Yanvarın 30-u Bakı Şəhər Gənclər və İdman İdarəsində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə xüsusi mükafatlandırma mərasimi keçirilib.
Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra iştirakçılar, Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən təsis edilən 2 Fevral – Azərbaycan Gəncləri Gününün tarixçəsi ilə bağlı videoçarxı izləyiblər.
BŞGİİ-nin rəisi Dənyar Teymurlu çıxış edərək gəncləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, gənclərin müstəqil dövlətimizin qurulmasında, onun qorunmasında və inkişafında önəmli rolu oynadığını vurğulayıb. O, qeyd edib ki, gənclərin beynəlxalq aləmdə tanıdılması, onların istedadlarının inkişaf etdirilməsi və müxtəlif sahələrdə uğurlar qazanması üçün müvafiq proqramlar həyata keçirilir. Onları fəal olmağa və yeni təşəbbüslərlə çıxış etməyə çağırıb.
Sonra söz gənclərə verilib. Onlarla fikir mübadiləsi aparılıb, təklif və iradları dinlənilib.
Sonda gənclər cəmiyyətdəki aktivliyi, sosial layihələrdəki iştirakları və əldə etdiyi uğurlar nəzərə alınaraq mükafatlandırılıblar.
Mükafatlar, gənclərin motivasiyasını artırmaq və onların gələcək fəaliyyətlərinə stimul vermək məqsədini daşıyır.