Natiq Cəfərli: “Ərzaq və dərman üzrə tətbiq olunan ƏDV 18 faizdən 2 faizə salınsa, qiymətlər dərhal enəcək”
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov müstəqil iqtisadçılarla görüş keçirib. Görüşdə ölkə iqtisadiyyatı, Mərkəzi Bankın bilavasitə fəaliyyətinə dair məqamlar müzakirə olunub.
Görüşlə bağlı təəssüratlarını bölüşən iqtisadçı ekspert Rövşən Ağayev deyib ki, bu, müstəqil iqtisadçıların AMB rəhbəri ilə sayca ikinci görüşü idi və bundan öncə dörd, bu görüşdə isə iki təkliflə çıxış edib: “Hər ay manatın əsas ticarət partnyorlarının valyutasının hər biri üzrə real məzənnəsinin açıqlanması, ölkənin beynəlxalq invesitisiya mövqeyinə dair statisitkasının göstərilməsi, tədiyə balansının ənənəvi olaraq rüblük yox, aylıq elan olunması, bütün kommersiya banklarının maliyyə hesabatlarının daha operativ və eyni standartlar (göstəricilər) üzərindən bəyan edilməsi, Mərkəzi Bankın analitik balansının aylıq ictimai hesabatı, inflyasiyanın hesablanması ilə bağlı metodologiyayanın müzakirə edilməsi tərəfimdən təklif edildi. Mərkəzi Bankın sədri təkliflərimi dəstəklədiyini bəyan etdi”.
Qeyd edək ki, ötən ilin aprel ayında Elman Rüstəmov AMB İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Onun yerinə isə uzun müddət bank sektorunda çalışmış gənc maliyyəçi Taleh Kazımov təyin edilib. Bu təyinatdan sonra Mərkəzi Bankın rəhbərliyi ilə müstəqil iqtisadçıların, müxtəlif ictimai qurumların rəhbərləri arasında görüşlər intensivləşib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc AYNA-ya açıqlamasında söyləyib ki, Mərkəzi Bankın sədri və rəsmi heyəti ilə rəhbəri olduğu qurum arasında da görüş keçirilib: “Görüşdə Mərkəzi Bankın sədri Taleh Kazımov, sədrin birinci müavini Rəşad Orucov, sədrin müavini Əliyar Məmmədyarov, digər rəmsilər, eləcə də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri olaraq mən və cəmiyyətin rəhbər heyəti iştirak edib. Mərkəzi Bankın sədri qeyd etdi ki, qiymətləndirmə ekosistemin ayrılmaz tərkib hissəsidir və ölkəmizin maliyyə sabitliyinə zəmanət verir. Bu baxımdan obyektiv və şəffaf qiymətləndirmələrin aparılmasına, mövcud reallığı əks etdirən rəylərin hazırlanmasına xüsusi ehtiyac olduğunu və bu istiqamətdə ölkə qiymətləndiriciləri ilə dialoqa hazır olduqlarını bəyan etdi. Açıq şəkildə etiraf etmək lazımdır ki, buna qədər Mərkəzi Bankın rəhbərliyi ictimai qurumlar və ekspertlərlə təmaslardan yayınıb və yeni rəhbərliyin bu istiqamətdə fəaliyyəti təqdir olunmalıdır”.
Həmsöhbətimizin sözlərinə görə, Mərkəzi Bankın 2023-cü il üçün pul siyasəti monetar amillər vasitəsilə inflyasiya təzyiqinin yumşaldılmasına yönəldilib: “Monetar amillər məcmu tələbin izafi artımını məhdudlaşdırıb. Pul siyasəti qərarları faktiki və proqnozlaşdırılan inflyasiyanın amilləri, eləcə də risklər balansı nəzərə alınmaqla qəbul olunub. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində bir sıra qərarlar verilib, pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılıb”.
“Qeyd olunan tədbirlər pul siyasəti qərarlarının faiz kanalı vasitəsilə inflyasiyaya ötürücülüyünün gücləndirilməsinə xidmət edir. 2023-cü ildə bu siyasətin əsas istiqamətləri növbəti ilə qlobal iqtisadiyyat və maliyyə bazarları, habelə ölkənin xarici, fiskal və real sektorları üzrə proqnozlar nəzərə alınmaqla işlənilib. Bütün bunlar müsbət məqamlardır və ölkədə maliyyə dayanıqlığının artırılmasına xidmət edir”, – deyə Oruc fikrini yekunlaşdırıb.
İqtisadçı ekspert Natiq Cəfərli də AYNA-ya açıqlamasında AMB rəhbəri ilə görüşdə iştirak etdiyini diqqətə çatdırıb: “Mərkəzi Bankın sədri və rəhbərliyi ilə açıq və faydalı diskussiya aparılıb. Bu, son 6 ayda Mərkəzi Bankın rəhbərliyi ilə müstəqil iqtisadçıların sayca ikinci görüşüdür. Açıq şəkildə etiraf etmək lazımdır ki, Mərkəzi Bankın rəhbərliyi yeniliklər etməyə çalışır və müstəqil ekspertlərlə son görüş də buna xidmət edir. Hesab edirəm ki, yaxşı örnəkdir və digər dövlət qurumları üçün də nümunə olmalıdır”.
“Görüşdə əsas müzakirə mövzusu inflyasiya və qiymət artımları ilə bağlı oldu. Mərkəzi Bankın formal da olsa, inflyasiya ilə mübarizədə əsas qurumlardan biri olduğunu nəzərə alaraq, bu xüsusda ciddi müzakirələr apardıq. Lakin o məqam da var ki, Mərkəzi Bankın da prosesə faktiki təsir imkanı mövcud deyil. Çünki klassik bazar iqtisadiyyatı yoxdur və uçot dərəcəsini azaltmaqla inflyasiyaya ciddi təsir etmək olmaz”, – deyə mütəxəssis vurğulayıb.
Cəfərli əmindir ki, aidiyyəti qurumlar inflyasiyaya təsir edən amilləri aradan qaldırmalıdır: “Bu məsələni Mərkəzi Bankın rəhbərliyi ilə görüş zamanı da qaldırdım. Vergi və gömrük rüsumları, Azərbaycan hökumətinin yürütdüyü məntiqsiz əlavə dəyər vergisi (ƏDV) və rüsum siyasəti qiymət artımlarına təsir edən ən ciddi faktorlardan biridir. Bununla bağlı müstəqil ekspertlər illərdir hökumətə çağırışlar edir ki, ərzaq və dərman üzrə ƏDV 18-dən 2 faizə salınsın. Bu addım atılarsa, adıçəkilən istiqamətlər üzrə – hansı ki, strateji məhsullardır – qiymətlər dərhal enəcək”.
Müəllif: Azər Niftiyev