Deputatdan ağır ittihamlar və ona qarşı “səfərbərlik” – Hüquqi və mənəvi böhranbackend

Deputatdan ağır ittihamlar və ona qarşı “səfərbərlik” – Hüquqi və mənəvi böhran

Professor: “Cavanşir Feyziyev hər kəsdən fərdi qaydada üzr istəsin və məsələ bağlansın”

Mətbuat Şurasının sədri: “Feyziyevlə əlaqə saxladım və onun Şuradan istefası məsələsini müzakirə etdik”

Hüquqşünas: “Deputatın əməli konkret cinayət məsuliyyəti yaradır və o, toxunulmazlıq zirehi altında gizlənə bilməyəcək”

Milli Məclisin üzvü Cavanşir Feyziyevin 5 milyon funt-sterlinq pulu London məhkəməsi tərəfindən müsadirə olunub. Deputat məlumatı təsdiqləyib və bir gün sonra bu barədə informasiya yayan siyasətçiləri, ictimai fəalları və mətbuat nümayəndələrini təhqir edən status paylaşıb. Onları casusluqda, ermənilərlə əl-ələ verib Azərbaycana qarşı qarayaxma kampaniyası təşkil etməkdə, cibgirlik, oğurluq və reketçilikdə ittiham edib. Bu isə öz növbəsində ciddi etirazlara səbəb olub.

Medianın İnkişafı Agentliyi (MEDİA), Mətbuat Şurası (MŞ) və jurnalist təşkilatları baş verənlərə reaksiya verib. Onlar deputatı jurnalistlərdən üzr istəməyə dəvət edərək, bu cür halların yolverilməz olduğunu bildiriblər. Bu arada Feyziyevin Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən çıxarılması, deputat səlahiyyətlərinə xitam verilməsi tələbləri də gündəmə gəlib. Yaxın günlərdə bu istiqamətdə addımların atılacağı söylənilənilir.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli AYNA-ya açıqlamasında deyib ki, deputatın səsləndirdiyi ittihamlar və təhqir elementləri onun daşıdığı statusa uyğun deyil: “Cavanşir Feyziyev eyni zamanda Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür. Təbii ki, belə bir halın baş verməsi arzuolunan deyil. Lakin düşünürəm ki, deputat da insandır və üzərinə gələn dalğanın təsiri altında emosional fikirlər səsləndirib. Tutalım, indi onu mövzu ilə bağlı sorğu-sual etsəniz, əminəm ki, o ifadələri işlətməyəcək”.

“İnsanların ünvanına ittihamlar və təhqirlər səsləndirmək yolverilməzdir. Özü də bunu kütləvi şəkildə həyata keçirmək, yaylım atəşi ilə hamının üzərinə getmək anlaşılan deyil. Bu, həm də onun daşıdığı deputat statusuna və Mətbuat Şurası İdarə Heyətinin üzvü olaraq üzərinə götürdüyü öhdəliklərə ziddir”, – deyə ekspert bildirib.

Məhərrəmli məsələni şişirmətəyə ehtiyac görmür: “Düzdür, siyasətçilər, ictimai fəallar, media mənsubları onun tərəfindən ittiham olunublar. Söylədiyi ifadələrdə təhqir elementləri var. Təbii ki, o adamların öz hüquqlarını qorumaq haqqı var. Lakin bir daha söyləmək istəyirəm ki, onun emosional vəziyyətdə bu cür fikirlər səsləndirməsini əsas götürərək, məsələni qapatmaq da olar. Yəni, kompromis hər zaman var və bu məsələni çox da böyütmədən həll etmək olar. Hesab edirəm ki, bu böhranı Cavanşir Feyziyevin ittiham və təhqir etdiyi hər kəsdən fərdi şəkildə üzr istəməsi ilə yekunlaşdırmaq olar. Məsələn, o deyə bilər ki, “mən bunu emosional vəziyyətdə yazmışam və hər birinizdən ayrı-ayrılıqda üzr istəyirəm””.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da məsələ ilə bağlı açıqlama verib. Bildirib ki, hazırda COVID infeksiyasına yoluxub və bu səbəbdən son günlər mətbuatı yaxından izləmir: “Şuranın İdarə Heyətinin bir üzvünün digər iki üzvünü və həmkarlarımızı təhqir etməsi məni üzdü. Açığını desəm, xeyli təəccübləndim də. Görünür, Feyziyev düşdüyü emosional vəziyyətin təsirindən belə ifadələr işlədib. Lakin bu, əsas vermir ki, jurnalistləri təhqir edəsən. Bu, yolverilməzdir”.

“Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi”, – deyə MŞ sədri söyləyib.

Amaşov əlavə edib ki, baş verənlərlə bağlı deputatın özü ilə əlaqə saxlayıb: “Bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxladım. Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyünüdən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik”.

Məsələnin hüquqi aspektlərinə gəldikdə, media hüququ eksperti Ələsgər Əhmədoğlunun AYNA-ya şərhinə görə, deputatın əməli konkret cinayət məsuliyyəti yaradır və o, toxunulmazlıq zirehi altında gizlənə bilməyəcək: “Ayrıca, bu siyasətçi Müki Məcəllənin 23-cü maddəsi ilə birbaşa məsuliyyət daşıyacağı çoxsaylı iddia irəli sürüb, adlarını çəkdikləri şəxslərin nüfuzuna ziyan vurub. Bu baxımdan onun toxunulmazlığının məsələyə dəxli olmadan, ona qarşı mülki iddialar da açıla bilər”.

“Özünün müsadirə olunan 11 milyon 500 min manat vəsaitin və habelə müsadirə edilməyən 23 milyon manatdan (toplam 34 milyon 500 min manat) 6 milyon 900 min manat mənfəət vergisi ödədiyinə dair bank çıxarışının şəklini paylaşmayıb. Çünki, əgər ölkədən bu qədər vəsaiti çıxarıbsa, bu, xalis mənfəəti olduğuna görə ona müqabil olaraq 20 faiz miqdarında mənfəət vergisi ödəməli idi”, – deyə hüquqşünas vurğulayıb.

Məmmədli deputatın mənəvi məsuliyyətinin də olduğunu qeyd edib: “Feyziyev həm də bir siyasətçi kimi təmsil etdiyi 115 saylı Şəki kənd seçki dairəsinin, habelə bütün Şəki rayonunun məhz 2010-cu ildə gəlirlərinin cəmi 10 milyon 212 min manat olduğunu bildiyi halda, bu vəsaitdən 340 faiz çox olan fərdi gəlirlərini niyə problemlərini həll etməyə söz verdiyi doğma rayonuna yox, uzaq Britaniyaya yatırdığının hesabını verməli deyildimi? Baş Prokurorluq isə onun toxunulmazlığının qaldırılması və obyektiv araşdırılma üçün dərhal Milli Məclisə müraciət etməlidir. Bu andan etibarən, Feyziyevin toxunulmazlıq zirehi qalmamalıdır. Hüquqi qaydalar və ya məsuliyyət bunu tələb edir”.

Xatırladaq ki, bir müddət öncə daha bir deputat Eldəniz Səlimov da polisləri təhqir edib, onlara qarşı kobud davrandığına görə həbs edilib və deputat toxunulmazlığı ləğv edilib.

  •  (0)
  •  (0)