“Dəniz pişikləri” 2 günə Qubadlını necə azad etdi? – Polkovnik əməliyyatın DETALLARINI AÇDIbackend

“Dəniz pişikləri” 2 günə Qubadlını necə azad etdi? – Polkovnik əməliyyatın DETALLARINI AÇDI

Bu gün mübarək gündür, həm də çox mübarək bir təqvimdir. Təqvim 25 oktyabrı göstərir və bu o deməkdir ki, düz bir il əvvəl bu gün, Vətən müharibəsinin 29-cu günü Qubadlı şəhəri düşmən tapdağından azad edildi. Qubadlının qurtuluşu və bu istiqamətdə Azərbaycan Ordusunun əks-hücum əməliyyatları indi dünya ölkələrinin hərbi akademiyalarında, araşdırma mərkəzlərində tədqiq olunur.

44 günlük müharibədə Azərbaycan Ordusunun sıralarında öz təcrübəsini və bilik-bacarıqlarını ordumuzun şəxsi heyəti ilə paylaşan ehtiyatda olan polkovnik Üzeyir Cəfərov ilə Qubadlı əməliyyatının önəmindən söhbət açdıq.

Ordumuzun ehtiyatda olan polkovniki Publika.az-a müsahibəsində Qubadlı əməliyyatının incəliklərindən danışdı. İki gün davam edən Qubadlı əməliyyatında ordumuzun üstünlüyünün bir sıra məqamlarına toxundu.

 

– Cənab polkovnik, 44 günlük müharibədə Qubadlının azad olunması bizə cənub istiqamətində hansı üstünlükləri verdi?

– Sözsüz ki, Qubadlının azad olunması Azərbaycan Ordusuna çox böyük üstünlüklər verdi. Bu üstünlüklərin ən böyüyü Laçın dəhlizi ilə bağlı idi. Bildiyimiz kimi, həmin dəhliz Qarabağı Ermənistanla birləşdirirdi. Qubadlının azad edilməsindən sonra Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi. Sonrakı mərhələdə bizim işğaldan azad etdiyimiz ərazilər sülhməramlıların sərəncamına verildi. Bir sözlə, Qubadlı, Laçın dəhlizi istiqamətində uğurların başlanğıcı Qubadlının azad edilməsi idi. Qubadlı istiqamətində hücum Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin “Dəniz pişikləri”nin xüsusi təyinatlılarının daha çox iştirakı ilə həyata keçirildi. Deməli, bundan əvvəlki Cəbrayıl-Xudafərin istiqamətindəki hücumumuzda daha çox Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlıları, çevik hərəkat qüvvələri fəallıq göstərirdilərsə, Qubadlının azad olunmasında daha çox bizim hərbi dəniz qüvvələrimizin xüsusi təyinatlıları aktiv iştirak edirdilər.

– Qubadlı əməliyyatında üstünlük qazanmağımızda və qələbənin əldə olunmasında başqa nələrin rolu oldu?

– Bütün bunlardan əlavə, bizim pilotsuz uçuş aparatlarımızdan da burada aktiv şəkildə istifadə olunurdu. Düşmən artıq pərən-pərən düşmüşdü. Qubadlı əməliyyatına 23 oktyabrda başlanıldı. Artıq oktyabrın 25-də bizim əsgərlər üçrəngli bayrağımızı Qubadlı şəhərində ucaltdılar. İki gün ərzində düşmən müqavimət göstərməyə çalışırdı, amma bizim əsgər və zabitlərimiz onların xeyli canlı qüvvəsini və texnikasını məhv etdi. Eyni zamanda bu əməliyyatlar nəticəsində xeyli sayda qənimət əldə olundu. Buna qədər isə Zəngilanın bir neçə kəndi və şəhərin özü, o cümlədən Cəbrayıl şəhəri, Qubadlının bir neçə kəndi artıq oktyabrın 23-ə qədər azad edilmişdi. Qubadlının işğaldan azad olunması düşmənin daha bir zərbə alması demək idi. Bunu düşmən üçün həm fiziki, həm də mənəvi bir zərbə kimi saymaq lazımdır.

– Üzeyir bəy, Qubadlı döyüşlərində yubanmalar da oldumu?

