Cavanşir Feyziyevlə bağlı rəsmi araşdırma niyə aparılmır?backend

Cavanşir Feyziyevlə bağlı rəsmi araşdırma niyə aparılmır?

“Azərbaycanın Baş Prokurorluğu Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinin vəsaitinin çirkli pulların leqallaşdırılması şübhəsi ilə dondurulması və müsadirəsi barədə rəsmən məlumatlandırılmayıb”.

Hokm.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.

Baş Prokurorluğun rəsmisi deyib ki, onlara qeyd edilən məsələ ilə bağlı rəsmi məlumat daxil olmayıb: “Ona görə də tərəfimizdən bununla bağlı şərh verilmir”.

Cavanşir Feyziyevin və ailəsinin biznes fəaliyyətinin şəffaf olub-olmadığı araşdırılırmı? Araşdırılmalıdırmı?

Kənan Zeynalov bu suallara “tərəfimizdən bununla bağlı şərh verilmir” deməklə kifayətlənib.

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin bank hesablarındakı 5.6 milyon funt-sterlinqi (7.5 milyon dollar) müsadirə edib. Agentliyin məlumatında qeyd olunur ki, bank hesablarında daha öncədən dondurulmuş 15.3 milyon funt-sterlinq vəsaitdən 5.6 milyonun müsadirəsi barədə order çıxarılıb. Aparılan araşdırma nəticəsində deputatın həyat yoldaşı Pərvanə Feyziyeva, oğlu Orxan Feyziyev və qardaşı oğlu Elman Cavanşirin adına olan 6 hesab barədə sərəncam verilib. Sərəncamda həmin vəsaitlərin mənbəyinin pul yuma şirkətləri olduğu qeyd edilir. Böyük Britaniyanın mənbəyi bəlli olmayan varidatları aşkara çıxaran Milli Cinayət Agentliyi Feyziyevin ailə üzvlərinin vəsaitlərini Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (“Organized Crime and Corruption Reporting Project” – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmasından sonra başlayıb. Araşdırmada ən azı 2,9 milyard dolların ölkədən qanunsuz yolla çıxarıldığı və çirkli pulların yuyulmasında ixtisaslaşan şirkətlər vasitəsilə leqallaşdırıldığı iddia edilir. Araşdırmaya görə, pulyuma şəbəkəsinin xidmətlərindən Feyziyevin təsisçisi olduğu “Avromed” şirkəti də istifadə edib. Azərbaycan hüquq-mühafizə orqanları isə hələ ki pulyuma iddialarını araşdırmaq niyyətində deyil.

Təhqiqatçıların qənaətinə görə, Cavanşir Feyziyevin yaxınlarının bank hesablarına vəsaitlər Estoniya və Latviyadakı bank hesabları işlədən saxta şirkətlər vasitəsilə dövr edilib. Bu transferlərin bəzilərinin sənədləri, invoys və kontraktları olub, onlara legitim biznes tranzaksiyaları dəstəyi verməyə çalışıblar.

Vestminister Magistr Məhkəməsində 3 həftəlik dinləmədən sonra hakim Con Zani bu sənədlərin tamamilə saxta olması, məqsədin pulyuma fəaliyyətini pərdələmək olmasına yetərincə dəlil olması qənaətinə gəlib. Bank hesablarındakı 15.3 milyon funt-sterlinq vəsaitdən 5.6 milyonun müsadirəsi barədə order çıxarılıb.

Hüquqşünas Əkrəm Həsənov deyib ki, deputatın Londonda müsadirə edilən vəsaitləri ilə bağlı Azərbaycanda da araşdırmaların başlanması üçün kifayət qədər əsaslar var:

“Mütləq deyil ki, kimsə şikayət versin. Əgər cinayət şübhəsi varsa, bununla bağlı araşdırma aparılmalıdır. Bu məsələ ilə bağlı araşdırmaların başlanması üçün Azərbaycan mətbuatında yazılanlar kifayətdir. Mümkündür ki, prokurorluq artıq araşdırmalara başlayıb. Amma açıqlamağa tələsmirlər. Deputat yox, adi insan olsaydı, aşağı prokuror səviyyəsində bunlar artıq bunu başlayardılar. Son vaxtlar biz görürük ki, mətbuatda kimsə çıxır nəsə deyir, sosial şəbəkələrdə nəsə yazır və buna görə də prokurorluq hərəkətə keçir, tədbir görürlər. Ola bilər ki, burada söhbət deputatdan getdiyi üçün bunu adi prokuror eləməyəcək. Gözləyirlər ki, ən yüksək prokurorluq səviyyəsində kimsə desin, başlasınlar. Təəssüf ki, bu gün qərarlar belə verilir. Bu gün Azərbaycan vətəndaşları iki qrupa bölünürlər. Bir böyük qrupdur, bir də ki, adi xalqdır. Adi xalq banka dollar almağa gedirsə, soruşurlar ki, pulu haradan qazanmısan? Deputatın misalında isə söhbət o boyda puldan gedir. Düşünürəm ki, sadəcə, hələlik öyrənirlər ki, buna qarşı nəsə etmək olar, olmaz. Olarsa, nə səviyyədə olar. Mən hesab edirəm ki, prokurorluq ən azından bu məsələni araşdırmalıdır. Bu gün prokurorluq rəhbərliyi qurumun Beynəlxalq Əlaqələr İdarəsinə tapşırmalıdır ki, xarici dövlətlə əlaqələri saxla, məlumatları topla, baxaq görək işin içində nə var, nə yox. Əminəm ki, hansısa səviyyədə addımlar atılır. Sadəcə, mətbuata hələlik məlumat vermirlər. Mümkündür ki, deputat artıq dindirilir, onunla söhbətlər aparılır, izahatlar alınır. Mən bunu istisna etmirəm. Sadəcə, bizdə prokurorluq kiminsə haqqında açıqlama verəndə biz artıq yəqin edirik ki, adam cinayətkardır. ”Bu niyə belədir” sualı yaranır. Çünki bilirik ki, Azərbaycanda dövlət məmurlarının əksəriyyəti korrupsionerdir. Bunu bildiyimiz üçün prokurorluq kimsənin barəsində məlumat yayanda, deyirik ki, cinayətkardır. Azərbaycan Prokurorluğu da bu məsələ ilə bağlı gecikmədən araşdırmalara başlamalıdır”.

