“Bunları da mətbuat yazmadı ki, dövlət başçısı dedi” – Deputat məmurları tənqiddən nəticə çıxarmağa ÇAĞIRDIbackend

“Bunları da mətbuat yazmadı ki, dövlət başçısı dedi” – Deputat məmurları tənqiddən nəticə çıxarmağa ÇAĞIRDI

“Vətən müharibəsi gedəndə o qədər birlik, bərabərlik nümayiş olundu ki, düzü hər şeyin başqa cür olacağına inanmışdım. Hətta illərdir barələrində danışdığımız korrupsioner, rüşvətxor məmurların da özlərinə bir dərs götürəcəyini düşünürdüm. Amma cənab Prezidentin dünən axşamkı çıxışı göstərdi ki, bu məmurlar “köhnə hamam, köhnə tas” prinsiplərindən əl çəkmirlər”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ölkə başçısı İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində bəzi məmurlar barədə tənqidlərini şərh edərkən bildirib.

V.Əhmədovun sözlərinə görə, bəzi məmurlar öz əməllərindən əl çəkmirlər:

“İllərdir cənab Prezident tənqid edir, tapşırıq verir, amma dünən konkret adlar çəkildi. Bunu da mətbuat yazmadı ki, desinlər təhrif edilib, kimsə onları tənqid edir. Ölkə rəhbərinin tənqidləri həmin məmurların əməllərinin adekvat cavabı idi. Hesab edirəm ki, adı çəkilən və digər məmurlar ölkə başçısının bu çıxışından nəticə çıxarmalıdırlar. Əksi heç yaxşı olmayacaq”.

Parlamentari deyib ki, şəhidlərin qanı qurumayan Şuşanı zəbt etmək həvəsi insanlığa sığmır:

“Cənab Prezident dediyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. İllərdir Bakıda, ayrı-ayrı bölgələrdə hektarlarla torpaqlar zəbt olunub, Xəzər hasara alınıb. İndi eyni şeyi gedib Şuşada etmək istəyirlər. Otelləri, obyektləri, villaları azlıq edir?! Bu, sadəcə ayıbdır.

Biz ermənilərin viran qoyduğu Qarabağı insanların yaşaya biləcəyi hala gətirməliyik. Niyə Qarabağı dirçəltmək üçün qollarını çırmamırlar, əvəzində öz aləmlərində bölgü aparırlar? Qubadlı, Kəlbəcər Laçınla sərhəddə görüləcək işlər var. Niyə orada xidmət aparan hərbçilərimizin şəraitini yaxşılaşdırmaq üçün nəsə etmirlər? Bəsdirin büdcəni taladığınız, nə qədər demək, nə qədər tənqid etmək olar?”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovu, Fövqəladə hallar naziri (FHN) Kəmaləddin Heydərovu, Azərbaycan Hava Yolları QSC-nin (AZAL) sədri Cahangir Əsgərovu, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevi, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevi sərt tənqid edib.

  •  (0)
  •  (1)