Xəbər verdiyimiz kimi, “Media+” İctimai Birliyinin Sosial Media Mərkəzi ilə birlikdə qadın sahibkarlar, sahəvi ekspertlər, mətbuat təmsilçiləri, ictimai fəallar arasında keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, “pandemiya sınağından uğurla çıxan qadın sahibkar” nominasiyası üzrə biznes-ledi Fidan Cəbiyeva qalib olub.
Sahədən məlumatlı şəxslər arasında keçirilən sosioloji sorğuda birincilik qazanan Fidan Cəbiyevanın uğur hekayəsi sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Minlərlə sosial şəbəkə istifadəçisi xəbəri paylaşaraq, onu fenomenal biznes-leydi adlandırıblar.
Biznes uğuruna cəmiyyətin marağını nəzərə alaraq, biznes-ledi Fidan Cəbiyevanın müsahibəsini təqdim edirik:
– Fidan xanım, uğur hekayəniz sosial şəbəkələrdə böyük maraqla qarşılandı. Gələn şərhlərdə əsas sual bu idi – Buna necə nail oldunuz?
– İlk növbədə fürsətdən istifadə edib, mənə etimad göstərən, səs verən bütün respondentlərə öz təşəkkürümü bildirirəm. Çox qürurverici haldır ki, özəl sektoru yaxından təqib edən ekspertləri, media mənsubları, ictimai fəallar və sahibkarlar mənə yüksək etimad göstərdilər. Qeyd edim ki, hələ uşaq yaşlarından atam bizi təhsil almağa, daim öz üzərimizdə işləməyə öyrədib. Bu vərdiş bütün həyatımız boyu bizi müşaiyət edib. Və bütün bunların fonunda məndə qəti qənaət formalaşıb: Gələn hər bir fürsəti dəyərləndirmək lazımdır. Və bir də gənc yaşlarımda bir əsər oxumuşdum. O əsərdə deyilirdi ki, hər hansı işə başlayanda, istər iş həyatı olsun, istərsə də şəxsi həyat, hətta ölümdə də belədir, üç mərhələdən keçid şərtdir. Birinci mərhələ nəzəri mərhələdir. Yəni, sən baş verməmiş hadisənin uğur eyforiyasına qapılırsan. İkinci mərhələ əməli, yəni, böhran mərhələsidir. Bu mərhələdə insan anlayır ki, heç də hər şey düşündüyü kimi asan deyilmiş. Və dərin böhran keçirməyə başlayır. Çox insanlar məhz bu mərhələdə hər şeyi yarımçıq buraxırlar. Sonuncu mərhələ isə əməli mərhələdir. Sən artıq nə eyforiyaya qapılırsan, nə də böhran keçirirsən. Hadisələr öz axarına düşür. El arasında buna “relsə düşmək” də deyirlər. Bu məqam həyatda mənim üçün yol xəritəsi olub. İlk dövrlərdə uğursuzluğa düçar olan kimi, əmin olmuşam ki, qarşıda daha ciddi mərhələlər var və əsas uğur da məhz ordadır.
– Elə isə yenidən başlayaq. Özünüz haqqında izləyicilərə daha geniş hansı məlumatları verərdiniz?
– Mən Bakıda ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi əla qiymətlərlə başa vurub, Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşam. Oranı bitirdikdən sonra ikinci ali təhsil də almışam. ABŞ-ın “Reddington” Universitetinə daxil oldum. Bu universitetdən distant şəkildə PhD dərəcəsini qazandım. Deməli, Bakıda universiteti bitirikdən sonra xarici şirkətlərdən iş təklifləri alırdım. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, peşəkar mühasibat və dil bilgilərim işimə yaradı. Bu təkliflərdən birini dəyərləndirdim və BP-yə bağlı törəmə şirkətdə baş mühasib olaraq fəaliyyətə başladım. Burada haşiyəyə çıxaraq bir məqama da aydınlıq gətirim ki, bir yerdə qısa müddət çalışmağı sevmirəm. Bu şirkətdə maliyyə məsələlərinə məsul şəxs kimi çalışdıqdan sonra yolumu Böyük Britaniyadan saldım.
