Ermənistanın Baş naziri Nikol Paşinyanın “İsgəndər” operativ-taktiki raketlərinin yararsız olduğu və Qarabağ müharibəsi zamanı tətbiq edilsə də partlamadığı, yaxud “10 faiz partladığı” haqda bəyanatı Rusiyada fırtına effekti yaradıb.
Hokm.az xəbər verir ki, rəsmi Moskva Rusiyanın ən dəqiq və qorxunc silahlarından biri kimi illərdir reklam olunan “İsgəndər”lərin bu cür gözdən salınmasına hələ münasibət bildirməyib. Amma rusiyalı siyasətçilər, hərbi ekspertlər, Dövlət Dumasının üzvləri Paşinyanı necə deyərlər, ağ yuyub qara sərməkdədir.
“Komsomolskaya pravda” qəzetinin hərbi icmalçısı, istefada olan polkovnik və Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü Viktor Baranets isə sensasion məqamı açıqlayıb. Bildirib ki, həqiqətən erməni hərbçilərinin tətbiq etdiyi “İsgəndər” raketləri partlamayıb. Çünki həmin raketlərdə döyüş başlıqları yox idi və təlim raketləri idi.
“Paşinyanın kreslosu bərk laxladığı bir vaxtda o, birdən oyun oynamağı qərara alır: mən günahkar deyiləm, ruslardan “pis” hərbi texnika almışdıq, hansı ki, işə yaramır və ya ancaq 10 faiz partlayır. Üstəlik Paşinyandan dərhal soruşublar: bu necə olur ki, döyüş başlığının ancaq 10 faizi partlayır? Cavabında deyib ki, bilmir, yəqin 80-ci illərin silahlarıdır, ona görə”,-Viktor Baranets deyib.
Polkovnik əlavə edib ki, “İsgəndər”lərin Rusiya ordusunun silahlanmasına qəbul edilməsi 2029-cu ildə ancaq başa çatdırılıb, 2006-cı ildə isə onun silahlanmaya daxil edilməsi başlamışdı. “Nə 80-ci illər? Paşinyan bivecin biridir. Onun bəyanatı baş nazirin bəyanatı deyil, Kaşenko adına kliniki psixiatrik xəstəxanasının pasiyentinin bəyanatıdır”,-rusiyalı polkovnik deyib.
Viktor Baranetsin sözlərinə görə, Paşinyan 10 faiz haqda elə-belə danışmayıb. Belə ki, Rusiya Ermənistana “İsgəndər”lərin ixrac variantını verib və bu isə taktiki-texniki göstəriciləri aşağı salınmış texnikadır: “Hansı ki, biz bu haqda həmişə deyirik. Raket kompleksinin döyüş gücü 10 faiz azaldılıb. Və ermənilər də bu haqda texnikanı alanda bilirdilər və ona qarşı heç nə deməmişdilər”.
Viktor Baranets daha sonra məsələni Ermənistanda, Gümrüdə xidmət edən rusiyalı raketçilərlə müzakirə etdiyini deyib. Hansı ki, onlar erməni ordusuna yaxşı bələd olan adamlardır.
“Onlardan biri mənə erməni ordusu haqda lətifəyə oxşayan və olmuş əhvalat danışdı. Münaqişə başlayanda erməni ordusunda hökm sürən “bardak” şəraitində onlar əsl raket əvəzinə təlim raketini buraxıblar. Onlarda təlim raketləri də olub və yəqin fikirləşiblər ki, heç vaxt “İsgəndər”lərdən atəş açası olmayacaqlar, sənədləri isə itiriblər. Buraxılış qurğusunu görüblər və raketi buraxıblar. Ona görə də raketlər partlamayıb: orada döyüş başlığı olmayıb”,-Viktor Baranets bildirib.
Polkovnik əlavə edib ki, Paşinyanın dediklərini müttəfiq ölkənin başçısı deyə bilməz. Bu, qeyri-dost addımıdır və ona görə cavab vermək lazım gələcək. “Ermənistanda indi hansısa antirusiya prosesləri baş verir. Ermənistan “İsgəndər”lərə sahib olan yeganə xarici ölkədir. Bir çox ölkələr bu yüksək dəqiqlikli silahı almaq üçün növbəyə düzülüblər. İstisna etmirəm ki, amerikalılar “İsgəndər”lərin imicini korlamağın əvəzində Paşinyanın qulağına dəstək haqda nəsə pıçıldayıblar”,-o qeyd edib.virtualaz.org