Bakının daşınmaz əmlak bazarının renkinqi – Ekspert açıqlayırbackend

Bakının daşınmaz əmlak bazarının renkinqi – Ekspert açıqlayır

“Bakıda mənzillərin qiymətinin yenidən artması müxtəlif səbəblərdən qaynaqlanır. Burada əsas faktorlardan biri investorlar üçün daşınmazın cəlbedici investisiyası aləti olması və tələbin təklifi üstələməsidir”.

Bu sözləri AXZEBER.COM-a açıqlamasında “FM Consulting” şirkətinin direktoru Nahid Həsənov söyləyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə mənzillərin qiymətində ucuzlaşma gözlənilmir:

“O səbəbdən ki, bahalaşmanı yaradan səbəblər aradan qalxmayıb. İqtisadi amillərdən tutmuş psixoloji amillərə qədər bir çox faktorlar burada həlledici rol oynayır. Məhz elə bu səbəbdən də daşınmaz əmlak sektorundakı qiymət artımlarına müxtəlif rakurslardan yanaşmaq lazımdır. Ümumi olaraq qiymət artımlarını səciyyələndirən səbəblərə bazara çıxarılan mənzillərin tələb səviyyəsindən kəmiyyət etibarilə aşağıda dayanması, dünya bazarında bahalaşan inşaat məhsullarının ölkəmizə təsiri fonunda tikinti şirkətlərinin xərclərinin artması, ipoteka kreditlərinin bazarda canlanma yaratması, köhnə tikililərin yararsızlığı səbəbindən ipoteka predmetinə aid binaların sayının azalması, tikinti qaydalarının sərtləşdirilməsi, əhali artımı və urbanizsiya, eləcə də qeyd etdiyim kimi, daşınmaz əmlakın rentabelli investisiya alətinə çevrilməsidir”.

Ekspert qeyd edir ki, son dövrlər paytaxtın daşınmaz əmlak bazarında ən çox artım Xətai rayonunda olub: “Belə ki, bu rayonda qiymət artımı 17 faiz təşkil edib. Ən az bahalaşma isə, Pirallahı rayonunda qeydə alınıb – 1,5 faiz. Anoloji olaraq Səbail və Nəsimi rayonlarında 16, Nərimanov rayonunda 15, Yasamal və Nizami rayonlarında 13, Binəqədi rayonunda 12, Sabunçu və Suraxanı rayonlarında 10, Qaradağ rayonunda 8, Xəzər rayonunda isə 5 faiz qiymət artımı baş verib. Təkrar mənzil bazarında yeni tikililərdə mənzillərin 1 kvadrat metrinin qiyməti ay ərzində 2 faiz civarında, illik isə 14 faiz artıb. Köhnə tikililərdə isə artım ay ərzində 1,5 faiz, illik artım isə 11 faiz təşkil edib.

Təkcə evlərin qiymətində deyil, kirayələrin də qiymətində bahalaşmalar baş verib. Kirayə bazarı üzrə ən çox bahalaşma Yasamal rayonunda qeydə alınıb. Təkcə yeni tikili binalarda deyil, köhnə tikili binalarda da ciddi artım müşahidə olunur. Paytaxt infrastrukturunun inkişafı, tikinti materialları ilə yanaşı, əmək qüvvəsinin bahalaşması, həyata keçirilən dövlət proqramları və layihələri, investisiya və spekulyativ amillər, turizm potensialı və bunun fonunda mənzillərin qısamüddətli icarlənməsinə artan maraq da qiymət artımlarını təşviq edən amillərdir – Həsənov vurğulayır.

Əlavə edir ki, paytaxtda sıxlıq artdıqca, yəni, urbanizasiya ilə əlaqədar gələcəkdə də qiymət artımları gözlənilir: “Misal üçün, ötən əsrin 90-cı illərinin əvvəllərində şəhər əhalisi 53, kənd əhalisi 47 faiz, 2000-ci ildə bu nisbət müvafiq olaraq 51-49, 2015-ci ildə 53-47 faiz təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 55-45 faiz civarında olub. Bu da heç şübhəsiz paytaxtın sosial-iqtisadi həyatına təsirsiz ötüşmür”– deyə, müsahibimiz fikrini tamamlayır.

// AZXEBER.COM

  •  (0)
  •  (0)