Azərbaycanlı tələbə Elnarə Həsənova: “İsrail dövlətinin müstəqillik tarixi onun qürur yeridir”backend

Azərbaycanlı tələbə Elnarə Həsənova: “İsrail dövlətinin müstəqillik tarixi onun qürur yeridir”

Azərbaycan Respublikası bir çox dövlətlərlə iqtisadi, siyasi, mədəni əlaqələr quraraq əməkdaşlıq edir. Bu əlaqələr dövlətimiz müstəqillik etdiyi illərdə yaranmağa başlamışdır. “Müstəqillik” və “Azadlıq” anlayışları hər bir dövlət üçün böyük əhəmiyyət daşıyan amildir. Bu gün isə geniş əlaqələrimizin mövcud olduğu İsrail dövləti “Müstəqillik Günü”-nü qeyd edir. İsrail dövləti müstəqilliyi uzun sürən müharibələr, ərazilər uğrunda gedən kəskin münaqişələrdən sonra qazana bilmişdir. Dövlətinin yaranması və müstəqilliyi haqqında danışan zaman Teodor Hertslin (sionizmin banisi) adını mütləq vurğulamaq lazımdır. “Yəhudilər bütün dünyada əzilir və onlar zülm çəkir” söyləyən Teodor Hertsl “Bir xalq üçün əsas olan dil və dövlətdir”  fikrini irəli sürdü. Onun ” Biz istəyiriksə, bu əfsanə deyil ” ideologiyası yəhudilər üçün çox böyük əhəmiyyətə malikdir.

Yəhudilər dövlət qurmaq layihəsini XIX əsrin ikinci yarısında həyata keçirməyə başladılar. Ərz-i mev’ut torpaqları (vəd edilmiş torpaqlar) üzərində dövlət qurmaq cəhdi ilk dəfə İngiltərədə baş verdi. 1848-ci ildə ingilis hökuməti Fələstin konsolosluğunu yəhudilərə verdilər. 1870-ci ildə yəhudi fəaliyyətləri İngiltərə və Rusiyaya keçdi. Teoder Hertsl İngiltərə kimi böyük və güclü dövlətin köməyinə arxalanırdı. Sionistlər dövlət qurma üçün kəndli qrupuna malik olmağın zəruriliyini anladılar, lakin həmin dövrün yəhudilərinin çoxu ticarətlə məşğul idi. Sadəcə Rusiyada yəhudi kəndli qrupları mövcud idi. Bu zaman Rusiyada yəhudilərə, xüsusilə kəndli yəhudilərə qarşı paqromlar adlı qətliam yaşandı. Qətliama məruz qalan Rusiya kəndli yəhudilərinə sionistlər tərəfindən Fələstinə köçmək təklifi etdilər. 1870-ci ildən etibarən Fələstində İsrail kənd təsərrüfatı mərkəzləri yaranmağa başladı. Lakin bir çoxu Rusiyadan Avropaya köçdü. 1870-1896-cı illərdə indiki İsrail torpaqlarında 17 koloniya yaradıldı.Birinci dünya müharibəsinin sonlarında 2 noyabr 1917-ci ildə İngiltərə Xarici İşlər naziri Artur Balfourun dəstəyi ilə Balfour Deklerasiyası başladı. 1920-ci ildə Millətlər Cəmiyyəti Fələstin üzərində ingilis mandatını tanıdı. İngiltərənin nəzdində Yəhudi hüquqları təmsil edilməyə başlandı. Bundan sonra siyonistlər dünyanın müxtəlif bölgələrinə dağılımış yəhudiləri Fələstinə köçməyə razı salmaq cəhdlərinə başladılar. 1930 və 1940-cı illərdə Nasistlərin yəhudilərə qarşı soyqırımları nəticəsində Fələstinə böyük köç yaşandı. Ərəblər bu köçə etirazlarını bildirincə İngilitərə bu köçü dayandırdı. Bu qərara etiraz əlaməti kimi siyonist yəhudi hərbi təşkilatı Haqana teror aktları keçirməyə başladı. Fələstin hökuməti Nasistlərlə əlbir oldu. Qüds valisi bir çox dəfə Almaniyaya səfər etdi. Beləliklə Fələstinə gizli yəhudi köçləri başladı. 1945-ci ildə İkinci dünya müharibəsində müttəfiqlərin qalib gəlməsinin ardından bu problemlər həll mərhələsinə keçdi. 1947-ci ilin noyabrında BMT Fələstin torpaqlarını biri yəhudi, biri ərəb olmaqla iki dövlətə böldü. Yəhudilər bu qərara razı olarkən, ərəblər qərarı rədd etdi. Qüds isə millətlərarası bölgə elan edildi. Ərəblər qərardan narazı qaldı. İsrail-Fələstin müharibəsi başladı. 14 may 1948-ci ildə BMT-nin bölüşdürmə planına uyğun olaraq David-Ben Qorion tərəfindən İsrail dövlətinin müstəqilliyi elan olundu. Bir gün sonra Misir, İordaniya, İraq, Livan və Suriya qüvvələri İsrailə daxil oldu.1949-cu ildə BMT-nin vasitəçiliyi ilə İsrail və onunla döyüşən hər bir ərəb ölkəsi (İraq xaric) ilə atəşkəs müqaviləsi imzalandı. Müqaviləyə əsasən Cəlilə və Nəcəf səhrası İsrailə, Yehuda və Samiriyyə İordaniyaya, Qəzza Misirə verildi. Qüdsün şərqi İordaniyanın, qərbi isə İsrailin oldu.

