COP-29-da qəbul olunmuş qərarlar və NƏTİCƏLƏRbackend

COP-29-da qəbul olunmuş qərarlar və NƏTİCƏLƏR

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım edib.

Bakı COP  tədbiri tarixdə ən möhtəşəmliyi ilə tarixə düşəcək. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Millətimizi və ölkəmizi dünyaya daha yaxşı tanıtdı.

COP 29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.

Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq.

BMT İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Still isə COP29-da karbon bazarları üzrə qlobal razılaşmaya nail olunmasına diqqət çəkib, bu sahədə onilliklər boyu davam edən, bir neçə əvvəlki COP-un əldə edə bilmədiyi nailiyyətin Bakıda qazanılmasının önəmini vurğulayıb.

Bir sözlə, Azərbaycan ev sahibi ölkə kimi qlobal iqlim dəyişikliyinə ən çox cavabdehlik daşıyan, atmosferə ən çox karbon tullantıları atan inkişaf etmiş ölkələrin bu fəaliyyətdən ən çox ekoloji zərər görən ölkələrə maliyyə yardımı göstərməsinə, Paris Sazişinin karbon bazarları ilə bağlı 6-cı maddəsinin bütün ziddiyyətləri aradan qaldıraraq tam işləməsinə zəmin yaratdı.

Azərbaycan Yer kürəsində orta temperaturun artmaması, qlobal iqlim dəyişikliyinin geriyə dönüşü olmayan prosesə çevrilməsini önləmək, iqlim problemlərindən ən çox əziyyət çəkən ölkələrə maliyyə dəstəyinin göstərilməsi və yaşıl enerjiyə keçid üçün bütün iştirakçıların öhdəlik götürməsi naminə ciddi iradə ortaya qoydu, zəngin gündəm, konkret hədəflərlə iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə çox böyük töhfə verdi.

COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksək səviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrinin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək.

COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq məhz Bakıda əldə olundu.

COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrimin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub.

Qlobal tədbirin Azərbaycan üçün əhəmiyyəti ondan ibarət oldu ki, bu, ölkəmizə çox güclü bir etimad qazandırdı. COP29 bütün dünyaya Qarabağın azad edilməsindən sonra Azərbaycanın yeni obrazda təqdimat fürsəti və regionda yaranmış yeni reallıqların dünya tərəfindən yekdilliklə qəbul edilməsi idi. Azərbaycan böyük miqyaslı tədbirlərin keçirilməsində dəfələrlə öz təcrübəsini sübut etmişdi, bu beynəlxalq ekoloji tədbir də bir daha ölkəmizin geniş imkanlara sahib olduğunu təsdiqlədi. Həmçinin tədbir vasitəsilə xarici qonaqlara mədəniyyətimiz, tariximiz, milli-mənəvi dəyərlərimizlə daha ətraflı tanışlıq imkanı yarandı.

Azərbaycan Bakıya toplaşan beynəlxalq ictimaiyyətə siyasi, iqtisadi və sosial inkişaf modelini təqdim etdi; Yaşıl dünya naminə atdığı və atacağı addımları, yaşıl enerji potensialını diqqət mərkəzinə gətirdi; Ekologiyanın, ətraf mühitin, atmosferin qorunması siyasətindəki ardıcıllığını və qətiyyətli mövqeyini aydın şəkildə hər kəsə anlatdı. Bu beynəlxalq tədbir bizim üçün Ermənistanın işğal etdiyi torpaqlarımızda yaratdığı ekoloji fəlakətin miqyasını dünyaya göstərmək, böyük bir ərazinin minalanmasını, onun tam təmizlənməsinin zaman və texniki imkanlar tələb etməsini dünya ölkələrinə mesaj olaraq vermək nöqteyi-nəzərindən də mühüm əhəmiyyətə malik oldu. Üstəlik, Azərbaycanın işğaldan qurtardığı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı, bərpaolunan enerji mənbələri ilə zənginliyi, bunun üçün həyata keçirilən layihələr və gələcək üçün nəzərdə tutulan işlərin təhlükəsiz dünyaya töhfə olacağı bu tədbir vasitəsilə təşviq edildi. Tədbir ekoloji maariflənmənin ən təsirli platforması kimi yaddaşlarda qaldı. İqlim dəyişmələrinin fəsadları, onlarla mübarizə, ətraf mühiti qorumağın vacibliyi, dünyanın yaşıllığa məhkumluğu, yaşıl olmayan dünyanı hansı fəlakətlər gözləyir kimi məsələlər müxtəlif tədbirlər vasitəsilə geniş təbliğ olundu.

