Martın 10-da azad olunaraq Livana göndərilən erməni qadın snayper Maral Nacaryan əsir düşməyindən və Azərbaycanda saxlanılmasından danışıb.
Hokm.az Axar.az-a istinadən xəbər verir ki, “Şant” telekanalına açıqlamasında Nacaryan noyabrın 10-da diaspordan olan yaxını Vigen Eulcekçyanla Şuşaya gedərkən saxlanıldıqlarını deyib.
“Biz Şuşaya gedirdik. Azərbaycan əsgərləri bizi mühasirəyə aldı. Onlara dedik ki, Vigenin Şuşadakı oteldə qalan əşyalarını götürmək üçün gedirik. Onlar bizim pasportumuzu, portmanatımızı, maşının açarını və mobil telefonlarımızı götürdü. Əsgərlər bizə dedilər ki, əgər sizin Azərbaycanla probleminiz yoxdursa, onda sizi İrəvana göndərəcəyik”, – Nacaryan bildirib.
Erməni snayperin sözlərinə görə, Bakıda onunla yaxşı davranıblar və bir dəfə də olsun döyməyiblər.
Qeyd edək ki, erməni əsilli Livan vətəndaşı Maral Nacaryan ötən il noyabrın əvvəllərində Laçın rayonu ərazisində Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüşdü.