Barselonada Azərbaycanın COP29-a evsahibliyi etməsi alqışlanıbbackend

Barselonada Azərbaycanın COP29-a evsahibliyi etməsi alqışlanıb

İspaniyanın Barselona şəhərində “IBTM World” sərgisi keçirilir.

Hokm.az xəbər verir ki, ölkəmiz də mütamadi olaraq bu beynəlxalq tədbirdə iştirak edir. Sərgidə iştirak etməkdə məqsəd Azərbaycanın işgüzar turizm imkanlarının tanıdılması və təbliğ edilməsidir.

Ölkəmizi beynəlxalq sərgidə təmsil edən şirkətlərdən biri də “Shams group Azərbaycan”dır.  Şirkət rəhbəri Qalib Əliyevin sözlərinə görə, tədbirdə turizm sənayesi çərçivəsində yeni imkanlar, tendensiyalar müzakirə edilir, təcrübə mübadiləsi aparılır. Sərgi vasitəsilə potensial müştəri, təchizatçı və tərəfdaşlarla şəbəkə imkanları yaranır. İştirakçılar konfrans və sessiyalarda ən son texnologiya, istiqamətlərlə tanış olur, müzakirələr aparırlar.

“Shams group Azərbaycan” şirkətinin rəhbəri onu da vurğulayıb ki, tədbir çərçivəsində iştirakçılar Azərbaycana xüsusi maraqlarını ifadə edərək, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə həsr edilmiş COP29-a evsahibliyi etməsini alqışlayıblar. Vurğulanıb ki, ölkəmiz bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edib.

Qeyd edək ki, 1987-ci ildən bəri hər il Barselona şəhərində keçirilən “IBTM World” görüşlər, konfranslar və tədbirlər üzrə ən əhəmiyyətli beynəlxalq sərgilərdən biri sayılır və işgüzar tədbirlər sənayesində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirir.

  •  (0)
  •  (0)