Bakı 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Yəni, Bakıda COP-larda əvvəlki 100 milyard dollarlıq hədəfdən üç dəfə çox maliyyə dəstəyinə nail olundu ki, bu da iqlim dəyişikliyi ilə mübarizədə töhfə olacaq.

Yeri gəlmişkən, BMT Baş katibi Antonio Quttereş də uğurlu təşkilatçılığa görə ölkəmizə təşəkkürün bildirərək, COP29 razılaşmasının iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyduğunu bildirib.

Beləliklə, 197 ölkənin təmsil olunduğu COP platformasına uğurla ev sahibliyi etməklə Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu əsas mərkəzə çevrildiyi təsdiqləndi.

COP29-un İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT): COP29 Sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, çoxtərəfli iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP Sədrlikləri və Tərəfləri bir araya gətirdi. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi.

Enerji üzrə öhdəliklər və bəyanatlar: COP29 Sədrliyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim etdi, bunlar 150 Tərəf tərəfindən təsdiq olundu.

COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı: 75-dən çox hökumət və rəqəmsal texnologiya sənayesinin 1100-dən çox üzvü emissiyaları azaltmaq və iqlimə dayanıqlılığını gücləndirmək üçün rəqəmsal vasitələrdən istifadə edən bəyanatı təsdiqlədi.

İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü: 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edildi. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı.

İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası: Beş COP Sədrliyi (COP26-dan COP30-a qədər) və ÜST Baş Direktoru iqlim gündəliyinə sağlamlığı daxil edərək və gələcək COP konfranslarında əsas element olaraq sağlamlığı təbliğ etdi.

Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə: Dünyanın üzvi tullantılarla əlaqəli metan emissiyalarının 51%-ni təşkil edən 50-dən çox ölkə, o cümlədən ən böyük 10 üzvi tullantı metan emissiyasına malik ölkələrdən 8-i sektorial hədəflər daxil edərək bu bəyanatı təsdiqlədi ki, bu da Qlobal Metan Vədinin həyata keçirilməsinə töhfə verəcək.

Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü: Qida və kənd təsərrüfatı sahəsində mövcud iqlim təşəbbüslərinin dağınıq mənzərəsini bir araya gətirən platforma, fermerlərə dəstəyi daha əlçatan etmək və maliyyə mənbələrinə çıxışı asanlaşdırmaq məqsədi daşıyır.

COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi: Şəhər iqlim maliyyələşdirilməsi sahəsində tərəfdaşlıq və əməkdaşlıq üçün BMT agentlikləri və Hökumətlərarası Təşkilatları, çoxtərəfli inkişaf bankları xeyriyyə təşkilatları və ikitərəfli donorları, o cümlədən şəhər ərazilərində iqlim fəaliyyəti və planlaması ilə bağlı çoxtərəfli yanaşma hazırlamaq niyyətində olan 40-dan çox tərəf və 160-dan çox ölkəni bir araya gətirir. COP, UNFCCC və BMT-nin Habitat şəhər prosesləri arasında Şəhər, Çoxsahəli və Çoxsəviyyəli İqlim Fəaliyyəti üzrə Bakı Davamlılıq Koalisiyası yaradıldı.

Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi: 60-dan çox hökumət turizm sektorunda emissiyaların azaldılması və dayanıqlığın artırılması ilə davamlı turizm təcrübələrini təbliğ etməyə sadiqliyini təsdiq etdi.

İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi: 50 ölkənin dəstəklədiyi bu bəyanat, iqlim dəyişikliyinin su hövzələri və su ilə bağlı ekosistemlərə təsirinə qarşı mübarizə üçün inteqrasiya olunmuş yanaşmanı təqdim edir. O, milli iqlim siyasətləri, o cümlədən su ilə əlaqəli mitiqasiya və adaptasiya tədbirlərinin inteqrasiyasını təşviq edir.

