Ali Məhkəmə Baş Prokurorluğun Şamaxıda qətl törətməkdə təqsirləndirilən Orxan Hacıyevin azadlığa buraxılması ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından verdiyi şikayəti rədd edib.
Bu barədə Trend-ə açıqlamasında vəkil Əli Hüseynov məlumat verib.
Vəkil bildirib ki, Baş Prokurorluq Orxan Hacıyevin cəzasının azaldılmasından narazı qalıb və Sumqayıt Apellyasiya Məhkəmsinin qərarından protest vermişdi.
Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə protest araşdırılıb və qərar qəbul olunub.
Məhkəmənin qərarı ilə protest rədd edilib və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Şamaxı rayonunda “Yeddi Gümbəz” qəbiristanlığında şəhər sakini 29 yaşlı Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi 25 yaşlı Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq zərbəsi alan Ruslan Surxayev hadisə yerində ölüb.
Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixində Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyirmiş.
Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub. O, son zamanlar idmanla məşğul olmayıb və kriminal aləmə yaxınlığı ilə diqqət çəkib.
Orxan Hacıyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Hacıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsindən 122.1-ci (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə; Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
Bu maddə ilə də Orxan Hacıyevə 2 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qərardan narazı qalan O. Hacıyev hökmdən apellyasiya şikayəti verib.
Sumqayıt Apellyasiya Məhkəməsi iş üzrə yeni qərar qəbul edib.
Məhkəmənin qərarı ilə O. Hacıyevin təqsirləndirildiyi, Cinayət Məcəlləsinin 122.1-ci (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə; Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsi 123.1-ci (Zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsinə tövsif edilərək onun cəzası 1 il 6 aya endirilib. O. Hacıyevin cəzası həbs edildiyi gündən hesablanıb. Qətl hadisəsi 2020-ci ilin fevral ayının 1-də baş verdiyindən məhkəmə təqsirləndirilən şəxsin cəza müddətini başa çatmış hesab edərək məhkəmə zalından azadlığa buraxıb.