Azərbaycan Biznes Partnyorlar Klubunun (BPC) İdarə Heyətinin sədri Gülpəri Bayramovanın müsahibəsi
– Gülpəri xanım, Azərbaycan Biznes Partnyorlar Klubu (BPC) Azərbaycan və Ukraynadan olan iş adamlarını bir araya gətirdi. Görüşdə gələcək fəaliyyət istiqamətləri ilə bağlı hansı razılıqlar əldə olundu?
– Azərbaycanla Ukrayna arasında iqtisadi münasibətlər, ticarət dövriyyəsi hər zaman yüksək səviyyədə olub. Təsadüfi deyil ki, Ukraynada yaşayan azərbaycanlıların da sayı az deyil. Onların əksəriyyəti məhz ticarətlə məşğuldurlar. Rusiya ilə müharibədən sonra bu ölkədə sabitlik pozulsa da, Azərbaycan və Ukrayna arasında iqtisadi münasibətlər bu gün də davam edir. Azərbaycan müharibə dövründə dəfələrlə Ukraynaya humanitar yardımlar edib. Rusiyanın genişmiqyaslı müdaxiləsindən əvvəl Ukrayna ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2015-ci ildəki 300 milyon dollarla müqayisədə 1 milyard dolları ötmüşdü.
2023-cü ildə Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 239 milyon dollar təşkil edib. Azərbaycanda Ukrayna kapitallı 200-ə yaxın şirkət qeydiyyatdan keçib. Ukraynalı sahibkarlara Azərbaycanın dövlət qurumları tərəfindən məsləhət və informasiya dəstəyi göstərilir. Azərbaycanda biznes üçün əlverişli mühitin mövcudluğunu, Ukrayna şirkətlərinin burada uğurlu fəaliyyət göstərdiyini, Ukrayna məhsullarına və ukraynalı mütəxəssislərə maraq olduğununu ukraynalı sahibkarların özləri də etiraf edirlər.
Bütün bunları nəzərə alaraq, rəhbəri olduğum və əsas fəaliyyət istiqaməti “Made in Azerbaijan” brendinin təşviqi və xarici ticari əlaqələrin artırılması olan Azərbaycan Biznes Partnyorları Klubu (BPC) “Business Woman Ukrain Club” ilə birlikdə qarşılıqlı ticari əməkdaşlıq imkanlarının artırılmasına, iş adamlarının iştirakı ilə birgə layihələrin reallaşdırılmasına və işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə həsr olunan tədbir keçirdi. Tədbirdə münasibətlərin gələcək inkişafına dair mühüm qərarlar qəbul edildi. Dövlət qurumları və Ukraynanın Azərbaycandakı səfirliyi də bu tədbirə böyük maraq göstərirdi.
– Azərbaycan Ticarət Forumunda spiker olaraq nitqiniz maraqla qarşılanıb. Biznes subyektlərinin potensial imkanlarından bəhs edən forumun yekunları ilə bağlı təəssüratlarını eşitmək maraqlı olardı…
– Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının təşkilatçılığı, “PAŞA Holding”in maliyyə dəstəyilə baş tutan Azərbaycan Ticarət Forumunun panel mərhələsində spiker kimi çıxışım doğrudan da qürurverici idi. “Kiçik və orta biznes subyektləri (KOB) üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusuna həsr olunan panel nitqimdə Azərbaycanda KOB-lar üçün beynəlxalq ticarət və logistika imkanları, işğaldan azad edilən torpaqlarımızın bərpasında KOB-ların iştirak səviyyəsi və digər mövzular ətrafımda təkliflərimi diqqətə çatdırdım. Məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən hər 10 şirkətdən 9-dan çoxu KOB subyektidir. Burada haşiyəyə çıxaraq bldirim ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB-ların inkişafı, həmrəyliyi aspektində fəaliyyəti təqdirəlayiqdir və bu qurumun bilavasitə təşkilatçılığı ilə baş tutan Azərbaycan Ticarət Forumu da bu xüsusda yüksək qiymətləndirilməlidir.
– Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclasında da BPC fəal iştirak etdi. Azərbaycan və Səudiyyə Ərəbistanından olan sahibkarlar arasında əməkdaşlığa xüsusi diqqət ayırırsınız. Ticari münasibətlərin gələcəyini necə görürüsünüz?
– BPC müxtəlif dövlətlərdən olan iş adamları ilə azərbaycanlı sahibkarlar arasında körpü rolunu oynamaqda davam edir. Səudiyyət Ərəbistanı da bizim əsas ticarət partnyorlarımızdan biridir. Ölkəmizlə bu ərəb ölkəsi arasında ticarət dinamikası çox yüksək və ümidvericidir. BPC olaraq azərbaycanlı sahibkarların Səudiyyə Ərəbistanına səfərini təşkil etdik. Bu səfər nəticəsində iki ölkə sahibkarları arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq razılaşmaları əldə olundu. Səudiyyə Ərəbistanının Azərbaycandakı diplomatik korpusunda cənab səfərin iştirakı ilə bir neçə dəfə iş adamlarının görüşünü təşkil etmişik. Bir müddət öncə keçirilən ölkənin ildönümünə həsr olunan tədbirdə 30-a yaxın BPC üzvü iştirak edib. Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclasında da aktiv iştirak etdik və onlarla BPC üzvü iclasa qatıldı. Münasibətlərin gələcəyində dair suala gəldikdə isə, bundan nikbinik və BPC olaraq bundan sonra da bu mütərəqqi prosesə öz töhfəmizi verməyə çalışacağıq.
– “Made in Azerbaijan” brendinin təşviqi ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən olmaqla yanaşı, BPC-nin də əsas fəaliyyət sahəsidir. Sizcə, yerli məhsulların xarici bazarlara çıxışını artırmaq üçün daha hansı addımlar atılmalıdır?
– Bu istiqamətdə atılan addımlar, görülən işlər yüksək qiymətləndirilməlidir. Xüsusən İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) fəaliyyəti diqqətəlayiqdir. Təbii ki, qarşıda görüləsi işlər hələ çoxdur. Brendin tanıtımı və marketinqi, ixrac dəstəyi proqramları, keyfiyyət və sertifikatlaşdırma işinin təşkili, innovasiyalar və texnoloji yeniliklərin tətbiqi, regional və beynəlxalq əməkdaşlıq, loqistika və infrastruktur sisteminin optimallaşdırılması, yerli brendin dəyərinin artırılması və s. istiqamətlərdə səylər daha da gücləndirilməlidir.
Xarici bazarlarda Azərbaycan məhsullarının daha çox satılması üçün regionlararası ticarət əlaqələri gücləndirilməli, beynəlxalq biznes forumları və sərgilərdə fəal iştirak səviyyəsi yüksəldilməlidir. Eyni zamanda İxrac proseslərinin səmərəliliyini artırmaq üçün nəqliyyat-logistika infrastrukturu təkmilləşdirilməli, həm yerli, həm də beynəlxalq çatdırılma kanalları artırılmalı, yerli istehsalçıların daha çox innovativ məhsullar yaratmasına və yüksək texnologiyalarla rəqabətqabiliyyətli məhsullar istehsal etməsinə şərait yaradılmalı, hədəf ölkələrdə reklam, sosial media marketinqi və beynəlxalq sərgilərdə iştirak üçün proqramlar hazırlanmalı və icra edilməlidir.