Çoxtərəfli İnkişaf Bankları (MDB-lər) 2030-cu ilə qədər iqlim tədbirlərinə illik 170 milyard ABŞ dolları töhfə verməyi, bunun 120 milyard ABŞ dollarının aşağı və orta gəlirli ölkələrə yönəldiləcəyini açıqlayıblar.

ABŞ, Çin, Aİ, BƏƏ, Böyük Britaniya, Braziliya, Kanada və Nigeriya daxil olmaqla, ölkələr bir araya gələrək və orqanik tullantılardan metanın azaldılmasına yönəlmiş siyasət qəbul etdiklərini açıqlayıblar.

Biznes İnvestisiyaları və Xeyriyyəçilik İqlimi Platformasında (BIPCP) 70-dən çox ölkədən 1000-dən çox özəl və xeyriyyəçi liderlər bir araya gətirildi. Orada 10 trilyon dollardan çox aktivi olan investor qrupları iqlim bazarlarına özəl kapital yerləşdirmək üçün birləşdi.

Maliyyə, İnvestisiya və Ticarət Günündə iqlimin maliyyələşdirilməsi layihə və təşəbbüslərinə verilən vədlər 7,3 milyard ABŞ dolları təşkil edib. Ən böyük dəstək Asiya İnkişaf Bankından (3,5 milyard ABŞ dolları), Azərbaycanın bank sektorundan (1,2 milyard ABŞ dolları), İsveç (760 milyon ABŞ dolları) və Kanada (Kanada hökumətindən 1,5 milyard ABŞ dolları və xeyriyyəçilikdən 290 milyon ABŞ dolları). Bu vəsaitlər buzlaqların, yaşıl taksonomiyaların və iqlim fəaliyyətinin təsirlərinə qarşı mübarizəyə investisiyalardır.

İnkişaf maliyyə institutları inkişaf etməkdə olan bazarlarda və inkişaf etməkdə olan ölkələrdə bərpa olunan hidrogen layihələri üçün 10 Qiqavat “Lighthouse” Təşəbbüsünü dəstəkləməyə söz verdilər.

50-dən çox gəmiçilik sənayesi aktoru 2030-cu ilə qədər sıfır və sıfıra yaxın emissiyalı yanacaqları sürətləndirmək barədə razılığa gəliblər. Bu da ən azı 5 milyon ton yaşıl hidrogen deməkdir.

Müxtəlif növ təmiz enerji təşəbbüsləri üçün 193 milyon dollarlıq paketin bir hissəsi kimi Böyük Britaniya, Afrika ölkələri, Cənubi Asiya və Hind-Sakit Okean regionunda kömür və odundan istifadə etməklə yemək bişirməyi geridə qoymaq üçün 10 milyon insana təmiz yemək hazırlamağı dəstəklədi.

Əməkdaşlıq və sülhün qlobal iqlim fəaliyyəti üçün ayrılmaz rolu vurğulandı—COP Atəşkəs Çağırışı 132 ölkə və 1,200-dən çox təşkilatın dəstəyini qazandı, habelə Bakı Sülh, Yardım və Bərpa Üçün İqlim Fəaliyyəti Çağırışı qəbul edildi. Bu təşəbbüs, iqlim dəyişməsi, münaqişə və humanitar ehtiyacların təcili əlaqələrini həll etmək məqsədilə Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzini yaradacaq.

Almaniyanın 65,1 milyon ABŞ dolları, İrlandiyanın isə 13 milyon ABŞ dollarI töhfəsi ilə Adaptasiya Fonduna edilən töhfələr 133 milyon ABŞ dollarına çatıb.

İqlim İnvestisiya Fondu daha da artırılıb, ABŞ ($325 milyon), Almaniya ($220 milyon) və Böyük Britaniya ($211 milyon) tərəfindən əlavə töhfələr toplanıb.

25 ölkə və Avropa İttifaqı öz enerji sistemlərində yeni açıq kömürün istifadəsini tamamilə dayandırmaqla bağlı milli iqlim planlarını təqdim etmə niyyətlərini açıqlayıblar və digərlərini də bu addımı atmağa çağırıblar.

Meksika 2050-ci ilə qədər xalis-sıfır tullantılara dair öhdəliklərini elan etdi. Beləliklə də G20-nin bütün üzvləri xalis sıfır hədəfini öhdələrinə götürdülər.

