Əməkdar artist Babək Niftəliyev həyat yoldaşı ilə efirə çıxan sənət adamlarını qınayıb.
Hokm.az xəbər verir ki, bu barədə o, MTV-də yayımlanan “Üzə-düz” verilişində danışıb:
“Sənətçi öz şəxsi həyatını heç vaxt efirdə danışmamalıdır. O, özəl olaraq evdə qalmalıdır. İnsan öz həyat yoldaşını efirdə göstərməz. Mən onlara çox pis baxıram. Olmaz”.
Niftəliyev həmçinin sənətlə şəxsiyyət amili üst-üstə düşməyən sənətçilərdən söz açıb:
“Elə adam var ki, yaxşı sənətkardır, amma çox pis insandır. Elə deyirsən, bu insana kənardan qulaq asasan, həmin sənətkarla oturub söhbət etməyəsən. Deyirsən, bu, ifaçı kimi nə gözəldir, səsi üçün ölürsən. Amma onunla iki kəlmə söz kəsə bilmirsən. Mənimçün də belələri var, amma onlarla gündəmə gəlmirik. Ürəyimdə saxlayıram”.
Niftəliyev başına gələn maraqlı hadisəni danışıb:
“Gecə yarısı gördüm ki, kimsə mənə ancaq “vızov” verir, zəng də etmir. Mən özüm zəng elədim. Danışan ağsaqqal kişi idi, dedi, “səni oğlumun toyuna çağırmaq istəyirəm, amma sənə verməyə pulum yoxdur. Arzumdur, o istəyi gözümdə qoyma”. Dedim, “əmi, toy nə vaxtdır?” Dedi, “Üç ay var, Masallıda olacaq”. Kəndin adını yazdım. Həmin vaxt gəlib çatdı. O kişi daha mənə zəng eləmədi. Toy zamanı gəlib məclisə çatdım. Gördüm ki, 30-40 nəfərlik yığıncaq keçirilir. İçəri girəndə o kişi haldan-hala düşdü. Əsdi, kövrəldi, gözləri doldu. Camaat mənə baxdı ki, mən hara, bu kişi hara? Çox ağladı, məni qucaqladı, ağsaç, nurani kişi idi. Dedi, “oğlum, sənə zəng edən mən idim. Sağ ol ki, gəlmisən”. O xalqın oradakı alqışı mənə milyona bərabər idi. Elə bildim ki, ömrümün üstünə bir ömür gəldi. Elə bildim ki, hansısa zirvəni fəth etmişəm”.
İfaçı məcburi köçkünlüyün çətinliklərindən də söz açıb:
“Yadıma gəlir ki, 1993-cü il aprelin 2-də Kəlbəcər işğal olunanda biz Murovdağ yolu ilə maşınların üstündə, karvanda gəlmişdik. Qardaşım ağladı, atamdan su istədi. Atam bilmədi, nə etsin, bir cam tapdı. Camı qarla doldurdu, ocaq qalayıb isitdi, o suyu qardaşıma içirdi. O səhnə mənim gözümdən getməz. Deyirlər, uşaq yaddaşı ağ vərəq kimidir. Danışdıqca kövrəlirəm. Yaşamayan kimsə məcburi köçkün həyatının nə olduğunu bilməz. Döşəmədə, dəmir torun üstündə yatmışıq. Paltarlarımızı yastıq əvəzi başımızın altına qoymuşuq”.