“Azərbaycan respublikasının konstitusiyasının 17-ci maddəsinə müvafiq olaraq dövlət valideynlərin uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək borcunun yerinə yetirilməsinə və uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar isə dövlətin himayəsindədirlər. Bu gün müzakirəmizdə olan “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanununda dəyişiklik layihəsi də ilk növbədə bu konstitusion müddəaların daha effektiv realizəsinə yönəlib və özlüyündə 3 vacib istiqaməti ehtiva edir”.
Hokm.az-ın məlumatına görə, bu bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında deyib.
“Birincisi, “yetkinlik yaşına çatmayan” ifadəsi “uşaq” ifadəsi ilə əvəz edilir. Bu ilk növbədə Əsasnamənin milli qanunvericiliyə və tərəfdar çıxdığımız beynəlxlaq müqavilələrə uyğunlaşdırmaq zərurətindən irəli gəlir. Eyni zamanda bu istiqamətdə fəaliyyət dairəsinin sərhədlərini konkretləşdirir. İkincisi, təklif edilən dəyişikliklərlə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə, yeni versiyada desək uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların təşkili və fəaliyyətinə dair müdaəaların daha da təkmilləşdirilir”, -deyə deputat bildirib.
Onun sözlərinə görə, bu məqsədlə Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyaların tərkibi, fəaliyyətinin təşkili və hesabatların verilməsini ehtiva edən 3-cü maddə, Yerli komissiyaların səlahiyyətlərini əhatələyən 5-ci maddə, İnzibati xətalar haqqında işlərə komissiyalar tərəfindən baxılmasına dair 8-ci maddə, Hüquq pozuntusu törətmiş uşaqlar barəsində tətbiq edilən intizam təsir tədbirləri və fərdi profilaktik işlə bağlı 9-cu maddə tam yeni və təkmil redaksiyada verilir ki, bu da cari tənzimləmənin effektivliliyinin daha da artırımağı hədəfləyir.
“Məsələn, dəyişikliklə müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın cari işlərinin görülməsi və qərarlarının icrasına nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq katibliyin konkret vəzifələri müəyyənləşir. Habelə, mövcud münasibətlər sisteminin dinamikasına müvafiq olaraq yerli komissiyaların fəaliyyət istiqamətlərinə dair müddəalar yeni tələblərə uyğunlaşdırılır. Bundan başqa, hüquq pozuntusu törətmiş uşaqlar barəsində tətbiq edilən intizam təsir tədbirləri və fərdi profilaktik işin daha təkmil formada qurulması üçün yaradılan mexanizmlərin sayı artırılır”, – deyə B.Məhərrəmov qeyd edib.
“Üçüncüsü, hazırki dəyişikliklər, dövlət qayğısına ehtiyacı olan əhalinin həssas qrupuna aid şəxslərlə bağlı ortaya çıxan münasibətləri daha effektli tənzimləməyə imkan verir və bu sahədə hesabatlılığın və məlumatlılığın artmasını təmin edəcək”, – o əlavə edib.