Diplomatiya haqqında danışarkən, ilk növbədə, xalqımızın bir nömrəli diplomatı Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün daxili və regional xaosa əvvəlcə diplomatik məharəti ilə, vaxtilə imperiyanın rəhbərlərindən biri kimi malik olduğu dünyəvi əlaqələri ölkəmizin iqtisadi-siyasi və hərbi izolyasiyadan çıxmasına yönəltməklə qalib gəldiyini xüsusi qeyd etməliyik.
Hokm.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
“Prezident İlham Əliyevin 20 illik strateji xətti qlobal mənada Azərbaycanın dostları və müttəfiqlərini artırmaqla savaşı əvvəlcə siyasi, mənəvi və hüquqi qazanıb daha sonra hərbi meydanda rəsmiləşdirməyi bacarmasıdır. Ona görə də 44 günlük müharibə bütün istiqamətlərdə dövlətimizin qalibiyyətini təmin etdiyi üçün, bir həqiqəti təsdiqlədi-savaş yalnız bir meydanda aparıla bilməz. Bütün səngərlər vahid məqsədə xidmət edəndə-hamısı döyüş meydanı əhəmiyyəti daşıyır.
Yeni qanun layihəsi Qələbəmizin nəticəsidir. Vyana Konvensiyasına görə xaricdə səfirlik və diplomatik korpuslar onu açan ölkənin ərazisinin bir parçası sayılırsa, indi könül və siyasi coğrafiyamızın genişlənməsi imkan verir ki, 80-dən artıq ölkədə daha yeni çağırışlarla müttəfiqlərimizin sayını artıraq, dünyadakı mövqeyimizi gücləndirək və Zəfərimizi daha qətiyyətlə qoruyaq.
Digər tərəfdən, 10 noyabr razılaşması göstərdi ki, biz bir çox dövlətlərin tarixində olduğu kimi hərbi meydanda qazandığımız qələbəni diplomatik masada nəinki itirmədik, əksinə daha da böyütdük, miqyasını genişləndirdik və sonrakı uğurlarımızın əsasına çevirdik. Azərbaycanın keçmişində onun taleyini həll edən müxtəlif müqavilələr-Kürəkçaydan Qars anlaşmasına qədər hər birinin müxtəlif kontekstlərini və məziyyətlərini dəyərləndirə bilərik, lakin indi açılan yeni üfüqlər diplomatik savaşda peşəkar xüsusi təyinatlı qüvvələrimizin korpusunu yaardıb və bizim taleyimizi başqaları həll etmir. Ona görə hərbi diplomatiya Ali Baş Komandanın hazırki dövlət kursunun nüvəsini təşkil edir. Qalib orduya söykənən diplomatiya mümkün olmayan istənilən nəticəni qazanmağa imkan verir.
Ona görə də Kəlbəcər, Laçın, Ağdam və Qarabağ ərazisindən 300 km məsafədə 4 kəndin azad olunması hərbi diplomatiyamızın parlaq nümunəsidir.
İndi sülh danışqılarında, delimitiasiya prosesində və dünyadakı ədliyyə, hüquq və məhkəmə orqanlarına sızan ermənilərin hərbi meydanda məğlub olub diplomatik cəbhəyə daşıdıqları mübarizədə maraqlarımızı qorumaqdır. Biz “kiçik dövlət, qlobal millətik” deyən ermənilər mübarizənin müstəvini dəyişiblər. Ona görə də yeni layihə, bütün hüquqi-sosial, təşkilati və digər məsələləri həll etdiyi üçün diplomatik korpus xarici siyasətimzi daha aktiv yerinə yetirəcəyinə dərindən inanırıq”,-o deyib.
Komitə sdri vurğulayıb ki, diplomatların satın alınması praktikası xüsusilə Qərb cəbhəsində ölkəmizin təmsilçiləri üzərində mühüm kəşfiyyat mərkəzlərinin xüsusi əməliyyatlarının getdiyini göstərir:
“Unutmayaq ki, dövlətlərə hücumlar həm də səfirlik və konsulluq xidmətində çalışanların müxtəlif casusluq fəaliyyətlərinə cəlb edilməsi ilə baş verir. Diplomatların satın alınması praktikası göstərir ki, xüsusilə Qərb cəbhəsində ölkəmizin təmsilçiləri üzərində mühüm kəşfiyyat mərkəzlərinin xüsusi əməliyyatları gedir. Lakin Yalnız Avropa Birliyi yanında nümayəndələrin 2015-ci ildə Avropa oyunları ərəfəsində satın alınması nəzərə alınmasa, diplomatik qüvvələrimizin milli və dövləti mənafelərə sədaqətli, yüksək mənəvi və əxlaqi dəyərlərin daşıyıcısı olması Diplomatiya Ali Komandanımızın etimadının doğrulduğunu deməyə imkan verir.
Milli kadr bazasını gücləndirmək üçün də yeni hüquqi akta ehtiyac böyük idi və parlament indiki layihəni qəbul etməklə dövlətimizin dünyadakı rolunu, mövqeyini gücləndirəcəkdir”.