Yerli İcmalar və Yerli Xalqlar: Yerli İcmalar və Yerli Xalqlar Platformasının Bakı İş Planı yaradıldı.

Böyük Britaniya hökuməti 239 milyon funt sterlinq (299 milyon ABŞ dolları) vəd edib: Böyük Britaniya hökuməti, meşəçilik və meşə karbon bazarlarının inkişafına dəstək, dayanıqlı meşə müəssisələri üçün qarışıq maliyyə və UNFCCC-nin ölkələrə meşələri qorumağa kömək etməsi üçün 299 milyon ABŞ dolları vəsait ayıracaq.

Maliyyə və bərpa olunan enerji sahələrinə olan ciddi yanaşmalar uzunmüddətli iqtisadi inkişafı təmin etməyə öz töhfəsini verəcəkdir.

1. İnvestisiyaların artması: Yaşıl Maliyyə Fondu: Konfrans çərçivəsində “Yaşıl Maliyyə Fondu” (Climate Finance Action Fund) təsis edilmişdir. Bu fond vasitəsilə hər il təxminən 1 milyard ABŞ dolları məbləğində resursun, o cümlədən Azərbaycanın yenilənə bilən enerji və iqlim layihələrinə yatırılması planlaşdırılır.

Azərbaycan tərəfindən COP29 çərçivəsində təsis edilmiş bu fondun hər il 1 milyard ABŞ dolları həcmində iqlim layihələrinə sərmayə yatırması planlaşdırılır. Bu vəsaitin 50%-i milli layihələrə, 20%-i isə təcili yardım mexanizmlərinə yönəldiləcək.

2. Dayanıqlı enerji sektorunun inkişafı: Azərbaycan Xəzər dənizi sahəsində bərpa olunan enerji layihələrinə, xüsusilə külək və günəş enerjisi istehsalına əhəmiyyət verir. Bu konfrans çərçivəsində yenilənə bilən enerji sahələrinə həm yerli, həm də xarici sərmayələr cəlb olunur. Bərpa olunan enerji layihələri: Xəzər dənizi ətrafında külək və günəş enerjisi layihələrinin həyata keçirilməsi üçün təxminən 2 milyard ABŞ dolları həcmində sərmayə cəlb ediləcəyi gözlənilir.

3. Turizm və yerli iqtisadiyyatın stimullaşdırılması: Konfransın keçirilməsi Baki şəhərinə minlərlə iştirakçı və turist cəlb edərək mehmanxana, nəqliyyat, qida və digər xidmətlər sahələrində gəlirlərin artmasına səbəb olacaq. Konfransdan əldə olunan gəlirlər, o cümlədən turizm və xidmət sektorlarından daxilolmalar, ölkəyə əlavə olaraq təxminən 200 milyon ABŞ dolları gəlir gətirə bilər.

4. İş yerlərinin yaradılması: COP29 çərçivəsində və sonrasında həyata keçiriləcək layihələr çərçivəsində yenilənə bilən enerji və iqlimlə bağlı sektorlarda minlərlə yeni iş yerinin açılacağı gözlənilir. Bu, iqtisadiyyata sosial dəstək olaraq da əhəmiyyətlidir.

Milli İqlim Təşəbbüslərinin gücləndirilməsi: COP29, Azərbaycanın Paris Sazişinin tələblərinə uyğun olaraq, yeni milli hədəflər müəyyən etməsi və iqlim dəyişikliklərinə qarşı strategiyalarını təkmilləşdirməsi üçün fürsət yaradır. Bu, iqtisadiyyatın neftdən asılılığının azalması və dayanıqlı inkişafın dəstəklənməsi baxımından vacibdir. Makroiqtisadi göstəricilərindaha da yaxşılaşdırılması və insanların sosial qayğılarının həll olunmasına ciddi təkan verəcəkdir.

Yekun olaraq görülən titanik işlərin həyata keçirilməsi Prezident İlham Əliyevin hədsiz xalqını sevməsi və onun yüksək biliyi və bacarığının bariz nümunəsidir.

Əvəz Ələkbərov

iqtisad elmləri doktoru, professor UNEC “Maliyyə və audit” kafedrasının müdiri, BMT-nin Sülh səfiri, Respublikanın eks-maliyyə naziri.

  •  (0)
  •  (0)