Ramazan bayramı münasibətilə Azərbaycan Biznes Partnyorları Klubu (BPC) iftar süfrəsi təşkil edib.
“Mənzərə” restoranında təşkil olunan mərasimində çıxış edən Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri Gülpəri Bayramova bildirib ki, klub bu ilin fevral ayında fəaliyyətə başlayıb. Onun sözlərinə görə, ölkəmizin aparıcı iş adamları tərəfindən ərsəyə gətirilən BPC-nin əsas məqsədi sahibkarlar arasında işgüzar, faydalı və qarşılıqlı münasibətlərə nail olmaq, “Made in Azerbaijan” brendini təşviq etməkdir.
Yeni üzvləri salamlayan sədr qeyd edib ki, Azərbaycan Biznes Partnyorları Klubunda (BPC) 90 özəl şirkət təmsil olunur və onların arasında ən müxtəlif sahələrdə fəaliyyət göstərən biznes subyektləri mövcuddur: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəboyu islahatlar həyata keçirilir və bu islahatların nəticəsini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir. Kompleks və instusional islahatların məntiqi nəticəsi olaraq ölkəmiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bu, özəl sektorun da fəaliyyətinə təsirsiz ötüşməyib. İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və digər aidiyyatı qurumlar assosiativ biznes təşkilatlarının formalaşmasına xüsusi diqqət göstərirlər. Biznes subyektlərinin təşkilatlandığı, səyərini birləşdirdiyi bir ərəfədə bir qrup iş adamları olaraq biz də Azərbaycan Biznes Partnyorları Klubunu (BPC) təsis etmək qərarına gəldik”.
G.Bayramova BPC-nin yeni yaranmasına baxmayaraq, klubun fəaliyyətinə böyük maraq olduğunu diqqətə çatdırıb: “Pandemiyalar, müharibələr, beynəlxalq münasibətlər sistemindəki gərginliklər dünya düzənini dəyişir və belə bir həssas dönəmdə hər bir ölkə daxili istehsalını artırmağa, xarici bazarlara daha çox çıxış əldə etməyə çalşır. Azərbaycan dövlətinin bu yöndə atdığı addımlar təqdir olunmalıdır. Azərbaycan Biznes Partnyorları Klubu (BPC) olaraq biz də bu prosesə öz töhfəmizi vermək niyyətindədyik. Hazırda müxtəlif beynəlxalq ticari təşkilatlarla əməkdaşlığımız davam edir. Qarşıdakı bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə təşkilatçılı qismində iştirak edəcəyik. Eləcə də dövlət qurumları ilə buznes subyektləri arasında əməkdaşlığa öz töhfəmizi vermək niyətindəyik” – deyə Bayramova fikrini yekunlaşdırıb.
Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvləri Turan Özbahçeci, Vəsilə Abulova və klubun üzvləri çıxış edərək öz təəssüratlarını bölüşüblər.
Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb. Vurğulanıb ki, BPC-nin müxtəlif sahələr üzrə fəaliyyətini tənzimləyəcək komissiyaları fəaliyyət göstərəcək.
Yekunda “Cığır mənəvi dəyərlərin inkişafına dəstək” İctimai Birliyinin sədri Yeganə Mirzəyeva Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri Gülpəri Bayramovanı təltif edib. O qeyd edib ki, valideyn himayəsindən məhrum uşaqlara və ailə başçısını itirmiş xanımlara dəstək məqsədilə yaradılan birliyin fəaliyyətinə ən yaxın dəstək olanlardan biri də Gülpəri Bayramova olub: “Gülpəri xanım hər zaman bizim yanımızda olub. Səxavətli, xeyirxah bir iş adamı olaraq heç zaman öz dəstəyini bizdən əsirgəməyib. Bu gün biz də onun yanındayıq. Allah yolunu açıq eləsin” – deyə Mirzəyeva vurğulayıb.