Dövlət Məşğulluq Agentliyi ilə Fonibo MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıbbackend

Dövlət Məşğulluq Agentliyi ilə Fonibo MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Fonibo MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən 20 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsin məşğulluğu təmin ediləcək.

İlk növbədə layihədən yararlanmaq istəyən şəxslərin online qeydiyyatı aparılacaq, seçim mərhələsindən sonra uyğun namizədlər “çatdırılma xidməti” zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımı avadanlıqlarla təmin ediləcək və Fonibo şirkəti tərəfindən işə götürüləcək.

Həmçinin layihə çərçivəsində uyğun namizədlərə Fonibo şirkəti tərəfindən təlimlər keçiriləcək, lazımı geyim və çanta təqdim ediləcək.

Qeyd edək ki, memoranduma əsasən Agentlik tərəfindən peşə hazırlığına cəlb olunan şəxslərin müvafiq işlə təmin olunmasına və həmin şəxslərin bilik və bacarıqlarının artırılması məqsədi ilə iş yerlərində istehsalat təcrübəsi keçmələrinə də Fonibo tərəfindən zəruri köməklik göstəriləcək.

Layihənin icrası zamanı şəhid ailəsi üzvlərinə, Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə üstünlük veriləcək.

Layihədən yararlanmaq istəyən işsiz şəxslər qeyd edilən linkə daxil olaraq “Layihələr üzrə müraciət forması”nı doldurmaqla qeydiyyatdan keçə bilərlər

https://forms.gle/6KZ8wAwjBuNHddR6A

Qeyd edək ki, layihəyə son müraciət tarixi 15 aprel 2021-ci il müəyyən edilib.

  •  (3)
  •  (1)