“Qardaşlığımız əbədidir” QHT koalisiyasının rəhbəri Emin Həsənli Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli zəlzələ ilə bağlı qardaş xalqa başsağlığı verib.
Başsağlığında deyilir:
Bu gün səhər saatlarında qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ və çoxsaylı insan tələfatı bizi sarsıtdı. Hər zaman birlikdə olduğu kimi, bu çətin anlarda da Türkiyə xalqı ilə birlikdə olduğumuzu ifadə etmək istərdim.
Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz “bir millət, iki dövlət” olaraq hər zaman xoş gündə də, ağır gündə də bir yerdəyik.
Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizdir” dediyi kimi, biz də bu gün “Türkiyənin kədəri bizim də kədərimizdir” deyirik.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə zəlzələnin yaratdığı durumun aradan qaldırılması və uçqunlar altında qalan insanların xilas olunması üçün xilasetmə komandası Türkiyəyə yola düşdü.
Ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq.
Bu, Ulu öndər Heydər Əliyevin və Qazi Mustafa Kamal Atatürkün illər əvvəl ifadə etdikləri fikirlərin çətin anlarda təzahürüdür.
Bu ağır günlərdə bütün Azərbaycanın Türkiyə ilə birlikdə olduğunu bir daha bildirmək istəyirəm.
Allahdan dünyasını dəyişənlərə rəhmət, yaralılara tez sağalmalarını, uçqunlar altında qalanların tezliklə xilas olunması üçün xilasetmə qüvvələrinə güc-qüvvət diləyirəm.
Əminəm ki, türk milləti bu ağır sınaqdan da çıxacaq.
Allah Türkiyəmizi qorusun!
Allah Türk millətinin birliyini qorusun!