Deputat Elnur Allahverdiyev sahibkarlıq və Fəxri konsul fəaliyyətinə aydınlıq gətirdi – MÜSAHİBƏbackend

Deputat Elnur Allahverdiyev sahibkarlıq və Fəxri konsul fəaliyyətinə aydınlıq gətirdi – MÜSAHİBƏ

Elnur Allahverdiyev: “Sizi əmin edirəm ki, bu adamların çoxu Fəxri konsulun hansı səlahiyyətlərə malik olduğunu bilmirlər”

Milli Məclisin yeni, amma adı ən çox hallanan deputatlarından biri Elnur Allahverdiyevdir. Bir ilə yaxın olan deputatlıq fəaliyyəti dövründə onun haqqında müxtəlif iddialar gündəmə gətirildi. E.Allahverdiyevin biznes fəaliyyəti, Sloveniyanın Azərbaycandakı Fəxri konsulluğu ən çox müzakirə olunan mövzulardandır.

Hokm.az E.Allahvediyevin “Yeni Müsavat” a verdiyi müsahibəni təqdim edir.

E.Allahverdiyevlə müsahibəmizdə yuxarıda sadaladığımız məsələlər haqqında danışdıq. Həmin müsahibəni təqdim edirik:

– Elnur müəllim, bir neçə cəhddən sonra nəhayət müsahibə üçün razılıq verdiniz. Deyəsən, müsahibə verməyi, xoşlamırsınız…

– Niyə belə düşünürsünüz?

– Mediadan görünür, çox az müsahibə verirsiniz. Bizimlə də müsahibəyə razılıq uzun çəkdi…

– Müsahibə üçün, məncə, bir zəmin olmalıdır, müsahibə müsahibə naminə olmamalıdır. Bu, mənim qənaətimidir. Az danışmaq, çox işləmək. Seçki kampaniyasında da belə bir şuarım var idi. Tutaq ki, hər hansı bir məsələ mənim fəaliyyətimlə bağlıdırsa, onun həlli üçün işləmək lazımdır, ya danışmaq? Məncə, işləmək. İndi maşallah, internetdə müxtəlif kanallar var, saytlar boldur, çıxırlar müsahibə verirlər, bəzi hallarda şər atırlar, olanı da, olmayanı da danışırlar. Adam var hər gün müsahibə verir. Hər mövzuda. Nə yorulur, nə də bir özünə hesabat verir ki, axı mən danışdığım, müsahibə verdiyim hər mövzuda ekspert ola bilmərəm. Beləisə mən mütəmadi açıqlamalarla çıxış edirəm, mediada təkliflərimi görə bilərsiniz, yəni o qədər də “gözəgörünməz” deyiləm.

– Söhbətimizə elə son hadisədən başlayaq…

– Hansı hadisə?

– Seçki dövründə xarici ölkə qarşısında öhdəliyinizin olduğuna dair məsələ yenidən qaldırılıb. Sloveniyanın fəxri konsulu vəzifəsindən azad olunmağınız barədə arayışın saxta olduğu bildirilir. İddianı ortaya atanlar qərarın 12 iyul 2020-ci ildə dərcinə istinad edirlər. Real vəziyyət necədir? Deputatlıqla yanaşı, fəxri konsul vəzifəniz də bu müddətə kimi qalıbmı?

– Bu məsələni bir jurnalist qaldırıb, özü mənim rəsmi profilimə yazmışdı, sualla müraciət etmişdi ki, konsulluq fəaliyyətimə nə vaxt son verilib? Mən də qısa cavablandırdım, iki gün sonra gördüm bu məlumatı paylaşıb, ciddiliklərinə, yumşaq desəm, etibar etmədiyim resurslar da götürüb bu məlumatı tirajlayıblar.

– Maraqlıdır ki, siz cavabda nə yazmışdınız?

– Mənim Sloveniyanın Azərbaycan Respublikasındakı Fərxri konsul səlahiyyətim 2019-cu ilin 29 dekabrında bitib. Bununla bağlı Sloveniyanın Ankaradakı səfirliyinin Xarici İşlər Nazirliyinə iki məktubu olub. Bu məktublarda qeyd olunub ki, Elnur Allahverdiyev Sloveniya dövləti qarşısında heç bir öhdəlik daşımır, daşımayıb. Bilirsiniz, hər kəs yazdığında, irəli sürdüyü iddiasında azaddır. Ancaq sizi əmin edirəm ki, bu adamların çoxu Fəxri konsulun hansı səlahiyyətlərə malik olduğunu bilmirlər. Fəxri konsul kimi biz viza vermirdik və ən əsası – Sloveniyadan hər hansı bir maliyyələşmə almırdıq. İki ölkə arasında iqtisadi və mədəni əlaqələrin inkişafı naminə çalışırdıq. Sloveniya Xocalı soyqırımını tanıyan dövlətdir. İndi siz təsəvvür edirsiniz bunların dövlətlərarası münasibətlərə, diplomatiyaya baxışları hansı səviyyədədir?

