“Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova paytaxtın Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən yaşayış kompleksində şəhid ailələrini ziyarət edib. 10 şəhid ailəsini ziyarət edən biznes-ledi onlara bayram sovqatı paylayıb.
Gülpəri Bayramova Zəfər gününün əhəmiyyətindən söz açaraq bildirib ki, bu tarixi qələbə nəticəsində bir millət olaraq üzərimizdə olan ləkəni silmişik: “Nəhayət 30 ildən sonra işal altında olan doğma torpaqlarımız azad edilib. Xocalıda, Bərdədə, Gəncədə, Tərtərdə soyqırıma məruz qalan soydaşlarımızın qisası alınıb. Tarixi həsrətimizə son qoyulub. Heç şübhəsiz bu qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən həyata keçirilib. Ermənilər torpaqlarımızı işğal altında saxladığı dövrlərdə “böyük Ermənistan” kimi saxta xülyalarla yaşasalar da, Azərbaycan öz iqtisadi və hərbi qüdrətini artırıb.
Dünya miqyasında rolunu möhkəmləndirib. Bu illər ərzində dövlətimiz arxa cəbhədə gələcək qələbə üçün zəmin hazırlayıb. Məhz Cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və praqmatik siyasətin nəticəsidir ki, Azərbaycan bu gün regionun lider, dünyanın isə nüfuzlu ölkələrindən birinə çevrilib. 44 günlük vətən müharibəsində əldə etdiyimiz bu tarixi qələbəyə görə, öz canı və qanı bahasına bu qələbəni təmin edən şəhidlərimizə və qazilərimizə borcluyuq. Bu qəhrəman övladlar bu ailələrdə yetişib. Çox fəxr edirəm ki, sizlərlə bir aradayam və ömrümüz yetdiyi qədər də yanınızda olacağıq”.
Öz növbəsində “Agromix” rəhbərinə təşəkkür edən şəhid ailələri bildirib ki, Gülpəri Bayramova kimi peşəkar və xeyriyyəçi bir iş xanımı ilə tanış olmaq qürurvericidir. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə olunan tarixi Zəfərdə övladlarının canı bahasına iz qoymasından qürur hissi keçirdiklərini bəyan ediblər. Qeyd ediblər ki, hazırda məskunlaşdıqları və şəhid ailələri üçün nəzərdə tutulan bu yaşayış kompeksində onların rahat şəraitdə yaşamaları üçün bütün imkanlar yaradılıb. Prezident İlham Əliyevin yaşayış kompleksini açılışında söylədiyi nitqin şəhid ailələri üçün motivasiya mənbəyi olduğunu qeyd ediblər.
Daha sonra iş adamı şəhid ailələri ilə birlikdə birinci və ikinci Şəhidlər Xiyabanlarını ziyarət edib. Şəhidlərimizin məzarı önünə əklillər qoyub. G.Bayramova qeyd edib ki, bu torpağın altında uyuyan qəhrəman övladlarımızın sayəsində xəyal etdiyimiz arzuya qovuşmuşuq: “Bu gün Şuşa türk dünyasının mədəniyyət paytaxtıdır. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və digər ərazilərimiz işğaldan azad edilib. Bu gün həmin ərazilərdə müasir şərait yaradılır, infrastruktur qurulur, beynəlxalq standartlara cavab verən hava limanları tikilib istifadəyə verilir. Bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin və bu torpağın altında uyuyan şəhid qardaşlarımızın sayəsində mümkün olub. Allah şəhidlərimizə rəhmət eləsin!”.
Qeyd edək ki, Gülpəri Bayramova Azərbaycan ən gənc və fəal iş xanımlarındandır. Rəhbəri olduğu “Agromix” şirkəti idxal, ixrac və fermer fəaliyyəti ilə məşğul olur. Paytaxtın nüfuzlu marketlər şəbəkəsini və ictimai iaşə müəssisələrini kənd təsərrüfatı məhsulları ilə təmin edir. Eyni zamanda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) və digər assosiativ ticari birliklərin fəal üzvüdür. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə sıx əməkdaşlıq edir, bir sıra sosial sahibkarlıq layihələrinin müəllifidir.