“Azərbaycan Dəmir Yolları” QSC və onun strukturuna daxil olan qurumların fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün zəruri olan lisenziya və icazələrin alınmasından azad olunacaq.
“Hokm.az” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nəqliyyat haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən lisenziyaların və icazələrin alınmasından azadolma halları müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmalıdır. Qanunun bu tələbi nəzərə alınmaqla, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanmışdır və müvafiq qurumun (“Azərbaycan Dəmir Yolları” QSC və onun strukturuna daxil olan qurumların) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün zəruri olan lisenziya və icazələrin alınmasından azad olunmasını nəzərdə tutur. Lisenziya və icazələrin alınması tələb olunmayan işlərin siyahısı qanun qəbul olunduqdan sonra təsdiq ediləcək.
Bu dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində vahid prinsiplərin tətbiqinə və öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri çevik, operativ görə bilməsinə xidmət edir. Belə ki, analoji qayda Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi, “Avtomobil yolları haqqında” və “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikası qanunları ilə müvafiq olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Azərbaycan Respublikası Kosmik Agentliyinə (Azərkosmosa) də tətbiq edilib.