Əfsələddin Ağalarov
Pakistanın prezidentlərindən Məhəmməd Ziyaülhak haqqında bir çoxları bilməz. Elə də dünyaca məşhur lider olmayıb. Ziyaülhak çevirilişçi idi. Həm də demokratik ilkələrə arxasına alıb seçkilərdə qalib gələn Zülfikar Ali Buttonu devirərək hərbi rejimin əsasını qoyan biri kimi pakistanlıların ağlında özünə yer edən çevirilişçi. Almaniyada oxuyan, İngiltərənin hərbi akademiyasını bitirib ingilis ordusunda xidmət edən Məhəmməd Ziyaülhak son nəticədə bir hərbçi idi. Çevirişlə hakimiyyətə gələn mundirlilər kimi onun da özünəməxsus qaydaları və disiplini olub. Amma mənə görə, həm də yaxşı siyasətçi idi. Çünki o müharibəsiz də qələbə qazanmağı bacarırdı.
***
İl 1977. Ziyaülhak Türkiyəyə gələrək dövrün baş naziri Süleyman Dəmirəllə görüşür. Həmin Dəmirəl ki, əslində onun haqqında da çox şeyi bilmirik. Dünyada bəlkədə ingilis dilində ən səlis danışan Türk siyasətçilərindən biri olduğunu, şəxsi bacarıqları ilə Türkiyədə yaratdığı xarüqələr haqqında da az danışılıb, az yazılıb. Bu gün dahi siyasətçinin ruhu qarşısında əfvə sığınıb, Ziyaülhaka dönmək lazım. Çün bu adam bir sözü ilə hərbçi kimi yox, bəlkə də ilk dəfə siyasətçi kimi davranmışdı. Dəmirəllə görüşdən sonra Pakistan prezidenti jurnalistlərə müsahibəsində heç bir səbəb olmadan belə bir fikir səsləndirir:“İstəsəniz Türkiyənin 68-ci vilayəti ola bilərik”. Bu fikirin üstünə fikir söyləmək olmaz. Elə müsahibədən sonra hamı bir nəfər kimi onun qulaqlarını alqışa boğmuşdu.
Bu hadisədən sonra təkcə Pakistan gündəmi deyil, onun əzəli rəqibi və düşməni Hindistanın da gündəmi dəyişir. Sadəcə bir sözlə. Hindistanın hücum hazırlıqları yarıda qalır, Türkiyədə Pakistan sevgisi ən yüksək səviyyəyə çatır.
Və son bir həmləsi daha. 1988-ci ildə yenidən Hindistanla qarşı-qarşıya gəlməyə hazırlaşdığı zaman Pakistanda qəribə hadisə baş verir. Ölkənin yeni pul vahidlərinin birinin üzərində səhvən Türkiyə bayrağının əksi olan qırmızı bəyazlı bir bayraq çap edilir. Rəsmilər bunun səhvən olduğunu desələr də, həm Pakistanda, həm də Türkiyədə bu yüksək qiymətləndirilir.
Əslində bu hadisələrə qədər Türkiyə xalqı Pakistan haqqında elə də bir məlumata sahib deyildi. Amma bu hadisələr iki xalqı bir-birinə müttəfiq etməyə yetəcək qədər böyük hadisələr idi. Hindistanın oturub düşünməsi üçün isə lap böyük.
***
Tarix rəvayət deyil, hər zaman dərs alınmalı mürəkkəb məktəbdir. Elə bu gün kimi. Bəs biz tarixdən dərs alırıqmı?
