Bu gün səhər saat 6:40 radələrində aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub.
DİN Mətbuat xidmətindən Hokm.az-a verilən məlumata görə, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.