Böyük Zəfərimizin yaratdığı yeni REALLIQLARbackend

Böyük Zəfərimizin yaratdığı yeni REALLIQLAR

“Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilə qədər qarşısında qoyulan missiyanı böyük şərəflə və peşəkarcasına həyata keçirdi. 44 günlük Vətən Müharibəsində əldə olunan Zəfər və ondan sonrakı uğurlu əməliyyatlar Ordumuzun üzərinə düşən vəzifəni tamamladığını və məqsədə tam çatdığını deməyə imkan verir.

Ölkəmizin ərazi bütövlüyü təmin ediləndən və Qarabağda separatizmin kökü kəsiləndən sonra ordu quruculuğunda həm strukturlaşma, həm də qanunvericilik müstəvisində dəyişikliklərin edilməsi zərurəti yarandı. Bu mənada Milli Məclisdə birinci oxunuşda müzakirə olunmuş “Hərbi vəzifə və hərbi xidmət haqıqnda qanun”a təklif olunan dəyişikliklər zərurətdən və günümüzün reallığından doğur. Bu dəyişiklər olduqca əhəmiyyətlidir. Dəyişikliklər hərbi çağırışla bağlı prosedurları sadələşdirəcək, bu sahədə şəffaflığı artıracaq”.

Hokm.az xəbər verir ki bunu  Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Layihədə hərbi vəzifələrin icrası ilə əlaqədar vətəndaşlar tərəfindən elektron kabinetlərin yaradılmasının  nəzərdə tutulduğunu deyən M.Vəliyeva bildirdi ki, layihə qəbul ediləndən sonra çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların vərəqələri vətəndaşın elektron kabinetində yarləşdirləcək. Bu barədə onlara SMS məlumat çatdırılacaq. Layihədə “tibbi șəhadətləndirilmə”, “elektron kabinet” və “çağırış vərəqəsi” kimi anlayışlar öz əksini tapıb. Aidiyyəti dövlət orqanları arasında çağırışçının tibbi müayinəsinin nəticələrinin elektron qaydada əldə edilməsi bu sahədə mövcud anlaşılmazlıqları aradan qaldıracaq, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyasını asanlaşdıracaq. Müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaş həddinin 35-dən 30 yaşa endirilməsi də qanuna təklif olunan dəyişikliklər sırasındadır. Bu da müasir və peşəkar ordu quruculuğunun vacib elementlərindən biridir.

30 yaşına qədər möhlət hüququndan yaralanmış vətəndaşların bu yaşdan sonra həqiqi hərbi xidməti vəzifəsindən azad edilməsi imkan verəcək ki, onlar karyera pillələrində fasilə vermədən yüksəlsinlər. Bakalavriatda və magistraturada əyani təhsil alan tələbələr 24 və 26 yaşı tamam olanadək möhlət  hüququna malik olacaqlar. Dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcək. Hərbi xidmətə çağırışdan möhlət verilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyì orqanın informasiya sistemində yerləşdiriləcək və həmin məlumat vətəndaşın tanış olması üçün Elektron Hökumət Informasiya Sisteminə göndəriləcək. Azərbaycan xalqının demoqrafik artımında müşahidə olunan müsbət dinamika və gənclərin hərbiyə olan marağı imkan verir ki, biz ordumuzu 30 yaşına qədər olan gənclərlə tam şəkildə komplektləşdirək.

Eyni zamanda Azərbaycan-Ermənistan arasında hərbi qarşıdurma ehtimalının azalması, gərginliyin səngiməsi və sülh danışıqlarının intensivləşməsi bu islahatları vacib edir. Dövlətin hərbi yükünün azaldılması digər sahələrə diqqətin daha da artırılmasına imkan verəcək.  Onu da bildirim ki, hələ qanun Milli Məclisdə qəbul edilməyib və Prezident tərəfindən təsdiqlənməyib. Təəssüflər olsun ki, qanuna təklif olunan əlavə və dəyişiklikdən xəbəri olmayan bəzi şəxslər “həqiqi hərbi xidmət müddəti azaldılır” kimi yanlış informasiyaları dövriyyəyə buraxırlar ki, bu da insanlar arasında çaşqınlıq yaradır. Hələlik  həqiqi hərbi xidmət müddətinin azaldılması Milli Məclisdə müzakirə olunmur”.

Millət vəkili sonda onu da əlavə etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sahədə apardığı islahatlar özünün müsbət effektini verir: “İslahatların davamlı olması bu sahəyə dövlətin güclü  diqqət və qayğısından xəbər verir. Peşəkar ordu sisteminə keçid istiqamətində davamlı addımlar atılır. Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu qarşısına qoyulan bütün tapşırıqları yüksək səviyyədə həyata keçirmək əzmindədir. Biz bunu 44 günlük Vətən Müharibəsi və ondan sonrakı əməliyyatlarda da gördük. Müasir hərb elmi sübut edir ki, orduda kütləviliyə deyil, peşəkarlığa can atan ölkələrin qoşunları qarşılarına qoyulan hədəflərə, məqsədlərə daha tez çatırlar, az itki ilə böyük nailiyyətlər əldə edirlər”.

  •  (0)
  •  (0)