Hüquqşünas Cavanşir Feyziyevin, ailə üzvlərinin külli miqdarda vəsaitin ölkədən çıxarmasının səbəblərinə də toxunub: “Bu məsələ çox maraqlı bir məqamı da ortaya çıxardı. Azərbaycanlı məmurlar pullarını ölkədə saxlamaq istəmirlər. Fərqi yoxdur, pul halal qazanılıb, haram yolla əldə edilib. Böyük pullara sahib olan adamlar görürlər ki, ölkədə qanunun aliliyi yoxdur. Görürlər ki, məhkəmə-hüquq sistemi normal işləmir. Görürlər ki, kapitallarına təhlükə daimidir. Bütün dünyada ilkin kapitalın mənbəyi 99 faiz cinayət yolu ilə əldə edilib. Oğrular, quldurlar, adam öldürənlər böyük pullar əldə ediblər. Hər yerdə belə olub, Birləşmiş Ştatlardan tutmuş həmin o Böyük Britaniyaya qədər belə olub. Amma tarixin müəyyən dönəmində deyiblər ki, ”stop”, bu gündən cinayət yolu ilə əmlak əldə etmə dayandırılır, əmlaklarınızı tanıyırıq, bundan sonra cinayət yolu ilə varidat əldə edənlər qanun qarşısında cavab verəcəklər. Bu bizdə hələ baş verməyib. Ona görə də heç kəs burada əmlakına görə təminatlı deyil. Yəni istənilən adamın evini də, malını da, mülkünü də əlindən ala bilərlər. Ona görə də bu gün vəzifədə olan, pulu çox olan adamlar pullarını ölkədən çıxarmağa can atırlar. Bu gün Azərbaycanda vəzifə sahibi olanların əksəriyyətinin pullarının əsas hissəsi xaricdədir. Bir hissəsini isə Azərbaycanda ona görə saxlayırlar ki, burada həmin pullarla daha çox qazanmaq mümkündür. Azərbaycanda bina tikintisinə qoyulan hər 10 manat 100-lə manat gəlir gətirir. Xaricdə isə bu mümkün deyil.

Bunun əsas pis tərəfi budur ki, bu adamlar Azərbaycanın gələcəyinə inanmırlar. Bu gün Azərbaycan parlamentində 1991-ci il 18 oktyabrda Müstəqillik Aktının əleyhinə səs verən adamlar deputat olaraq oturublar. Bu adamlar lap əvvəldən müstəqilliyin əleyhinə səs veribsə, deməli, Azərbaycanın dövlət olaraq ayaqda qalacağına inanmırlar. Amma indi deputatdırlar. Çox təəssüf ki, Azərbaycanda seçicilər öz deputatlarını adları kriminal olaylara qarışandan sonra tanıyırlar. Yəni ona görədir ki, bunlar bu adamların çoxu, hamısı yox, əksəriyyəti bu dövlət üçün işləmir, dövlətin gələcəyini də görmür, ona görə də aparıb pullarını Böyük Britaniyaya qoyurlar. O qədər bisavaddırlar ki, tarixi də bilmirlər. Bilmirlər ki, Böyük Britaniya pul qoymaq üçün ən təhlükəli yerdir. Sadəcə, xatırlasınlar ki, yüz il əvvəl, Rusiya inqilabından sonra rus zadəganları Böyük Britaniyaya qoydurları pullarını almaq istəmişdilər. Lakin inqilabdan sonra heç bir rus zadəganı oradan pulunu ala bilmədi. Böyük Britaniya həmişə belə edir. Bunu bilmək üçün tarixə nəzər salmaq kifayətdir”.

  •  (0)
  •  (0)