“ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibəti ilə Prezident İlham Əliyevə məktubu ciddi siyasi məzmuna malikdir və ilk növbədə bütövlükdə Qərb qütbünün Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etdiyini göstərir”.
Bunu APA-ya açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Bəhruz Məhərrəmov deyib.
Deputat qeyd edib ki, xüsusi diqqət çəkən məqam Cozef Baydenin açıq mətnlə regionda sülh, stabillik və əməkdaşlıq mühitinin yaradılması istiqamətində Prezident İlham Əliyevin səylərinə dəstək verməsi, mövcud vəziyyəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirməsidir: “Üç gün öncə Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə mətbuata birgə bəyanatında Prezident İlham Əliyev də bildirmişdi ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik və İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Dövlət başçısı təəssüflə vurğulamışdı ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir, imkanlar əldən verilməli deyil. İstisnasız olaraq Qərb blokuna liderlik edən bir dövlətin Azərbaycanla eyni strateji tezisləri bölüşməsi və bunu açıq şəkildə ifadə etməsinin bir izahı ola bilər. Bu, ABŞ-ın regionda yaranmış reallığı qəbul etməsi və dəstəkləməsi fonunda Azərbaycanın diplomatik qələbəsidir. Baydenin həmçinin İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün regionun inkişafına imkan verəcəyi qənaətində olmasını bildirərək Azərbaycan liderinin mövqeyini bölüşməsi, Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməsi, bu istiqamətdə görülən işlərə kömək etməyə hazır olduğunu bəyan etməsi onsuz da qalib olan Azərbaycanın növbəti Brüssel görüşünə bir neçə addım öndə başlaması imkanını yaradır”.
Bəhruz Məhərrəmov vurğulayıb ki, bu gün qlobal məkanda əsas düyün nöqtəsi olan Ukrayna böhranı ətrafında kifayət qədər radikal mövqe tutmuş Qərbin Azərbaycanın bu məsələdə mövqeyini yüksək qiymətləndirməsi məktubda ən diqqət çəkən məqamlardan biridir: “Baydenin Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi və humanitar yardımlarını yüksək qiymətləndirməsi bu istiqamətdə bəzi dairələrin, eləcə də, Azərbaycan daxilində Roma Papasından çox katolik olmaq istəyənlərin səsini birdəfəlik kəsdi. Eyni zamanda, belə həssas bir məsələdə həm Rusiya, həm də Qərbi narazı salmayacaq qədər məharətli siyasət yürütməkdə olan İlham Əliyev şəxsiyyətinin böyüklüyünü bir daha ortaya çıxardı. Məktubda əks olunmuş digər mühüm məqam ABŞ-ın Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyərlə bağlıdır. Sirr deyil ki, Demokratların Türk və İslam dünyasına münasibəti heç də həmişə qənaətbəxş olmur. Lakin, bu gün Demokrat iqtidarının prezidenti Baydenin Azərbaycanla əməkdaşlığa yüksək dəyər verməsi, 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanın yürütdüyü müstəqil və uğurlu siyasəti təqdir etməsi Prezident İlham Əliyevin birmənalı siyasi qələbəsidir. Nəticə etibarı ilə dünyanın bir nömrəli güc sahibi ABŞ Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rolunu, terrorizmə qarşı qlobal mübarizəyə verdiyi töhfələrinin əhəmiyyətini xüsusi qeyd etməsi Bakının artıq müstəqil qlobal güc sahibi kimi qəbul olunmasından xəbər verir. Üstəlik, Amerika yeni qlobal oyunçu kimi Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etməklə növbəti dövrlərdə də Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu ifadə edir. Heç şübhəsiz ki, ABŞ Prezidentinin müraciətində Azərbaycana və bizimlə əməkdaşlığa verilən böyük önəmin kökündə ölkəmizin son illər keçdiyi siyasi inkişaf yolunun, Azərbaycan Prezidentinin yürütdüyü müstəqil siyasət kursunun, yaranan yeni geostrateji reallıqların, o cümlədən İlham Əliyev şəxsiyyətinin həlledici rolu xüsusi qeyd edilməlidir”.