Burada da müsahib və maliyyə meneceri olaraq çalışdım. Bir müddət sonra isə yenidən doğma vətənə qayıdaraq İrland şirkətində işə başladım. Bu şirkət quruda və suda kalibrasiya işlərini görürdü. Uzun müddət burada işlədim. Kollektivlə bir ailə olduq. Və günün birində…
– Və günün birində bu şirkət elan etdi ki, fəaliyyətini dayandırır. Sonra nə baş verdi?
– Bəli, onlar fəaliyyətini dayandırdılar. Xarici şirkətlərdə protokol belədir ki, onlar qayda-qanunlara həssasdırlar. Yəni, əvvəlcədən bunu bəyan etdilər. Kollektivin çoxu peşəkar idi. Yəqin ki, hamımız iş tapacaqdıq. Lakin daha birlikdə olmayacaqdıq. Bu emosional bağlılıq gələcək uğurumuzun əsasını qoydu. Gecə ikən qərar verdim ki, eyni şirkətin oxşarını yaratmalıyam. Başa düşürdüm ki, çox məsuliyyətli qərardır. Ən yaxın adamlarım belə şübhəylə yanaşırdılar. Deyirdilər ki, peşəkar mütəxəssissən, rahat iş tapacaqsan, niyə özünü riskə atırsan. Açığını desəm, bu fikirlər mənə neqativ təsir edirdi. Bəzən fikirləşirdim ki, haqlıdırlar. Hətta elə olurdu ki, “Həvəsdir, bəsdir” deyib bu niyyətdən vaz keçirdim. Nəhayət “beyin fırtınası” etdim və kollektivlə birgə bu yola çıxdıq. Əvvəl hər şey çətin idi, hansı qapını döyürdüksə, üzümüzə bağlanırdı.
– Amma və lakin… Bu gün rəhbəri olduğunuz müəssisə Cənubi Qafqazın aparıcı şirkətlərindən biridir…
– (Sözümüzü kəsir.) İnanın ki, bu asan olmayıb. Nə qazanmışıqsa, gərgin səylərimiz, yuxusuz gecələrimiz bahasına etmişik. Bu təkcə mənim yox, bütün şirkət üzvlərinin birgə uğurudur. Bu gün biz ölkəmizin neft-qaz sektorunun əsas iştirakçıları ilə – BP, SOCAR, BP-yə bağlı podratçı şirkətlərlə çalışırıq. Quruda və suda elektrik və kalibrasiya işlərini həyata keçiririk. Ümumi işçilərimizin sayı 15 nəfər təşkil etsə də, layihələr zamanı mövsümi işçilərimizin sayı 500, 1000 nəfər civarında olur. 12 ildir ki, bu bazardayıq və mütəxəssislərimiz mütəmadi olaraq xaricdə təlimlərdə iştirak edirlər. Eyni zamanda Almaniyada ofisimiz fəaliyyət göstərir. Bu səbəbdən ayın yarısını Bakıda, yarısını isə Almaniyada oluram. Hər iki şirkətin idarə edilməsinə şəxsən rəhbərlik edirəm.
– Uğur qazanmaq asandırmı? Bəlkə sizin şansınız gətirib. Axı hamıda belə olmur…
– Uğur qazanmaq asan deyil, çətindir, amma mümkündür. Bunun üçün müxtəlif komponentləri formalaşdırmalısan. Bunlardan ən vacibi təcrübədir. Hər hansı sahədə iş həyatına başlayırsansa, mütləqdir ki, həmin sahənin incəliklərinə bələd olasan. Eyni zamanda peşəkar komandan olmalıdır. Şəxsi əlaqələr yaratmaq, inandırmaq qabiliyyəti və təqdimat da vacibdir. Əzm, iradə, cəsarət, inam və səy də ki, öz yerində. Təbii ki, şans da var. Bizim şirkətin möhürü açarlı fiqurladır. Bunun rəmzi mənası odur ki, bütün qapıları açırsan. Həyatda uğur təkcə var-dövlət sahibi olmaq deyil. Uğur odur ki, yaşadığın cəmiyyətin sənə ehtiyacı olsun. Bu ehtiyac varsa, mütləq gec-tez öz yerini tapacaqsan.
Hokm.az