Bu gün Xalq artisti Hacıbaba Bağırovun anım günüdür.
Hacıbaba Bağırovun atası Ağarza “Passaj” bazarının direktoru olub. Həmçinin uzun illər “Muskomediya”nın inzibatçısı işləyib. Anası Sona xanım isə Cəbrayılın Qumlaq kəndindən olan Cəlal bəyin qızıdır. Məlumata görə, sənətkarın ana nənəsi polyak olub. Onlar ötən əsrin əvvəlində Cəlal bəylə Polşada evlənib Cəbrayıla köçüblər.
***
1947-ci ildə orta məktəbi bitirən gənc Hacıbaba Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına üz tutub. Üç ildən sonra Lənkəran Dövlət Dram Teatrında müstəqil fəaliyyətə başlayıb. Hacıbaba Bağırovun tanınmış aktyor kimi yetişməsində ən böyük rolu isə Opera və Balet Teatrında uzun illər rejissor olmuş Soltan Dadaşov oynayıb.
Aktyorun həyatında daha bir maraqlı məqam onun Biləcəri deposunda maşinist köməkçisi işləməsidir. Qeyd edək ki, aktyor 1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib.
***
Sənətkar 5 dəfə rəsmi nikahda olub və bu nikahların üçündən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Sənətkarın ikinci evliliyi Leyla adlı qadınla baş tutub və Lalə adlı qızı dünyaya gəlib. Üçüncü dəfə əslən Şamaxıdan olan həkim xanımla ailə həyatı qurub. Almaz adlı bu qadın Qanköçürmə İnstitutunda həkim işləyirmiş. Almaz xanımla Hacıbaba Bağırovun ailə münasibətləri daha uzunömürlü olub və onlar 15 ilə yaxın bir evdə yaşayıblar. Xalq artistinin bu nikahdan övladı olmayıb. Aktyorun 80-ci illərin sonunda ailə həyatı qurduğu Tamara xanım isə Bakıdakı 4 saylı çörək zavodunun direktoru imiş. Sənətkar Tamara xanımın qızlarını rəsmən öz övladı hesab edib və “Bağırov” soyadına keçirib. “Şirbalanın məhəbbəti” filmində Şirbalanın uşaqlarından ikisi məhz həmin qızlardır. Sənətkarın sonuncu evliliyi özündən 37 yaş kiçik olan Arzu xanımla baş tutub. Onun bu evlilikdən Şölə adlı qızı doğulub.
Aktyorun şəxsi həyatı barədə danışanlar mərhum aktrisa Lütfiyyə Səfərova ilə də eşq macərası yaşadığını bildirirlər. Ancaq sənətkarın bəzi dostları iddia edir ki, bu, yalandır və onların arasında heç bir şəxsi münasibət olmayıb. Sənət yoldaşları onu təxminən belə xarakterizə edirlər: “O, iki şeyi çox sevirdi: Qadınlarla münasibət qurmağı və gözəl geyinməyi…”
Hacıbaba Bağırov müxtəlif dönəmlərdə teatrda gecələməli olub. Qısaca desək, bu gün hər kəsin korifey adlandırdığı sənətkar evsiz imiş. Bu dönəmlərdən birincisi Leyla adlı xanımdan ayrılıb Tamara Ocaqova ilə ailə həyatı qurana qədər olub. Almaz xanımla ailəli olanda isə o, həmkarı, Xalq artisti Siyavuş Aslanın qardaşı Rəsul Aslanovun evində kirayədə yaşayıb. Nəsibə Zeynalova Bakı şəhər sovetinin o vaxtkı sədri Aydın Məmmədovun yanına gedib xahiş edəndən sonra aktyora birotaqlı mənzil verilir və o, bu evdə Almaz xanımla yaşayıb. Onunla ayrılanda isə heç bir iddia qaldırmır və yalnız pencəyini götürərək evdən çıxır. Aktyorun teatrda gecələdiyi ikinci dönəm isə Tamara Ocaqova ilə boşanandan sonra olur. Sonuncu həyat yoldaşı Arzu Bağırova ilə ailə qurana qədər aktyor teatrda yatırmış. Yalnız bundan sonra ümummilli lider Heydər Əliyevin göstərişi ilə sənətkara Bakı şəhərində mənzil verilir. Bu gün həmin mənzil Hacıbaba Bağırovun sonuncu ailəsinə məxsusdur.
Yəqin, Hacıbaba Bağırovun əllərindəki “nakolka”ları görmüşdünüz. Çoxları bilmir ki, o, ömrünün dörd-beş ilini dəmir barmaqlıqlar arasında keçirib. Belə ki, sovet dövründə hərbi xidmətdən qaçan Hacıbaba fərari kimi həbsə məhkum edilib. Amma bu, onun həbsxana həyatı ilə ilk və son “ünsiyyəti” olub.
***
Uzun illər dost olduğu Siyavuş Aslanla küsülü olublar. Onların mübahisəsi Musiqili Komediya teatrında direktorluq vəzifəsi üstündə yaranıb. Bir müddət sonra Hacıbaba Bağırov direktor olub, Siyavuş Aslan bədii rəhbər. Siyavuş Aslan isə bu səbəbdən küsüb Akademik Milli Dram Teatrına gedir. Nəsibə Zeynalovanın 75 illik yubileyində hər ikisi gəlib, “Hicran” tamaşasından qısa bir səhnəcik göstəriblər. Burada barışıblar, amma o demək deyil ki, onlar tam barışmışdılar.
Xalq artistinin ölümü qəfil olub. Onikibarmaq bağırsağın iltihabı diaqnozu ilə xəstəxanaya aparılır. Qəfildən belindən başlayan ağılar, ayağına keçir. Həkimlər müxtəlif diaqnoz qoyurlar. Ona elə dərmanlar yazırlar ki, 60 yaşdan sonra qəbul etmək olmazmış. Doza həddi aşılandan sonra aktyorun həzm orqanlarında qanaxma başlayır. Xalq artisti 2006-cı il oktyabrın 4-də 74 yaşında dünyasını dəyişir. Onun xəstəliyinin nə olduğunu tapa bilmədilər.
Sənətkarın həyat yoldaşı Arzu xanım aktyorun son günlərini belə xatırlayır:
“Mənə dedi, “balam yetim qaldı” və gözlərini yumdu. Bu, onun son kəlməsi oldu. Ona ürək-dirək verdim. “Dedim, onun sənin kimi atası, mənim kimi anası var, heç vaxt yetim qala bilməz, bundan əmin ol”. Amma o, gözlərini açmadı. Həkim mənə dedi, gözlərini açmayacaq. Əli əlimdə idi. Əlimi buraxmırdı. Sıxmışdı. Əllərini öpdüm. Yalvardım ona, dedim, “əgər məni sevirsənsə, gözlərini aç, gözlərini görmək istəyirəm”. Bütün gücü ilə gözlərini açdı, mənə baxdı və təzədən yumdu…bir daha açmadı”.//Kulis.az