Hesablama Palatası tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin auditinin nəticələri açıqlanıb.
Hokm.az xəbər verir ki, kinonun normativ-hüquqi və iqtisadi bazasını təşkil edən aktların təkmilləşdirilməməsi və genişləndirilməməsi, o cümlədən 18 il əvvəl qəbul edilmiş qaydaların müasir tələblərə və çağırışlara cavab verməməsi artıq, eləcə də, bu sahədə çalışan yaradıcı heyətin tam əhatə olunmaması səbəbindən qaydalarda nəzərdə tutulmayan yaradıcı hallar üzrə qonorar ödənişlərinə səbəb olub.
Qeyd edilən sahə üzrə “dövlət sifarişi” anlayışının hüquqi aktlarda konkret təsbit olunmaması, eləcə də sifarişin çərçivəsinin və istiqamətlərinin müəyyənləşdirilməməsi bəzi hallarda vəsaitlərin təyinatının dəyişdirilməsinə, bir sıra hallarda isə filmlərin başa çatdırılmayaraq konservasiyası ilə nəticələnib, ssenarilərin və kino studiyaların müsabiqə çərçivəsində seçilməsi ilə bağlı meyarların müəyyənləşdirilməməsi, komissiyanın fəaliyyətinin tənzimlənməsi ilə bağlı hər hansı bir qaydaların və ya hüquqi aktların mövcud olmaması son nəticədə vəsaitlərin “Kinematoqrafiya haqqında” qanuna əsasən kinematoqrafiyaya dövlət himayəsinin əsas formalarının, xüsusilə dövlət sifarişi əsasında çəkilən filmlərin istehsalının, yayımının və onların beynəlxalq kinofestivallarda iştirakının, kinosalnamə çəkilişinin və dövlət film fondunun maliyyələşdirilməsi ilə bağlı istiqamətlərin tam əhatə olunmaması ilə nəticələnir.
Dövlət sifarişi ilə çəkilən filmlərin seçilmə meyarlarının müəyyən olunmaması və dövlət sifarişi ilə hazırlanan filmlərin smeta xərclərinin siyahısının təsdiq edilməməsi, habelə birgə (müştərək) film istehsalının və ümumiyyətlə kino iqtisadiyyatının tənzimlənməsi barədə normativ sənədlərin olmaması büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın və hesabatlılığın təmin edilməsinə, xərclərin uçotunun düzgün qurulmasına imkan verməyib, filmlərin çəkilişi ilə bağlı ayrılmış vəsaitlər üzərində hesabatlılığın və inzibatçılığın müəyyən edilməməsi səbəbindən bu vəsaitlərin studiyalar tərəfindən təyinatının dəyişdirilməsi, ümumiyyətlə, təsdiqedici sənədlərin təqdim olunmaması kimi halların yaranmasına da səbəb olub.