırmaq, onlara bu məsələlərdə kömək etmək çox maraqlıdır. Yəni səhayət, viza, getməli yerlər, ölkə seçimi və s. haqda problem yaşayanlar olur hər zaman. Çox istərdim ki, izləyicilər özləri də yazıb soruşsunlar, maraqlansınlar və mən fəaliyyətimi daha çox onların istəyinə uyğun istiqamətləndirim.

Hokm.az

  •  (0)
  •  (0)