Bir çox komediya filmlərinin prodüseri hesab edir ki, kino haqqında qanun yenidən işlənilməlidir.
Müstəqillik illərində milli kino ənənələrinin qorunması və Azərbaycan kinematoqrafiyasının yeni şəraitdə fəaliyyət göstərə bilməsi istiqamətində mühüm addımlar atılıb. Belə ki, “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” kino tariximiz üçün əhəmiyyəti baxımından ilk genişmiqyaslı mühüm sənəddir.
Hər il dövlət başçısı kinonun inkişafı üçün milyonlarla vəsait ayırır. Di gəl ki, bu sahədə problemlər bitmir ki, bitmir. Necə deyərlər, “köhnə hamam, köhnə tas”.
Bəs bu problemləri aradan qaldırmaq üçün daha hansı addımlar atılmalıdır? Nə etmək lazımdır ki, dövlət hesabına çəkilmiş filmləri rəflərdə toz basmasın, onlara bütün dünya tamaşa etsin. Həm filmlərimiz tanınsın, həm də kinematoqrafçılarımız bundan gəlir əldə edə bilsinlər.
“O2 Media” şirkətinin direktoru, tanınmış kinoprodüser, rejissor, ssenarist Orxan Mərdanla bu suallara cavab tapmağa çalışdıq.
Teatrla kino arasında fərqlərdən danışan prodüser bildirir ki, teatrlar dövlətindir və onları xalqın istəyi maraqlandırmır:
“Mənim anam teatr sevən insandır, amma daha teatra getmək istəmir. Çünki, köhnə tamaşalar nümayiş olunur. Amma kino belədir ki, rejissor tamaşaçını düşünmək məcburiyyətindədir”.
Həmsöhbətimiz bildirir ki, Azərbaycanda müstəllik dövründən əvvəl kino siyasəti var idi. Bu, Azərbaycanda siyasi, milli-mənəvi, mental dəyərlərin aşılanması üçün hesablanmış proqram idi. Azərbaycanda kinoya yanaşma 30 il əvvəlki fikirləşilmiş konseptdir:
“Kino sahəsini da verdilər Sovet mentalitetindən çıxmış, Sovet psixologiyalı, hətta yeni, müstəqil olduğumuz dövrdə də “müstəqil olaq-olmayaq” kimi qarışıq fikirləri olan adamlara. Onlara milyonlarla vəsait də verdilər. O vaxt dünyanın tendensiyası başqa idi. Ən acınacaqlısı odur ki, həmin insanlar yerli kinoteatrları satıb talan etdilər. Yerində də restoran tikdilər”.
Müsahibimiz bildirir ki, kino haqqında qanun dəyişmədikcə, heç nə deyişməyəcək:
“Biz hər il deyirik ki, dövlət Mədəniyyət Nazirliyinə pul ayırır, nazirlik film çəkir, sonra da onları rəflərdə saxlayır. O filmləri harada nümayiş etdirsinlər? Axı filmlərin nümayiş olunacağı yerləri özəlləşdiriblər? Rüfət Həsənovun yerinə kimi də qoysaq, vəziyyət eyni olacaq. Azərbaycanda həm komediya, həm də dram janrında bölgələrdə və paytaxtda satış strategiyasından tutmuş gəlir statiskasına qədər hər şeyi bilən tək şəxs mənəm. Yəni, biz bir zamanlar komediyadan əldə etdiyimiz gəlirin də şahidi olduq, dramın da. Əlimdə olan statiskanı və dövlətin kino siyasətini müqayisə edəndə görürəm ki, Azərbaycan artıq 30 illik köhnə qanunu ləğv etmək məcburiyyətindədir”.
Ötən ay Qazaxstanın Almatı şəhərində “KinoPark” kinoteatrlar şəbəkəsinin Esentai Mall-da yerləşən zalında Orxan Mərdanın və Taleh Yüzbəyovun rejissorluğu ilə ərsəyə gələn “Zəhər tuluğu” filminin Qala gecəsi keçirilib.
Orxan Mərdanın fikrincə, dövlətimiz Qazaxıstanın təcrübəsindən istifadə etsə, bu sahənin inkişafına zəmin yaradabilər:
“Məsələn, Qazaxıstan Mədəniyyət nazirliyinin film büdcəsi var. Həmin büdcə ilə qazax xalqının tarixinə, adət-ənələrinə aid filmlər çəkilir. Bundan başqa, orada qazax filminin inkişafı naminə vergi güzəştləri tətbiq edir, kinoteatrların inkşafı üçün şərait yaradır. Bu gün Qazaxıstanda bir şəbəkənin 450 ekranı var. Qazaxıstan böyük ölkədir, onu anlayıram. Demirəm bizdə də o qədər olsun. Heç olmasa bizdə 200 ekran olsun. Sözümün canı odur ki, marketinq olmasa, dövlət nə qədər də pul ayırsa, xeyiri olmayacaq”.
Qeyd edək ki, ötən ay Hesablama Palatası tərəfindən kino sahəsinə ayrılan vəsaitin yarıbayarı azaldılmasını təklif edilmişdi.
