“Omikron” ştamının BA.2 alt növünün sürətlə yayıldığı ölkələrdən biri olan Danimarkada aparılan araşdırmada sözügedən subvariantın digərləri ilə müqayisədə daha çox təhlükəli olduğu açıqlanıb.
Danimarkanın nüfuzlu universitetlərindən biri olan Kopenhagen Universiteti ilə Danimarka Səhiyyə Nazirliyinin birgə tədqiqatında Omicron BA.2-nin orijinal “Omikron” variantından qat-qat yoluxucu olduğunu bildirib. İlkin nəticələrə əsasən, BA.2 həm peyvənd olunmuş, həm də peyvənd olunmamış insanlarda ilk Omicron variantı olan BA.1-dən daha asan ötürülə bilər.
Lakin ekspertlər peyvənd olunanların bu virusa yoluxma riskinin daha az olduğu qənaətinə gəliblər. Peyvənd olunmayanların virusa sürətlə yoluxduğunu qeyd edən mütəxəssislər, üçüncü doza peyvəndi olanların bu təhlükədən daha uzaq olduqlarını qeyd etdilər.
“Omikron” BA.2-nin yaşından, cinsindən və peyvənd vəziyyətindən asılı olmayaraq sürətlə yayıldığını qeyd edən ekspertlər bildirib ki, virusa yoluxan şəxslərin böyük qismi qısa zamanda ətrafındakıları da yoluxdura bilər.
“Yoluxma faktı ailə üzvlərinin birində baş verdikdə, digər ailə üzvlərinə yoluxma nisbəti yüzdə 39 olur. Lakin “Omikron” ştamının ilkin versiyasında yoluxma nisbəti 29 faiz və daha az idi. BA.2-nin məktəb və uşaq bağçalarında peyvənd olunmamış uşaqlara yoluxma ehtimalı yüksəkdir”, – deyə o bildirdi.
Cari ilin 22 yanvarında Böyük Britaniyanın tibb orqanları ölkədə virusla bağlı təhlillərin ilkin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, daha da sürətlə yayılan koronavirusunun “omikron” ştamının BA.2 yeni alt növünü aşkar edilib, bu barədə krallığın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb. BA.2 orijinal “omikron”un 32 mutasiyasını bölüşür, eyni zamanda 28 fərqli mutasiyaya malikdir. Bu da onun daha təhlükəli olması gerçəyini ortaya qoyur.
Bildirilib ki, indiyədək ölkədə yeni ştamla 426 yoluxma halı qeydə alınıb ki, onlardan 146-sı Londonda, daha 97-si isə Cənub-Şərqi İngiltərə bölgəsindədir.
BA.2 subvariantına yoluxma dünyanın 40 ölkəsində müşahidə edilib. Hazırda ona yoluxanların ümumi sayı 8 mini ötüb.
BA.2-yə yoluxma halları Filippində də qeydə alınıb.Həmçinin Hindistan (530), İsveç (181) və Sinqapurda (127) da BA.2 daşıyıcıları müəyyən edilib. Fevralın 1-də Çexiyada ilk dəfə olaraq “omikron” ştamının BA.2 variantı aşkarlanıb, bu barədə ölkənin Dövlət Tibb İnstitutu məlumat yayıb.
Azərbaycanda “Omikron” ştamının alt versiyasına yoluxma statistikası barədə məlumat yayılmayıb. Bu ştama ilk yoluxma ötən ilin dekabrında ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-sində SARS-CoV-2 21K (“Omikron”) variantı aşkarlanıb. Bu şəxslər arasında ölüm halı qeydə alınmayıb.
Yaponiyanın Kyoto Tibb Universitetinin tədqiqatçıları Uhanda yayılan koronavirusun ilk ştamı ilə onun digər ştamları arasındakı fərqləri araşdırıblar. Məlum olub ki, virusun “Alpha”, “Beta”, “Delta” və “Omikron” ştamları plastik səthlərdə və dəridə “Uhan” ştamından daha çox yaşaya bilirlər.
Tədqiqatda “Uhan” ştamının plastik səthlərdə orta ömrü 56, “Alpha” variantının 191,3, “Beta” variantının 156,6, “Delta” variantının 114, “Omikron” variantının isə 193,5 saat olub.
İnsan dərisində isə “Uhan” ştamı 8,6 saat, “Alpha” ştamı 19,6, “Beta” ştamı 19,6, “Delta” ştamı 16,8, “Omikron” ştamı isə 21,1 saat mövcudluğunu qoruyub saxlayıb.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, “Alpha”, “Beta”, “Delta” və “Omikron” ştamları spirtə qarşı bir qədər müqavimət göstərsələr də, 35 faizlik spirt məhlulu ilə təmasda olduqdan sonra bütün ştamlar 15 saniyədən sonra tamamilə təsirsiz hala gəlib.
Rusiyalı infeksionist, tibb elmləri namizədi Andrey Pozdnyakov artıq yüksək temperaturun “Omikron”a yoluxanların ancaq yarısında müşahidə edidiyini açıqlayıb.
“Omikron”a yoluxmuş xəstələr əzələ ağrısı, iştahsızlıq və anosmiya (qoxu və dadın itirilməsi) kimi simptomlardan daha az şikayət etməyə başlayıblar. İnfeksionist deyib: “Yəni, əvvəlki ştamlar üçün xarakterik olan şey, ilk növbədə, anosmiya “Omikron”da olduqca nadirdir. “Delta” ilə müqayisədə, anosmiyalı insanların sayı səkkiz dəfə azalıb”. Andrey Pozdnyakov virusun kollektiv immun reaksiyasının hücumundan yayındığını və getdikcə daha çox adi respirator infeksiyaya çevrildiyini diqqətə çatdırıb: “Bir virus üçün bu, məcburi bir tədbirdir”, – deyə o bildirib.
Dünya ölkələrinin statistik məlumatlarına əsasən, virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ, Hindistan, Braziliya, Fransa və Böyük Britaniyadır. Lakin digər ölkələrdə də vəziyyət ürəkaçan deyil. Koronavirusun yeni ştamı olan “Omikron” meydana çıxandan sonra isə bir sıra ölkələrdə gündəlik yoluxma sayında rekord göstəricilər qeydə alınmaqda davam edir. anews.az