– İddiaların əsasının olmadığını deyirsiniz. Niyə məlumat çıxan kimi təkzib vermədiniz? Bunun təkzibi üçün hansı addımlar atacaqsınız?

– Mən nə kimi təkzib addımı atmalıyam? Kimin narazılığı var, buyursun, şikayət etsin, biz də cavablandıraq. Sənədlər XİN-də, MSK-dadır. Gedib baxsınlar. İndi mən durub ona cavab verməliyəm? Siz dərc etmisiniz bu iddianı? Yəni bu barədə bir məlumat vermisiniz?

– Məsələdən məlumatlıyam, amma bunu dərc edib-etməməyimizin fəqri var?

– Qeyri-ciddidir deyə, verməmisiniz yəqin. Bax bu məlumatın da üstünə əlavə ediblər indiyədək haqqımda olan iddiaları, mənşəyi, dolanışığı, gəlir mənbəyi naməlum olan saytlarda dərc edirlər. Mən durub işimi-gücümü atıb düşməliyəm onların dalınca? Bilirsiniz, ölkəmizdə nə qədər belə resurs var? Bunları təkzib etməklə vaxt keçirsəm, gərək başqa heç nə ilə məşğul olmayam. O məlumatlara baxın, hamısının mənbəyi birdir, biri yazır, qalanları tirajlayır.

Gəlin başqa bir məsələyə toxunaq. Bu iddianı ictimailəşdirən sizin həmkarınız mənə verilən məlumata görə, tez-tez bu xarakterli məlumatlar paylaşır. Seçkilərdən 2-3 gün sonra mənim haqqımda da bir məlumat vermişdi. O iddia təsdiqləndimi? Xeyr! Çıxıb üzrxahlıq etdimi? Yaxşı, həmkarınızı qoyaq bir kənara. Bəyəm bu iddianın üzə çıxmasından cəmi bir neçə saat sonra tez-tələsik məni məhkəmə ilə hədələyən partiya sədri Sloveniyada bu prosesin necə, hansı instansiyalardan keçdiyini öyrənə bilməzdimi? Məsələn, mən dərhal cənab səfirə zəng edib, soruşdum…

– Nə dedi?

– Bu, onların daxili prosedur qaydalarıdır. Üstəgəl, koronavirus pandemiyası ilə bağlı hökumətin fəaliyyətində yaranmış məhdudiyyətlər. İndi bu necə olur, fəaliyyətimə 2019-cu ilin 29 dekabrında son verilib, ardınca səfir gəlib möhürü təhvil alıb, Xarici İşlər Nazirliyi fəaliyyətimi dayandırıb, ancaq mən yenə də fəaliyyət göstərmişəm? Deyirsiniz, bu cəfəng iddiaya görə məhkəmədə çəkişim? Üzrlü sayın, amma görüləsi daha vacib işlər var.

– Sizin adınız gələndə ən çox müzakirə edilən mövzudan danışaq. Sahibkarlıq fəaliyyətinizlə bağlı tənqid edilməyinizin səbəbi nədir?

– Cəfəngiyatın böyük hissəsi təbii ki, deputat seçilməmişdən əvvəlki iş adamı fəaliyyətim barədədir. Sahibkarlığa son verdiyimi deməkdən, yazmaqdan usanmışam. Mən hələ ötən ilin mart ayında bu fəaliyyətimə xitam vermişəm. Ancaq bu məsələ ilə bağlı bir əlavə edim. Baxın, biz 1999-cu ildə öz zəhmətimizlə biznesimizi qurmuşuq, böyüdüb şirkət etmişik. Deputat seçilməmişdən qabaq işçilərimizin sayı təqribən 2300 nəfərə yaxın idi. Bu, 2300 nəfər deyil, 2300 ailənin dolanışığı deməkdir. Vergimizi ödəyərək, qanunlara riayət edərək halal işimizlə məşğul olmuşuq. Buna görə məni tənqid edirlər?

