Sabunçu rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov arvadını qətlə yetirməsi ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində istintaqa cəlb olunub.
Demokrat.az-ın xəbərinə görə, Fəqan Əhmədov idarədə müstəntiqlərə ifadə verib. O, törətdiyi əməldən peşman olduğunu deyib.
Fəqan Əhmədovun ifadəsinin detalları açıqlanmır.
Bu gündən artıq Fəqan Əhmədovun barəsində istintaq hərəkətləri başlanır. Artıq ötən gün Məhkəmə Hüquq Şurası Fəqan Əhmədovun barəsində cinayət təqibinin başlanması üçün qərar verib.
Qeyd edək ki, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanan cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.
Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Hadisəni törətməkdə şübhəli bilinən Fəqan Əhmədov Sabunçu rayon Məhkəməsinin hakimidir.