Mən bu duruşumuzu nümunəvi hesab edirəm. Necəsini yazım… Əvvəlcə onu etiraf edək ki, Xankəndində faşist terrorçuya heykəlin qoyulması xəbəri Azərbaycan ictimaiyyətini narahat etməyə bilməzdi. Bu təbiidir, anlaşılandır, normaldır. Amma dövlətin dili, jesti, mimikası onun duruşuna yaraşan tərzdə olmalıdır. “Vur”, “Raket at”, “Oranı dağıt”, “Yıx yerə, ağzını qanad” ifadələri dövlətin tərzi deyil. Dövlət babadır. Həm cavandır, həm yaşlı, həm görür, həm də gördüyünə lazımi məqamda reaksiya verir. Yəni o emosiyasızdır. Elə ona görə də DÖVLƏT BABAdır. Arayikin and içdiyi yeri BİR GECƏ ANSIZIN yerləbir edən, Paşikin yallı getdiyi Cıdır düzündə öz müzəffər ordusuna yallı oynadan, xəritədə dəyişiklik edib nəbz yoxlayan sülhməramlıların sahibinə ictimai rəylə hesablaşdırıb xəritəni yenidən dəyişdirtdirən baba. Bunu bura yazaq, keçək mətləbə…
Məhəmməd Ziyaülhak dedik. Bu adam bir sözü və bir hərəkəti ilə təhlükəni önlədi və özünə müttəfiq qazandı. Fikrimiz dağılmadan qayıdaq bu günümüzə; Rus sülhməramlıları Xankəndində rusdilli məktəblər açır. Biz Dövlət Baxçalının təklifi ilə razılaşıb MHP-nin dəstəyi ilə Şuşada məktəb açırıq. Yadınıza salım ki, Naxçıvanla Azərbaycan arasındakı quru yolun açılmalı olduğunu da ilk Dövlət bəyin dilindən eşitmişdik. Bu həmin Dövlət bəydir ki, Türkiyə siyasətinə DÖVLƏT BABA anlayışını gətirib. Bütün hallarda bu nəcib təklifin sadəcə lazımlı məqamda edildiyini unutmayaq. Erməni dindarlar bundan narahat olduqlarını artıq açıq etiraf edirlər. Çünki ermənidəki Türk xofu ürəyinin boğazında vurmasına yetəcək səbəbdir, bir də bunun milliyətçi Türkü olduğunu düşünün. İndi onlar heykəl qoyub, bizi provakasiyaya çəkmək istəyirlər. İkinci addım isə gecikmir. Türkiyə ictimaiyyətinin yeni təklifi Şuşada Türk konsulluğunun açılmasıdır. Hələ buna reaksiya gəlməyib, amma əli qulağındadır.
***
İndi dayanaq, sakitləşək, biraz da dərindən nəfəs alıb xəyal edək. “Neflix”in “The Queens Gambit” serialındakı qəhrəman kimi. Başınızı qaldırın evin tavanına baxın. Böyük bir şahmat taxtası gözünüzün önünə gələcək, daşların möhtəşəm hərəkətini görəcəksiniz. Fillər, toplar, piyadalar ard-ardına hərəkət edir, siz isə bu oyunun qalibini səbirsizliklə gözləyirsiniz. Axı xəyal etmək bizim əlimizdədir. Həm də istənilən saatın, istənilən dəqiqəsində. Bunu etmək pulsuzdur, həm də əziyyətsiz. Sadəcə beyinə bir siqnal vermək kifayət edir.
Anlamalıyıq ki, müharibə bitib, post müharibə dönəmi şahmat taxtasının üzərində gedir. Onlar bir addım atır, biz o addımı darmadağın edirik. Bunu çoxları görmür, görmək istəmir. Əslində DÖVLƏT BABA reaksiyalarını lazımı qədərində verir. Müzəffər ordunun, müzəffər Ali Baş Komandanının çıxışlarına bircə dəfə oturub baxmaq və səbirlə onun addımlarını izləmək kifayətdir. O, özü dediyi kimi, nəyi nə zaman edəcəyini çox yaxşı bilir.
Sakitləşəndən sonra anlayacağıq ki, yaxın gələcəkdə o heykəl söküləcək, Xankəndinə hamımız gedəcəyik. BİR GECƏ ANSIZIN Şuşaya gəldiyimiz kimi. Amma biz BİR GECƏ ANSIZIN yox, bir səhər toy-bayramla getmək istəyirik. Bunun üçün də sadəcə səbr, biraz da şahmatda qalib oyunçuya sayqı lazım.