Son günlər məktəblərdə baş verən neqativ hadisələr hər kəsi məyus etməklə yanaşı, cəmiyyətdə haqlı narazılığa səbəb olur. Problemlərin həlli üçün müxtəlif təkliflər səsləndirilir. Bunlardan biri də bütün məktəblərin valideynlərin izləmək imkanına malik olan kameralar ilə təchiz etməkdir.
Bəs, kameraların quraşdırılması problemin həll yoludurmu? Bu, nə dərəcədə effektiv üsul sayılır?
Hokm.az xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-ın suallarını təhsil eksperti Nadir İsrafilov cavablandırıb. O bildirib ki, məktəblərdə kameraların quraşdırılmasının əleyhinədir:
“Əvvəla bu özü xeyli vəsait tələb edən bir məsələdir. O vəsaiti daha faydalı və səmərəli işlərə xərcləyə bilərik. Digər tərəfdən neqativ hadisələrin çoxu kameraların olduğu məktəblərdə baş verir. Dərs prosesini kamera ilə izləmək, güdmək, müəllimin şəxsiyyətinə qarşı hörmətsizlikdir. Müəllim dərsin sahibidir, onu izləmək və buna əsasən nəticə çıxarmaq yersizdir. Ümumiyətlə, məktəbdə kameralaşdırma, video çəkilişlər bizə faydadan çox zərər gətirir. Bunun üçün başqa metodlar var. Müəllimin dərsində iştirak etmək, açıq dərslər təşkil etməklə müəllimin təcrübəsini öyrənmək olar. Amma kameralar vasitəsilə dərsi izləmək müəllimə qarşı inamsızlıqdır. Hansısa müəllimi cəzalandırmaq çıxış yolu deyil. Bu hadisələrlə bağlı kifayət qədər cəza alan müəllim olub. Töhmət alan, vəzifəsini itirənlər də çox olub. Lakin təhsilin idarə olunması deyilən bir anlayış var. Təhsil idarə olunmalıdır. İdarəetmənin də dörd əsas forması var. Planlaşdırma, təşkil etmə, rəhbərlik və nəzarət. Son vaxtlar buraya tənzimlənmə və əlaqələndirmə də əlavə olunub. Yəni məktəb 6 formada idarə olunur. Lakin biz bu məsələləri lazımi qaydada planlaşdırırıqmı və ya planlaşdırılan işləri lazımi səviyyədə təşkil edirikmi? Təşkil olunan işlərə rəhbərlik nə dərəcədə həyata keçirilir. Buna nəzarət mexanizmi nə dərəcədə effekt verir. Yəni ən əsas məsələ idarəetmədə olan boşluqlardır. Ona görə də bu boşluqlar aradan qaldırılmalıdır. Cəmiyyət inkişaf etdikcə təhsil də inkişaf edir. Təhsilə yanaşma tərzi və baxış da dəyişməlidir”.
Ekspert qeyd edib ki, təhsil haqda qanunvericilikdə, şagirdin, valideynin, müəllimin hüquq və vəzifələri ayrılıqda qeyd olunub. Lakin bu maddələr bir az mücərrəd xarakter daşıyır:
“Qanunvericiliyimizdə konkretlik yoxdur. Bəzi maddələrin işlək mexanizmi yoxdur. Ona görə də bu kimi hallar baş verir. Artıq Təhsil Nazirliyi bununla bağlı hərəkətə keçib. Müəllim-şagird münasibətləri ilə bağlı yeni qaydalar hazırlanır. Məktəblilərin psixoloji pasportunun hazırlanması məsələsi gündəmə gəlib. Məktəbə telefonla gəlməklə bağlı qaydalar işləniləcək. On illərdir bu məsələ müzakirə obyektindədir. Nəyə görə biz hansısa idarəyə, təşkilata gedəndə telefona qadağa qoyulur, amma şagird sərbəst şəkildə məktəbə telefonla daxil ola bilir. Telefon çəkiliş üçün deyil. Əksinə uşaqların dərsdən fikirlərini yayındırır. Bəzi məktəblərdə şagirdlər məktəbə daxil olanda giriş qapısında telefonlar yığışdırılır, dərsdən çxıanda geri qaytarılır. Lakin cəmi 5-6 məkəbdə bu qayda tətbiq olunur. Əslində bu bütün respublika məktəblərinə şamil oluna bilər. Ona görə də hesab edirəm ki, cəzalandırma çıxış yolu deyil. Hər hansı bir hadisə, fakt öz qiymətini almalıdır. Kimsə düşünür ki, müəllimə töhmət vermək olmaz. Niyə? Hamı kimi müəllimin də qanunvericilik qarşısında məsuliyyəti var. Lakin bəzi məsələləri belə ictimailəşdirmək, böyütmək, müəllimlərin üstünə bu formada getmək düzgün deyil. Təhsilə dair dövlət strategiyasında müəllimin nüfuzunun qaldırılması məsələsi qoyulub. Hansısa müəllimin rüşvət almasını, şagirdə fiziki zorakılıq tətbiq etməsini hamıya aid etmək, ümumiləşdirmək olmaz. Bu kimi ümumiləşdirmələr müəllimin də, məktəbin də, cəmiyyətin də nüfuzunu aşağı salır”.
N.İsrafilov əlavə edib ki, buna görə də təhsil qanunvericiliyinə dəyişikliklər edilməlidir:
“Vaxtilə biz məktəbi məbədgah, müəllimi ən müqəddəs şəxs hesab edirdik. İndi isə vəziyyət dəyişib. Ona görə də bəzi məsələlər ictimailəşdirilərkən ümumiləşdirmə aparmaq olmaz. Hansısa hadisəyə hüquqi qiymət verilmədən ümumi nəticəyə gələ bilmərik. Qanunvericiliyimizə bəzi dəyişikliklər edilməli, işlək mexanizmlər yaradılmalıdır. Elə qanunlar var ki, onun maddələri söz yığını kimi sənəddə qalıb. Hesab edirəm ki, təhsil qanunvericiliyində konkret məsələlər öz əksini tapmalıdır”.