Bankların bağlanması sifarişlidirmi?backend

Bankların bağlanması sifarişlidirmi?

Bankların bağlanması sifarişlidirmi?

“Bu gün elə bir vəziyyət yaranıb ki, “Amrahbank”ın işçiləri bir parça çörəyə möhtac qalıb. Bu insanlar son ayda işlədikləri adi əmək haqqını belə ala bilmirlər”.
Hokm.az xəbər verir ki, “Amrahbank” ASC-nin hüquqşünası Mehdi Mehdiyev aprelin 30-da bank işçilərinin əmək haqlarının verilməməsinə, bankın ləğv olunmasına etdikləri etiraz zamanı belə deyib.
Onun sözlərinə görə, bankın tarixində indiyədək belə bir hadisə baş verməyib: “Konkret olaraq deyilmişdi ki, pandemiya dönəmində heç bir adam iş yerini itirə bilməz. Biz isə işimizi itirmişik. Bu qədər insanın haqlarını pozmaq olmaz”.
Bank işçiləri  kompensasiya tələbləri, o cümlədən “Amrahbank” ASC-in yenidən bərpa olunması tələbi ilə çıxış ediblər.
“Bizə heç əvvəldən bankın bağlanacağı ilə bağlı xəbər də vermədilər. Hər şey 1 saatın içində həll olundu” – 15 ildir bankın əməkdaşı olduğunu deyən yaşlı qadın söyləyib.
“Mərkəzi Bank pandemiya dövründə digər banklara 60-80 milyon pul ayırdığı halda “Amrahbank”ı bağlayır?”
M.Mehdiyev isə sual edir: “Nəyə görə Mərkəzi Bank pandemiya dövründə digər banklara 60-80 milyon pul ayırdığı halda “Amrahbank”ı bağlayır?”
Onun qənaətincə, bankın bağlanmasına ehtiyac yox idi: “Amrahbank”ın bağlanması qərəzli və sifarişlidir. Sifarişin hardan gəldiyini deyə bilmərəm. Sadəcə bir faktı sizin nəzərinizə çatdırmaq istəyirəm. “Amrahbank” özünü müflis elan etməyib. Elman Rüstəmov  çox böyük səhv edərək deyir ki, biz özümüzü müflis elan etmişik. Belə şey ola bilməz”.
Ramin Bayramov: “Biz hansısa qərarı müzakirə etmək fikrində deyilik”.
“Amrahbank” ASC-in İnsan Resurslarının İnkişafı şöbəsinin müdiri Ramin Bayramov etirazçıların tələblərinə cavab olaraq bildirib ki, Mərkəzi Bankın əməkdaşları ilə əmək haqlarının hesablanması üzrə danışıqlar gedir.
“Amrahbank”ın ləğv olunma səbəbi kapital çatışmazlığı idi. Öhdəliklərinin icrası normal qaydasında olsa da,  kapital-prudensial tələb məsələsi problemli idi. Bunun bərpası üçün  də ola bilsin uzunmüddətli möhlət lazım olub. Biz hansısa qərarı müzakirə etmək fikrində deyilik. Yəqin ki, lazım bilmədikləri üçün belə qərar qəbul ediblər”, – R.Bayramov  bankın bağlanma səbəbini belə izah edib.
Elman Rüstəmov: “Bank işçilərinin etirazı emosional xarakter daşıyır”
Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında “Amrahbank” ASC və “Atabank” ASC-in ləğv olunma səbəblərinə aydınlıq gətirib.
Onun sözlərinə görə, hər iki bankda çox ciddi kapital itkisinə yol verilib, maliyyə çatışmazlığı var: “Hazırkı situasiyanı nəzərə alaraq bizim hər iki bankın sahibləri ilə davamlı görüşlərimiz oldu. Bank sahiblərinə bildirdik ki, əlavə kapitallaşma imkanları olacağı təqdirdə bankların bağlanması tərəfdarı deyilik. Lakin onların belə bir imkanı olmadığına görə, kapitallaşmadan imtina olundu. Məsələ Maliyyə Sabitliyi Şurasında müzakirə olundu. Şurada bankların bağlanması birmənalı olaraq yekdilliklə Mərkəzi Banka tövsiyə olundu”.
O həmçinin qeyd edib ki, bu qərar əmanətçilərin maraqlarını qorumaqla “cərrahiyyə əməliyyatı” keçirməyə şərait yaradıb. “Bu o halda baş verir ki, artıq terapiya kömək etmir”, – E.Rüstəmov əlavə edib.
AMB sədri-nin fikrincə, bank işçilərinin etirazı emosional xarakter daşıyır: “Təbii ki, biz onları başa düşürük. Yüzlərlə insan iş yerini itirib. Buna görə çox təəssüf edirik”.
O, əmək haqlarının ödənəcəyini, “işini itirən qiymətli kadrların” işlə təmin olunacağını da bildirib.
Azər Quliyev: “İşçilər işdən çıxarıldıqları gün son maaşlarını almalıdırlar”
“Bank işçiləri işdən çıxarılırsa, bu barədə əmr verilməlidir. Əmrdə işçilərin Əmək Məcəlləsinin hansı maddəsinə uyğun olaraq işdən çıxarıldıqları göstərilməlidir. Mən bankın qarşısında etiraz edənlərin heç birinin əlində əmr sənədi görmədim. Hətta danışan hüquqşünasın da  əlində heç bir sənəd yox idi”,  – əmək məsələləri üzrə ekspert, hüquqşünas Azər Quliyev belə deyir.
Onun sözlərinə görə, işçi işdən çıxarıldığı gün son maaşını almalıdır, əks halda müəssisə rəhbəri inzibati məsuliyyət daşıyır.
Əmək Məcəlləsinin 77-ci maddəsində göstərilir ki, əmək müqaviləsi bu məcəllənin 70-ci maddəsinə əsasən ləğv edilərsə, işəgötürən işçiyə əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinətləri ödənir:
– Bir ilədək əmək stajı olduqda orta aylıq əmək haqqı miqdarında,
– Bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında,
– Beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında,
– On ildən çox əmək stajı olduqda orta aylıq əmək haqqının azı iki misli miqdarında.
Azər Quliyev deyir ki, bank işçiləri isə müəssisədən kompensasiyalarını almadığı təqdirdə Mərkəzi Banka və ya əmək qanuncvericiliyinə dövlət nəzarət xidmətini həyata keçirən Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilərlər.
“Əgər bir ay müddətində işçilərin hər hansı bir hüququ pozularsa, qanunla nəzərdə tutulan kompensasiya ödənilməzsə, işçilərin məhkəməyə müraciət etmək hüquqları var”.
 
