ABŞ-ın Corciya ştatında avtomobil xidmətinin işdən çıxan əməkdaşına maaş əvəzinə 230 kiloqram 1 sentlik çirkli qəpik veriblər.
Hokm.az xəbər verir ki, bu barədə “UPİ” yazır.
Belə ki, 2020-ci ilin noyabr ayında Andreas Fleyten işdəki abu-havanı bəyənmədiyi üçün çıxmaq qərarına gəlib. Onun bu addımı rəhbərlik tərəfindən bəyənilməyib.
Yanvar ayının sonuna qədər ona 915 dollar verilməli olsa da, pulunu almayan Fleyten əmək departamentinə şikayət edib.
Həmin günün gecəsi onun evinin qarşısına yağın içində olan qəpiklər tökülüb. Onların ümumi çəkisi 230 kiloqram olub.
“Mən onlarla nə edəcəyimi bilmirəm”, – deyən Andreas qəpikləri hələlik qaraja yığıb və istifadə etməzdən öncə təmizləməyi düşünür.
Fleytenin keçmiş müdiri qəpikləri evinin qarşısına tökmədiyini iddia edir: “Bütün bunların əhəmiyyəti yoxdur. Əsas odur ki, onun maaşı ödənilib”.big.az