Artıq Ramazan ayı başlayır və üçüncü mövsümdür ki, orucluq pandemiya dövrünə təsadüf edir. Odur ki, bu müqəddəs ayda oruc tutanlar həm də səhhətinə diqqət yetirməlidirlər. Bəs, dietoloqlar oruc olanlara nələr tövsiyə edir? Hansı xroniki xəstəliklərdən əziyyət çəkənlərə oruc tutmaq məsləhət görülmür? Oruc olmaq arıqlamaq, artıq çəkidən azad olmaq üçün çıxış yoludurmu? Bu və digər suallarımızı tanınmış dietoloq Nərminə Mahmudova cavablandırıb:
Nərmin xanım, ilk növbədə imsakda hansı yeməklərə üstünlük vermək lazımdır? Nələr ağırlıq yaratmır və insanı həm də tox saxlayır?
– Əvvəla, imsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verməyi tövsiyə edirəm. Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Yəni tərkibində yumurta olan səhər yeməyinə qatıq, yulaf və çia toxumu əlavə edilərsə, toxluq hissi daha uzunmüddətli ola bilər. Bundan əlavə, bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq, köpün qarşısını almaq üçün qatıq istehlakı artırılmalı və ən əsası meyvə-tərəvəzə üstünlük verilməlidir.
Bəs, obaşdana duranlar maye olaraq daha çox nələri qəbul etməlidir?
– Təbii ki, maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsullar da bağırsaqların fəaliyyətinə müsbət təsir edir.
Ümumiyyətlə, Ramazan ayında düzgün qidalanma qaydalarına daha çox diqqət etmək lazımdır. Üstəlik, yaz fəslinə təsadüf etdiyi üçün oruc tutanlar susuzluğu daha çox hiss edirlər. Ona görə imsak və iftarda tərkibində daha çox maye olan qidalar qəbul edilməlidir. Çünki orqanizmin ehtiyacı olan vitaminlərin, mineralların yetərli miqdarda qəbulu çox mühümdür.
Hətta bəzən belə fikirlər səslənir ki, oruc tutmaq orqanizmdə mübadiləni bərpa edir, uzunömürlüyə təkan verir. Dietoloqların bu yöndə tövsiyəsi nələrdir?
– Bəli, orucun orqanizmi bərpa etməsi və hətta ömrü uzatmasıyla bağlı ümidverici sübutlar var. Ancaq orucluq başlamamışdan 10 gün əvvəl fasiləli oruc tutmaqla orqanizminizi buna hazırlaya bilərsiniz, o zaman adaptasiya prosesi daha rahat keçir.
Fasiləli oruc günün son yeməyilə növbəti günün ilk yeməyi arasında uzun bir fasilə verməklə, gün ərzində daha tez-tez yeməyi nəzərdə tutan vaxt məhdudiyyətli pəhriz növüdür. Bu pəhriz zamanı günün 8 saatı ərzində yeyib sonrakı 16 saatda fasilə vermək lazımdır.
Bəzi hallarda arıqlamaq və oruc tutmağa hazırlıq üçün zaman məhdudiyyətli qidalanma üsulundan istifadə olunur. Oruc sağlamlığa potensial faydaları baxımından çox maraq doğuran autofagiya prosesini işə salır. Əgər bu proses dayanarsa, pozularsa insan vaxtından əvvəl qocalar, intoksikasiya baş verər, orqanizm öz-özünü zəhərləyər, müxtəlif xəstəliklər sürətlə yaranar.
Nərmin xanım, bəs, imsak açmadan oruc tutmağın fəsadlari nələr ola bilər? Çünki bir çox insanlar var ki, açmır, iftara qədər ac-susuz olurlar. Bu, orqanizmə zərərdirmi?
– Nəinki Ramazan ayının imsakında, adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Xüsusilə xəstəliklərin tüğyan etdiyi zamanda immun sisteminin zəifləməməsi üçün imsakda qidalanmaya diqqət etmək lazımdır. Əksər insanlar imsak zamanı yeməkdən imtina edirlər. Lakin gün ərzində suya və qidaya olan tələbatı ödəmək üçün imsakda mütləq yemək lazımdır. Bu, oruc vaxtı sizi yorğunluq və halsızlıqdan qoruyar.
Dr. Nərminə Mahmudova ilə əlaqə:
Ünvan: Nərimanov ray., Mirzəbala Məmmədzadə küç.8A
Telefon: (+994) 55 469 00 38