Natiq Cəfərli: “Bankların pandemiya dönəmində ləğvi doğru yanaşma deyil”
İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, hazırkı dövrdə bankların ləğvi qərarının siyasi motiv daşıması inandırıcı deyil. Onun sözlərinə görə, əksinə, bu qərarın keçən il verilməməsi daha çox siyasi motivli idi.
Ekspertin sözlərinə görə, dörd bankın maliyyə vəziyyəti ilə bağlı keçən ilin əvvəlindən başlayaraq neqativ məlumatlar var idi: “Çox təəssüf  ki, o zaman Mərkəzi Bank və hökümət bu məlumatları qulaqardına vuraraq belə bir qərarın qəbul olunmasını ertələdilər. 2015-ci ildən etibarən bu problemlər başlamışdı. Banklar ziyanla işləyirdilər. Atabank keçən ilin ortalarından etibarən, ümumiyyətlə, depozitləri qaytara bilmirdi. Odur ki, bankların maliyyə durumunu nəzərə alsaq, mənimçün bu qərar sürpriz olmadı”.
Natiq Cəfərli həm pandemiya ilə bağlı sosial məsələlərin artdığı, həm də manata olan güvənin yenidən sarsılmağa başladığı bir dövrdə dörd bankın fəaliyyətini dayandırmasını, ikisinin isə lisenziyasının ləğvini doğru saymır. Bu qərarın ilin əvvəlində və ya pandemiyadan sonra verilməli olduğunu düşünür.
Onun qənaətincə, bu qərarın indiki dövrdə verilməsinin yeganə məntiqi izahı bank sektorunda gələcək prosesləri önləmək ola bilər: “Gələcəkdə problemli kreditlərin həcmi artmağa başlayacaq və sosial vəziyyəti də nəzərə alsaq, yəqin ki, bank sektorunda ən zəif bəndləri indidən sıradan çıxartmağın daha doğru olacağını düşünüblər”.
AMB-in İdarə heyəti 27 apreldə “Atabank”, “AGBank”, “NBCBank” və “Amrahbank” ASC-lərə müvəqqəti inzibatçılar təyin edib.
Bankların idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçib.
28 apreldə isə Mərkəzi Bankın İdarə Heyətinin verdiyi qərara əsasən, həmin banklardan ikisinin-“Amrahbank” ASC və “Atabank” ASC-nin lisenziyaları ləğv edilib.toplum.tv
  •  (0)
  •  (1)