Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) yaranmasından 105 il ötür.
Hokm.az-ın məlumatına görə, AZƏRTAC-ın əsası 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qoyulub. Xalq Cümhuriyyətinin süqutundan sonra agentlik SİTA-nın filialı kimi fəaliyyət göstərib, 70 il ərzində adı 7 dəfə dəyişdirilib. Nəhayət, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentliyin tarixi adı özünə qaytarılıb.
AZƏRTAC bu gün ölkə həyatının bütün sahələri – ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələr haqqında fasiləsiz olaraq 24 saat ərzində səkkiz dildə – Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində operativ informasiyalar yayır. Bu sıraya xəbər, foto, videoxəbər, infoqrafika materialı daxildir. Dünyanın bir çox nüfuzlu informasiya agentlikləri mötəbər və etibarlı xəbər qaynağı kimi tanınan AZƏRTAC-ın informasiyalarından istifadə edir.
AZƏRTAC 40-a yaxın ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb və onlarla əməkdaşlıq edir.
Facebook, Twitter, YouTube, Instagram kimi sosial şəbəkələrdə AZƏRTAC-ın müxtəlif dillərdə profilləri fəaliyyət göstərir.
AZƏRTAC-ın bu gün ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, İspaniya, İtaliya, Çin, Yaponiya, İsveç, Rumıniya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Özbəkistan, Türkmənistanda, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.
Hokm.az saytı AZƏRTAC-ı 105 yaşı münasibətilə təbrik edir.