Yaxın günlərdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı daha bir nəhəng, eyni zamanda çox gözəl xarici görünüşə malik təyyarəni – Etihad Airways aviaşirkətinə məxsus Boeing 787-9 “Dreamliner” təyyarəsini qonaq etdi.
Əvvəlcə ondan başlayım ki, bu dəfə EY-298 saylı uçuşla Bakı – Abu-Dabi reysini yerinə yetirən təyyarənin digərindən (29 noyabr. EY-297 saylı uçuşla Abu-Dabi – Bakı) fərqi liveriyasında (təyyarənin gövdəsində olan xüsusi dizayn) idi. “Choose İtaly” liveriyalı təyyarə günorta radələrində hava limanına endi və dərhal geri uçuş üçün hazırlıqlara başlandı. Bu arada biz də təyyarənin fotolarını çəkməyə və bu gözəllik haqqında maraqlı məlumatlar öyrənməyə başladıq.
Təyyarənin personalı bizi gülərüz qarşıladı, hətta kokpitdə (pilot kabinası) çəkilişə də icazə verdilər. Onu nəzərinizə çatdırım ki, təyyarə iki siniflidir – biznes və ekonom. Biznes sinifin sərnişin tutumu 28, ekonom sinifin sərnişin tutumu isə 299 nəfərdir (271 ağıllı oturacaq).
Biznes sinifdə hər sərnişin üçün xüsusi studio ayrılıb. Burada aviaşirkətin uçuş zamanı lazım ola biləcək əşyaları, tam açıla bilən və yatağa çevrilən oturacaq, ağıllı televizor eyni zamanda istəklərinizi (işıq, oturacağın funksiyaları, stüardessanı çağırmaq üçün zəng və s.) texnoloji sistemlərlə həyata keçirəcək sensor pult yerləşdirilib.
Ekonom sinif 3 sıradan ibarətdir. Oturacaqlar kifayət qədər rahatdır və hər sərnişinin qarşısında ağıllı televizorlar yerləşdirilib. Bununla yanaşı bütün sərnişinlər üçün USB yuvaları da quraşdırılıb. Hər bir halda səyahət zamanı ayaqlarınızı rahat yerləşdirə bilirsiniz. Ekonom sinifin ilk sıra oturacaqları isə təbii ki, daha rahat və genişdir.
Boeing 787-9 “Dreamliner” təyyarəsi haqqında ümumi məlumat isə belədir:
Təyyarənin boş ağırlığı 115.2 tondur. Etibarlı yol yoldaşı olan Boeing 787-9 14,800 – 15,750 km məsafəni qət edə bilir. Nəhəng benzin çəninin tutumu 138,700 litrdir. Onu da qeyd edək ki, bu təyyarələr maksimum 13,100 metr yüksələ bilir.
Təyyarə ilə səyahət etmədiyimiz üçün təəssüf ki, uçuş zamanı baş verən proseslər haqqında məlumat verə bilməyəcəm.



















