Dövlət hər bir vətəndaşa qeyri-şərtsiz baza gəliri ödəməlidir
Qeyri-Şərtsiz Baza Gəliri konsepsiyası.
Pandemiyadan sonra başqa dünya düzəni olacaq – son zamanlar ən çox eşitdiyimiz fikirlərdən biri budur. Söhbət tək pandemiyanın gətirdiyi davranış qaydalarının, istehlak toplumu konsepsiyasının dəyişməsindən getmir, əslində koronavirusdan da öncə Dünya ciddi dəyişikliklərə hamilə idi. Robotlaşma, 5G texnologiyalarının rədbiqi, süni intelekt, 4.0 sənayeyə, alternativ enerjiyə keçid – bütün bunlar son 10 ilin ən çox müzakirə edilən məsələləridir. Sadəcə bizim məmləkət həmişə dünyada gedən proseslərdən kənarda qalıb – sistem problemi, elmi bazanın zəifliyi, resurs lənəti, hökumətin “vizioner” olmamağı bizi həmişə trendlərdən kənarda qoyub.
Hələ ötən əsrin 80-ci illərində Philippe Van Parijs adlı alim BİEN (Basic Income Earth Network) adlı konsepsiya təqdim etdi, o zaman bu ciddi müzakirələrə səbəb olmadı. Tezisiz məğzi o idi ki, dünyada robotlaşma sürətlə gedəcək, yeni texnologiyalar insan əməyini əvəz edəcək, çoxlu sayda işsiz insanlar ordusu yaranacaq və məhz buna görə dövlətlər hər bir vətəndaşa qeyri-şərtsiz baza gəliri ödəməlidir. Bu vəsait həm istehlakı canlı tutmağa, həm vətəndaşların maddi durumunun yaxşılaşmasına kömək olacaq, həm də sosial problemləri həll edəcək. İlk baza gəliri hamıya ödənildikdən sonra kim istəsə daha çox qazanmaq üçün çalışacaq, daha yaxşı yaşamaq üçün əmək və bilik sərf edəcək.
Son 10 ildə bu konsepsiya ciddi müzakirələrə, hətta paradiqmanın dəyişməsinə səbəb olub – əvvəl deyilirdi ki, məhz texniki mütəxəssislərə (mühəndis, proqramçı) davamlı olaraq tələbat artacaq (belə də oldu), amma indi paraqdiqma dəyişir – humanitar peşələrə tələbin artacağı deyilir. Yəni, sənətə, elmə, sosial-psixologiyaya, şür yazmağa, mahnı bəstələməyə, teatra, kinoya, bədii ədəbiyyata, şou-biznesə, idmana təlabat artır-artacaq. Çünki, robotların, süni intellektin ruhu yoxdur, mədəniyyət isə ruh məsələsidir, riyazi formulla olmur.
Yaxın illərdə Finlandiya eksperiment üçün bütün vətəndaşlarına birdəfəlik olaraq 800 avroya yaxın vəsait payladı, sonra bu ciddi müzakirələrə səbəb oldu deyə, hələlik eksperimenti saxladılar. Sonra İsveçrədə hər bir vətəndaşa hər ay 2200 dollar paylamaq məsələsi gündəmə gəldi, referenduma getdilər, 56% əhali bunun əlehinə səs verdi, havayı pul almaqdan imtina etdilər.
Yənİ, belə eksperimentlər həmişə olub, bu gün pandemiya dövründə yenidən bir çox ölkələr vətəndaşlarına pul paylayırlar və “Basic Income” məsələsi yenidən aktullaşır. Əslində o pul əhalinin ilkin tələblərini ödəyir, məqsəd həm də biznesə dəstəkdir – istehlak canlanır = tələb artır = istehsal artır = biznes inkişaf edir = ölkə iqtisadiyyatı işə düşür = vergilərdən daxilolmalar yüksəlir = deməli əhaliyə daha çox ilkin baza gəliri ödəməyə imkanlar artır…
(Əgər sizə maraqlı gəldisə ardını yazım, məncə Dünya maraqlı bir dönəmə girir, futbol izləməkdən tutun da, konsertə baxmağa, muzeyə getməyə, iş yeri (ofis) konsepdiyası qədər hər şey dəyişir-dəyişəcək)…
Natiq Cəfərli
İqtisadçı