– Hadisələrin üzərindən bir il keçib və ağır məğlubiyyətlə baş-başa qalan düşmən bəzi addımlar atırdı. İnanın ki, bizim üçün o qədər də asan deyildi. Məsələn, Dövlət Sərhəd Xidməti Cəbrayıl istiqamətində birnəfəsə 105 kilometr məsafə qət etmişdi. Nəzərə alın ki, orada düzəngah da var, təpələr də… Hətta çətin keçilən ərazilərdən bəhs etmirəm. Ən əsas düşmən isə minalanmış sahələr idi. Ermənilər Qubadlıya bir qədər arxayın idi. Çünki ondan öndəki ərazilər minalanmışdı. Hətta Qubadlıya qədər ermənilər özlərinə 6 eşalon yaratmışdılar. Özlərinə arxayın idilər, amma Azərbaycan Ordusu da uğurlarını ard-arda sıralayırdı. Hesab edirəm ki, Qubadlı istiqamətində hər hansı yubanma olmadı. Vəziyyətə və reallığa uyğun olaraq addımlar atılırdı. Ona görə də gecikmədən, ləngimədən söhbət gedə bilməz. Çox ağır döyüşlər olub. Bəzən bir təpəni götürmək üçün saatlarla, günlərlə vaxt lazım olur. O nöqteyi-nəzərdən hesab edirəm ki, Azərbaycan Ordusu mümkün olanı etdi və biz Qubadlını işğaldan azad etdik.

– Qubadlının alınması sonrakı döyüşlərin gedişinə hansı təsirləri göstərmiş oldu?

– Əks-hücum əməliyyatları qələbəni daha da yaxınlaşdırırdı. Bu gün bir il əvvəlki müharibənin 29-cu günüdür. Müharibənin 29-cu günü düşmən bir-birinin ardınca çox ağır zərbələr alırdı. Bu, həm Füzuli, həm də Cəbrayıl istiqamətində baş verirdi. Hesab edirəm ki, Laçın dəhlizinin – yəni düşmənin daha çox silah-sursat aparıb gətirdiyi marşrutun, işğal altında olan ərazilərin Ermənistanla birləşdirilən hissəsinin nəzarətimizə keçməsi Azərbaycan Ordusunun sonrakı mərhələlərdə Laçın-Şuşa əməliyyatının uğurla həyata keçirilməsinin əsasını qoydu. Məhz bu nöqteyi-nəzərdən hesab edirəm ki, düşmən Qubadlıda aldığı ağır məğlubiyyətdən sonra özünün ümumi məğlubiyyətini açıq şəkildə dərk etməyə başladı. Buna görə də Qubadlı əməliyyatı bizim üçün çox əhəmiyyətli idi. Qubadlının azad olunması Zəngilan və digər istiqamətlərdə bir sıra strateji yüksəkliklərin azad edilməsində çox böyük rol oynadı. Təsadüfi deyil ki, həmin istiqamətdə Azərbaycan Ordusunun elit hərbi hissələrindən sayılan “Dəniz pişikləri” xüsusi fəallıq göstərdilər. Onlar həm Müdafiə Nazirliyi, həm də Dövlət Sərhəd Xidməti ilə koordinasiya olunmuş şəkildə hərəkət edərək Qubadlı şəhərini düşməndən azad etdilər. Eyni zamanda Qubadlının 10-a yaxın kəndi, eləcə də Zəngilanın bir neçə yaşayış məntəqəsi düşmən tapdağından azad olundu.

– Bəs Birinci Qarabağ savaşında Qubadlını itirməyimizə səbəb olan amillər nələr idi?

– Birinci Qarabağ savaşında – 1993-cü ildə biz o istiqamətdə çox ağır bir vəziyyətlə üzləşmişdik. Həmin dövrdə Ermənistan silahlı qüvvələri və onlara havadarlıq edənlər faktiki olaraq Qubadlını bizdən qopardılar. Həmin dövrdə biz nə qədər dirəniş göstərsək də, Birinci Qarabağ savaşı bizim üçün çox ağır və çətin oldu. Düşmən o vaxt havadarları vasitəsi ilə bizdən Qubadlını qoparmağı bacarmışdı. İkinci Qarabağ savaşında Qubadlının əhəmiyyəti cənub istiqamətində bizim üçün çox əhəmiyyətli idi. Azərbaycan Ordusu Qubadlını azad etməklə əsas məsələni həll etmiş oldu.

  •  (2)
  •  (1)