“İstehlakın kəskin azalması, vərdiş və davranış qaydalarının sürətlə dəyişməsi prosesi gedir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri dünya iqtisadiyyatında müşahidə olunan mövcud gedişatı şərh edən ekspert Natiq Cəfərli deyib.
Natiq Cəfərlinin sözlərinə görə, koronavirus pandemiyasından sonra dünyada bahalaşma dalğası yaranacaq.
İqtisadçı hesab edir ki, ümumiyyətlə, dünya ölkələri inflyasiya göstəricilərini artırmağa çalışacaqlar. Çünki yaranmış böhrandan çıxış üçün illik minimum 5 faiz inflyasiya iqtisadiyyata dərman təsiri göstərəcək:
“Dünyada iqtisadiyyatın çökməsi davam edir. Çin iqtisadiyyatında son 30 ildə ilk dəfə kiçilmə qeydə alınıb, birinci rübdə Ümumi Daxili Məhsulu 6,8 faiz azalıb, bu, çox böyük rəqəmdir. Çinin iqtisadiyyatı hər dəfə 1 faiz kiçiləndə, 4 milyon insan işsiz qalır.
ABŞ-ın gücü tək dollarda, silahında, beyin mərkəzlərində, universitetlərində deyil, həm də idarəetmə sistemindədir. Yaponiya və ABŞ qərar verərək, Çindən istehsal müəssisələrini çıxarırlar, antiqloballaşma sürətlənir. Dünyaya səpilən trilyonlarla dollar inflyasiya yaradan faktor olacaq.
İstehlakın kəskin azalması, vərdiş və davranış qaydalarının sürətlə dəyişməsi prosesi gedir. Bu fenomeni anlamaq üçün doğru-düzgün nəzəriyyə yoxdur. Makroiqtisadiyyat elmi yenidən yazılacaq”.
Gülşən Şərif