– Ağ Partiyanın başqanı Tural Abbaslı da sizin sahibkarlıqla bağlı keçmiş fəaliyyətinizi tənqid edir, amma yenə də iddialara cavab vermirsiniz…

– Bir qrup internet televiziyası qəhrəmanları var, hər şeydən danışırlar. Koronavirusdan danışırlar, diplomatiyadan danışırlar, iqtisadiyyat üzrə ekspertdirlər, təhsil bunların bildiyi ən yaxşı sahədir və s. Oturub hesablasaq, bütün qaldırdıqları mövzuların hərəsinə dair bir kitab oxumaq üçün indiyədək yaşadıqları illər onlara bəs etməzdi. Allah köməyi olmuşlar, elə bil dünyanın sonudur, bir nəfəs alın, görək nə demək istəyirsiniz. Bax belələrinə mən internet televiziyası “qəhrəmanları” deyirəm (gülür-red). Hər efirə çıxanda haqqımda arzuolunmaz ifadələrə yol verirlər, bu ifadələrin təhqir məqsədli olduğunu bilmək, kinayəli, sarkazm dolu olduğunu görmək üçün ali məktəbdə etikadan mühazirə dinləməyə ehtiyac yoxdur. Nəyə lazımdır bu? Deyirlər ki, Milli Məclisə iş adamları, maliyyə imkanları olan şəxslər seçilməməlidirlər. Niyə? Nə səbəbdən? Seçki kampaniyası dövründə təbliğat materiallarımı 40 min evə payladığımı deyirlər. Halbuki, bəziləri heç bilmir ki, seçildiyim dairədə cəmi 12-13 min ev var, bu dairədə heç seçicilərin sayı 40 minə çatmır. Deyirlər belə bahalı işlərə pulum çatırsa, Milli Məclisdə nə işim var? Bir məntiq görürsünüz?

– Siz deyin. Biznesmen deputat olmalıdır?

– Onların fikrincə, kimin pulu varsa, parlamentə seçilməməlidir. Yəni bu adamlara görə, parlament qazanc mənbəyidir! Pulu olan ora niyə seçilir, onsuz da pulu var, qoyun pulu olmayan seçilsin. Belələrinin Cümhuriyyət tariximizdən xəbərləri yoxdur, bir dünya praktikasını oxumurlar, öyrənmirlər. Dünya ölkələrinin parlamentlərinə baxsınlar. Həm də iş adamının parlamentə seçilməyə hüququ yoxdur? İş adamı bu xalqın içindən çıxmayıb, bu ölkənin vətəndaşı deyil? Qanunverici orqanda iqtisadiyyatla bağlı qanun qəbul olunarkən sahibkarların, özəl sektorun qayğılarını, istəklərini iş adamı olmuş deputatdan yaxşı kim çatdıra bilər?

– Qayıdaq sizin barənizdə danışılan əsas məsələlərdən birinə. REAL Partiyası seçildiyiniz dairədə seçkilərin yenidən keçirilməsini tələb edir və hüquqi yollar haqqında düşünür. Onların bu tələblərinin perspektivini necə görürsünüz?

– Hələ düşünürlər, hüquqi yollar axtarırlar. Məni sosial şəbəkədəki sona qədər araşdırılmamış, qərəzli, yarımçıq statusa görə məhkəməyə vermək istəyirlərsə, buyursunlar. Gedib cavab verərik. Əlimizdə kifayət qədər rəsmi arqumentlərimiz var.

– Sizə qarşı ittihamlar yönəldənlərə cavab vermirsiniz. Amma ehtiyac yaransa, məhkəməyə müraciət etmək niyyətiniz varmı?

