Son iki ildə koronavirus pandemiyası ilə əlaqədar olaraq bir çox sahələrin fəaliyyətində durğunluq müşahidə edilirdi. Bunlardan biri də toy mərasimlərinin keçirilməsidir.
Karantin rejimi çərçivəsində qoyulan məhdudiyyətlər bu sektorda fəaliyyət göstərən sahibkarları o qədər çətinə saldı ki, dövlət tərəfindən onlara göstərilən yardım belə, kifayət etmədi, süni qiymət artımları qaçılmaz oldu.
Məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasından sonra isə Ramazan ayı daha otuz gün toy-büsatın keçirilməsini ertələdi.
İlin əvvəlindən dünyadakı bir çox proseslər, xüsusən Rusiya-Ukrayna müharibəsi səbəbindən qiymət artımı özünü bir çox sahədə göstərdi. Bu, yalnız şadlıq evlərinin qiymətlərində deyil, toya hazırlıq prosesində də hiss olunur. İndiyədək gənc cütlüklər pandemiyanı gözlədilər, karantini gözlədilər, bayramı gözlədilər, amma yenə də əl yandıran qiymətlər səbəbindən toy edə bilmirlər.
Toy bazarlığı edirsən, gəlinliyi icarəyə götürürsən, el dili ilə desək, qızın cer-cehizini yığırsan, şadlıq evinə pul qalmır. Şadlıq evi üçün pulun başını-ayağını yığanda da xırda alış-verişlərə büdcə çatmır. Gənc cütlüklər necə evlənsinlər?
Ümumiyyətlə, bu sahənin tənzimlənmə mexanizmi varmı? Bu cür qiymət artımı insafsızlıq deyilmi?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli deyir ki, toy qiymətlərinin tənzimlənmə mexanizmi yoxdur:
“Bu sahədə qiymətlərin tənzimlənməsi heç olmamalıdır, çünki bu restoran biznesi kifayət qədər rəqabətli sahədir. Sahənin oyunçuları çoxdur və özü-özünü tənzimləyir. Bu heç dünya ölkələrində də tənzimlənmir. Burada sahibkarlar bazar şərtlərinə uyğun davranırlar”.
Ekspert qeyd edir ki, bu artım və ya dəyişikliklər süni qiymət artımı hesab olunmur:
“Süni qiymət artımı – inhisarçı müəssisələrin tətbiq etdiyi qiymətlərdir. Restoran sahəsində isə rəqabət və seçim azadlığı var. Restoranlarda formalaşan qiymətlərin buraya aidiyyəti olmur. Süni qiymətləri dövlət inhisarçı müəssisələri, idxal və istehsalatda inhisarçı müəssisələr tətbiq edə bilər. Qalan qiymətlər bazar qiymətləri adlanır”.
Dünyada ciddi inflyasiya getdiyini deyən ekspert qeyd edir ki, ABŞ-da, Avropada yeddi-səkkiz faizlik inflyasiya var:
“Azərbaycanda ikirəqəmli inflyasiya var. Ərzaq qiymətləri, hansı ki, ölkədə toy qiymətlərinə ciddi təsir edir, son 12 ay ərzində 18 faiz artıb. Ümumiyyətlə, dünyada ərzaq qiymətləri son bir ildə 34 faizdən çox bahalaşıb, tək mart ayında qlobal miqyasda 12,6 faiz artıb. Duru yağların qiymətində 23,2%, ət məhsullarında 6,8%, süd məhsullarında 2,6%, taxıl məhsullarında isə 17,2% artım var. Bu artımlar bazara təsir edəcək, bu gün şadlıq saraylarında gördüyümüz qiymətlər son deyil, bu artım davam edəcək.
Əvvəl şadlıq saraylarında qonaqların sayında məhdudiyyətlər olduğundan, bu, sabit xərcləri artırırdı. Məcbur qalıb qiymətləri artırırdılar. Daha sonra məhdudiyyətlər aradan qalxdı, toylar genişləndi və ona görə də hazırkı ciddi qiymət artımları ərzaq, kommunal sahəsində olan bahalaşma ilə əlaqəlidir.
“Şadlıq saraylarının icarə qiyməti qalxmayıb ki, deyək, əvvəl 50 min olan icarə haqqı artaraq indi 80 minə çatıb. Elə vəziyyət yoxdur. Artım ancaq yemək, işıq, qaz, su, ərzaq qiymətlərində müşahidə edilir. Heç qeyri-hökumət sektorunda işçilərin əməkhaqlarında da artım yoxdur. Toy mərasimləri üçün təklif edilən qiymətlərdə süni qiymət artımı yoxdur, çünki dediyimiz faktorlar buna təsir edir. Ərzaq artımı, kommunal xərclər artdığı üçün şadlıq saraylarında bu qiymətlər menyuya yansıyır”.
Şadlıq evləri və restoranlarda hazırkı qiymətlərə gəlincə, bunlar regionlara görə dəyişir. Şəki, Quba, Xaçmaz və digər regionlarda toy mərasimi üçün şadlıq evlərində masanın qiyməti (bir nəfər üçün) 25-30-35 AZN arası dəyişir. Təbii ki, bu rəqəmlər menyu və adam sayına görə tənzimlənir. Regionlarda toy sahibləri şadlıq evlərini icarəyə də götürürlər (yəni yeməkləri özləri hazırlayırlar və s.), belə halda isə qiymət 9-10 min manat arasında dəyişir.
Paytaxtda isə pandemiyadan qabaq masa qiymətləri (bir nəfər üçün) 38-40 manat qiymət aralığında dəyişən şadlıq evlərinin qiyməti məhdudiyyətlər aradan qaldırılanda 50-55 manata çatırdı. Məhdudiyyət tətbiq edildiyi ərəfələrdə isə restoranların masa qiymətləri 65-75 manat arasında dəyişirdi. Bu gün əksər restoranların masa qiymətləri bir nəfər üçün 58-65 AZN arasındadır.