16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri Gülpəri Bayramova seçicilərlə görüşlərini davam etdirir.
Deputatlığa namizəd bu Yasamal parkında olub və seçicilərlə görüşüb. Deputatlığa namizəd seçki platforması və deputat seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində seçicilərinə məlumat verib. O qeyd edib ki, ilk dəfədir ki, parlament seçkilərinə namizəd olaraq qatılır: “Mən özüm də bu dairənin ərazisində yaşayıram. Dairənin seçiciləri ilə doğma münasibətlərimiz formalaşıb. Çox qürurverici haldır ki, ağsaqqalarımız, ziyalılarımız da bizi dəstəkləyir. Bu, bizim üçün böyük şərəfdir” – deputatlığa namizəd deyib.
Gülpəri Bayramovaya uğurlar arzu edən seçicilər seçkilərdə iştirak edəcəyini və Gülpəri Bayramovanı dəstəkləyəcəyini bildiriblər.
Xatırladaq ki, 29 yaşlı deputatlığa namizəd Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədridir. Rəhbəri olduğu qurumda ölkəmizin nüfuzlu iş adamları və 100-dən artıq şirkət kollektiv şəkildə təmsil olunur. Əsas fəaliyyət istiqaməti “Made in Azerbaijan” brendinin təşviqi olan BPC azərbaycanlı sahibkarların Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Çin və digər ölkələrə səfərlərini təşkil edərək, biznes tərəfdaşları ilə anlaşma müqavilələri imzalamasına nail olub. Səudiyyə Ərəbistanının, Küveytin, İordaniyanın, Meksikanın, İraqın və Qətərin Azərbaycandakı diplomatik korpuslarında səfirlərlə azərbaycanlı sahibkarların görüşünü təşkil edib.
Azərbaycanın dövlət qurumları, vətəndaş cəmiyyəti insitutları, biznes təşkilatları və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında fəaliyyət göstərən Gülpəri Bayramova Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə “İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilib. Mükafat mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və yüksək rütbəli dövlət rəsmiləri iştirak edib.
“Made in Azerbaijan” brendinin təşviqindəki xidmətlərinə görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Kənd təsərrüfatı eksperti olaraq aqrar sektorun inkişafı ilə bağlı mətbuatda yüzlərlə məqaləsi dərc olunub. Kənd təsərrüfatı naziri və nazirlik rəsmiləri ilə görüşündə səmərələşdirici təkliflərini təqdim edib.