– Açığını deyim, məhkəmə çəkişmələrinin tərəfdarı deyiləm. Buraya sərf olunan enerjini başqa işlərə yönəltmək olar. Dairəmizdə qeyd etdiyim kimi, 12-13 min ev var, sakinlərin müxtəlif problemləri var. Onlarla məşğul olmalıyam, çalışıram əlimdən gələni edim, mart ayından bu yana sosial tərəfdaşlarımızın dəstəyi ilə 3 minə yaxın ailəyə ərzaq yardımı çatdırmışıq. İnfrastruktur problemləri ilə bağlı seçicilərin müraciətlərini icra strukturlarına yönəldirik və həllinə nail oluruq. 150 nəfərdən çox Vətən Müharibəsi iştirakçımız, qazimiz var, onlarla mütəmadi görüşlər keçiririk. 3 Vətən Müharibəsi şəhidi ailəsi var. Əvvəldən də 25 şəhid ailəsi var idi. Onların biri ilə maraqlanır bu adamlar? Bir il ərzində müxtəlif layihələr həyata keçirmişik, çox maraqlı, lazımlı bir layihəmiz üzərində çalışırıq. Əlillərin məşğulluğu ilə bağlı. Bunları qoyub gedim məhkəmədə cəfəng, yalan, böhtan xarakterli iddialarla çəkişim? Seçkilərdə rəqiblərim olmuş şəxslər haradadırlar? Bir nəfərdən başqa digərlərinin kiməsə hansısa kömək etdiyini eşitməmişəm. Qalanları haradadır bəs? Seçkiqabağı şüarları, vədləri var idi. Bir nəfərin qapısını döyüb onun hansısa problemini həll ediblərmi? Yaxşı, özləri həll edə bilmir, gəlsinlər, birlikdə edək. Təklif etsinlər, məsləhət versinlər. Ağıl ağıldan üstündür. Nəticədə xeyir görən xalq olur. Bir vətənin övladları deyilik? Elə gərək seçki olsun? Qardaş, gəl sən də bir işin qulpundan tut, 5 ildən sonra deməyə sözün olsun. Camaat da dəyərləndirsin. Mən belə təkliflərin müzakirəsinə hər zaman hazıram.

– VİP sədri Əli Əliyev keçmiş diplomat İsfəndiyar Vahabzadəyə istinadən sizin soykökünüzü şübhə altına alan açıqlamalar verir. Deyilən bu cür fikirlərə cəmiyyət çox həssasdır. Bu barədə nə deyə bilərsiniz?

– Bilirsiniz, kimin işində bir nöqsan tapa bilmirlərsə, keçirlər o şəxsi arqumentsiz, dəlilsiz, sübutsuz təhqir etməyə, qara yaxmağa. Düzünü deyim, hərdən düşünürəm ki, məhkəməyə müraciət edəcəm. Çünki təhqir, böhtan, yalanın elə həddinə çatırlar ki, başqa əlac qalmır. Adamın soykökünə dair cəfəng sözlər deyirlər. Hansı əsasla, haradan tapırlar bu “arqumentlər”i? Məəttəl qalıram. Məni görün nə qədər adam tanıyır. Uşaqlıq dostlarım, Bakı şəhərində, Yasamalda böyümüşəm, – məhəllə uşaqları, əsgərlik yoldaşlarım, iş yoldaşlarım, qohumlarım, yaxınlarım. Babalarımın, nənələrimin, əzizlərimin məzarları var. İndi durub adama qara yaxan belələrinə nə deyəsən?

– Axı niyə məhz sizə yönəlir bu iddialar? Bəlkə od olmasa, tüstü çıxmaz?

– Bu cür şər-böhtanı çoxlarına atırlar, mediaya baxmaq kifayət edir. Səbəblər müxtəlifdir, bəzilərini desəm, etikadan kənar olar. Əsas səbəb fəaliyyətimizdir. Dediyim kimi, kimdə nöqsan tapmırlar, işə düşür şər, böhtan, yalan. Mən böyüklərimdən ibrət götürən adamam. Başımızı dik tutub, Prezidentimizin düzgün siyasətini dairəmizin hər ünvanında davam etdirərək, seçicilərimizlə ünsiyyət quraraq qarşımızdakı çətinliklərin çözülməsi ilə məşğuluq. Yəqin xoşlarına gəlmir. Hər həll olunan problem onlar üçün itkidir, əldən verilmiş fürsətdir. Başqa nə deyim? Qoy yalanlarını davam etdirsinlər. Yalanın da ömrü qısa olar. Nə qədər deyəcəklər, ondan yüz qat çox işləyəcəyik. Arxamızda dövlətimiz var, qarşımızda cənab Prezidentin tapşırıqları, hədəfləri var, xalqımızın dəstəyini görürük, xalq üçün əlimizdən gələni edəcəyik. Onlar danışır, biz isə işləyirik. Bu, onları çox narahat edir (gülür-red). Bir daha təkrarlayıram: seçkilərdən sonra da, bu bir il ərzində də dəfələrlə keçmiş rəqiblərim olmuş şəxsləri birliyə dəvət etmişəm, indi də edirəm. Gəlsinlər, birlikdə vətəndaşımız, əhalimiz üçün çalışaq. Çünki qazanan yenə də xalqımız olacaq.

  •  (0)
  •  (0)