Azərbaycan Bisnes Partnyorları Klubu (BPC) “FINCA International” beynəlxalq təşkilatı ilə Anlaşma Müqqaviləsi imzalayacaq. Qurumun Azərbaycandakı qanadı – “FINCA Azerbaijan”da BPC sədri Gülpəri Bayramova ilə görüşdə bununla bağlı qərar verilib. Razılaşmaya əsasən, BP-yə üzv olan qadın sahibkarlar “FINCA Azerbaijan”ın güzəştli kredit imkanından bəhrələnə biləcəklər.
BPC sədri Gülpəri Bayramova Apress.az-a bildirib ki, bu gün rəhbəri olduğu qurumda onlarla xanım sahibkar təmsil olunur: “Ötən ilin fevral ayından fəaliyyətə başlayan BPC hazırda 100-dən artıq şirkəti öz ətrafında birləşdirir. Həmin şirkətlərin rəhbərləri BPC-nin kollektiv qaydada üzvüdür və şirkətlərin rəhbərləri Direktorlar Şurasında təmsil olunurlar. Onların arasında biznes-ledilərin də sayı az deyil. “FINCA” ilə müqavilənin şərtlərinə uyğun olaraq BPC-də təmsil olunan xanım sahibkarlar güzəştli kredit imkanından yararlanacaqlar” – Bayramova vurğulayır.
Əlavə edir ki, əsas fəaliyyət istiqaməti yerli istehsalın və “Made in Azerbaijan” brendinin təşviqi olan BPC üzv şirkətləri xarici bazarlara çıxaracaq: “Artıq bununla bağlı Fəaliyyət Planı da hazırlamış və bu istiqamətdə mühüm razılaşmalar əldə etmişik. İlkin olaraq BPC-yə üzv şirkətlərin Serbiya, İordaniya, Küveyt, Səudiyyə, Belarus və Özbəkistan səfərlərini təşkil edib, xarici tərəfdaşlarla əməkdaşlığına nail olacağıq. Satış, aqrar, xidmət, ticarət sahəsində mühüm razılaşmaların əldə olunması gözlənilir” – Bayramov qeyd edir.
Xatırladaq ki, “FINCA International” kredit təşkilatı dünyanın 22 ölkəsində çalışır və “FINCA Azerbaijan” Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyət göstərir. Kredit təşkilatı 150 mindən artıq müştəri ilə çalışıb və ölkəmizin 60-dan çox bölgəsində xidmət göstərir.