Prodüserin zənnincə, Azərbaycan kinosu haqqında qanun yenidən işlənilməlidir:
“Bu qanun cild-cild kitablardan ibarət olmamalıdır. Kinonun inkişafını stimullaşdırmaq üçün 5-6 maddə kifayət edir:
“Parlamentdə müzakirə olunsun, Vergilər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə təqdim olunsun, bu məsələ kökündən həll olunsun. Dövlət istehsal, istehlak və idxalla bağlı bizə güzəşt tətbiq etsin. Bu gün bir kino avadanlğının gömrük rüsumu həmin avadanlığın özünün qiymətinə tən başa gəlir. Kino avadanlıqları özləri bahadır, gömrük rüsumu da gələndə qiymət kəllə-çarxa çıxır”.
Bu yaxınlarda Kino Agentliyinin yaradılması ilə bağlı sərəncamla Prezident kinematoqrafçılara növbəti şans verdi. Digər kinematoqrafçılardan fərqli olaraq, Orxan Mərdan vəziyyətin düzələcəyinə ümidli deyil:
“Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənovdan tez-tez soruşurlar ki, dövlət büdcəsi hesabına çəkilmiş filmlər hanı? Xüsusi ilə də Vahid Mustafayevin çəkdiyi “Həyat, deyəsən gözəldir” filmini soruşurlar. Amma heç kəs gedib Mustafayevdən soruşmur ki, “film hanı?” Vaqif Mustafayev deyirsə ki, “dövlət büdcəsi ilə film çəkirəm”. Kim ona etiraz edə bilər? – Heç kim. Heç onun ssenarisinə də baxmayacaqlar. Vaqif Mustafayevin “Space” kanalında yaratdığı total vəziyyətdən hər kəs xəbərdar idi. Kimsə nəsə deyə bildi? -Yox! Eləcə də Oqtay Mirqasımov ssenarisini təqdim etsə, film çəkmək istəsə, heç kəs dinə bilməyəcək. Asif Rüstəmovdan, Fariz Əhmədovdan istəyə biləcəklər. Amma adını çəkdiyim rejissorlardan tələb etməyə heç kimin cürəti çatmaz. Dövlət filmin üzərindən əlini çəksə, o ağsaqqalar sakitləşəcək. Dövlət pul ayırır, bütün rejissorlar da tökülüşürlər Həsənovun üstünə ki, bizə də o büdcədən pul ayrılsın. Onların hamsını razı sala bilməzsən. Prezident Kino agentliyinin yaradılması ilə bağlı sərəncam imzaladı. Ümid edirlər ki, bundan sonra hər şey düzələcək. Düzəlməyəcək!”
Kino adamının fikrincə, ölkədə işləyən, sənətinə sidqi-ürəkdən bağlı olan hər kəs yaxşı qazana bilər. Rejissor əlavə edir ki, indiki gənc rejissorların əksəriyyəti bir film çəkirlər, ən böyük arzuları da ildə bir gün – 2 avqust Milli kino günündə filmlərinin nümayişidir.
“Ümid edirlər ki, bəlkə dövlət bundan sonra təqaüd ayırar. Amma müasir dünya onu tələb etmir. Müasir dünya işləməyi tələb edir. Mən sutkada 4 saat yatıram. Bütün sahələrdə işləmişəm. Buna məni heç kim məcbur etmir. Mən rejissorlara deyirəm ki, siz gedib hansısa marketdən alış-veriş edəndə pul ödəməlisiniz. Deyə bilməzsiniz ki, “mən yaxşı rejissoram”. Mən BDU-nun tarix fakültəsini bitirmişəm. Mən film çəkməsəm, heç kəs məni qınaya bilməz. Amma illərlə bu sahədə olan adamın film çəkməməsi, bu sahədən pul qazana bilməməsi qəbahətdir”.
“Hilal Baydarovun, Rüfət Həsənovun, Elçin Musaoğlunun və digər rejissorların gedib dünya miqyaslı festivalda mükafat qazanması Azərbaycan kinosunun inkişafı demək deyil. O festivallar həmin rejissorların bacarığı sayəsində baş tutub”, – deyə O.Mərdan bildirir.
Orxan Mərdan hesab edir ki, kinonun inkişafı üçün bir fond yaradılsa, həmin fond kinonun inkişafına zəmin yarada bilər:
“Fondun özünün hüquqi tələbləri olmalıdır. Rejissor həmin tələblərə cavab verərsə, filminə pul ayrıla bilər. Fond həmin maliyyəni kredit şəklində ödəyə bilər. Rejissor özünə güvənirsə, oradan pul qazana bilər. Fond yaradılsa, “kino çəkməyə pul yoxdur” deyən rejissorların bəhanəsi bitəcək”.
Prodüser hesab edir ki, kino ilə bağlı vergi məcəlləsində də dəyişiklik edliməlidir:
“Tutaq ki, mən xaricə film çıxarıram, xaricdən mənə pul gələcək. Mən film istehsal etmişəm, 300 min pul xərcləmişəm. Gələn il 600 min qazanacağam. Mən bunu vergi müfəttişinə başa sala bilmirəm ki, mən bu filmi iyunda başlamışam, pulu gələn il qazanacağam. Başa sala bilmirsən ki, “ay müəllim, filmin fəsil anlayışı var, bunun post-prodakşn dövrü var, kinoteatrda satış dönəmi anlayışı var”.
\Sputnik Azərbaycan