Gənc İsrail dövləti ağır iqtisadi böhran keçirirdi və danışdığımız dövrdə İsrailin baş nazir vəzifəsini icra edən David Ben-Qurion ölkənin inkişafı naminə ölkənin daxili siyasəti ilə bağlı bir çox islahatlar keçirməlidi idi. Məlumdur ki, İsrail ona düşmən olan ərəb ölkələri ilə əhatələnmişdi. Ərəb ölkələrinin hər biri bildirmişdi ki, İsrail ilə ticarət aparan ölkələrlə ticarət əlaqələrini kəsəcəkdir. İsrail varlı yəhudilərin maliyyə imkanlarından asılı idi. Onlar Ərəb-İsrail savaşı davam edən zaman və bu savaş bitdiyi illərdə də yardımlarını əsirgəmirdilər. İqtisadi vəziyyətin pis olduğu zaman Avropanın özündə savaşın zərbələrindən pozulan təsərrüfat münasibətlərinin bərpasına və möhkəmlənməsinə başlanıldı. Bu isə İsrailə gələn mühacirlərin sayının azalmasına səbəb oldu. Bu çətikliklərə baxmayaraq, İsrail höküməti dövlətin möhkəmləndirilməsi istiqamətində böyük işlər gördü. Hökümət müəssisələri uğurla fəaliyyət göstərir və iş yerlərini təkmilləşdirirdilər. 1952 – 1953-cü illərdə Fələstin funtu İsrail lirəsi ilə əvəzləndi. 1953-cü ldə isə dərin inflyasiyanın qarşısı alındı. ABŞ və Qərbi Avropa İsraildə iqtisadiyyatın möhkəmləməsinə köməklik göstərdilər. Bu da 50-ci illərin ortalarında, xüsusilə, qərbdən mühacirlərin gəlməsinə səbəb oldu. 1954 – 1959-cu illərdə ölkədə təsərrüfatın sürətlə inkişafı və onun əhalisinin həyat səviyyəsinin xeyli yaxşılaşması dövrüdür. Əhalinin yerləşdirilməsi məqsədilə Neqevdə və  ölkənin şimalında şəhərlərin “inkişaf adını almış” şəhər tipli bir neçə yeni yaşayış məskənləri salındı. Yeni yaranmış dövlət “səpələnmişlərin toplanması” ideyasını irəli sürərək, hər bir yəhudinin ölkəyə gəlmək və vətəndaşlıq hüququnu almaq haqqı olduğunu bəyan etdi. Beləliklə, İsrail ölkənin qapılarının yəhudi soydaşlarının üzünə geniş açdı. İlk 4 ayda 50.000 repatriant, əsasən də müsibət görmüş Avropa yəhudiləri gəldi. 1951-ci ilin sonunda İsrail 687.000 repatriant qəbul etdi, bunlardan 300.000-ni Ərəb ölkələrindən olan qaçqınlar idi. Bununla da, ölkənin yəhudi əhalisinin sayı ikiqat artmış oldu (1.3 milyon nəfər). 1950-ci illərin əvvəllərində nasistlər tərəfindən mənimsənilmiş əmlakın əvəzi olaraq ilk kompensasiya ödənilməsinə başlanıldı. David Ben-Qurion bu təklifi qəbul etdikdə İsraildə bir sıra ictimai dairələr, xüsusilə, Xerut partiyası belə maliyyə müqaviləsinə qarşı tənqidlə çıxış etdi. Onlar bildirdilər ki, ” Milyonlarla yəhudinin qanı əvəzinə alınan vəsait Almaniyanın cinayətinin unudulmasına xidmət edir.” Knessetdə kəskin çıxışlar oldu, polislərlə nümayişçilər arasında toqquşma oldu, lakin David Ben-Qurion tərəddüd etmədi. Artıq 1965-ci ilin sonu üçün İsrailin dövlət büdcəsi təxminən 5 mld dollara qədər artdı. David Ben-Qurion irəli sürdüyü xarici siyasətə nəzər salan zaman İsrail dövlətinin Sovet İttifaqı ilə diplomatik münasibətləri 1948-ci il may ayında dövlət qurulduqdan dərhal sonra yarandığını görə bilərik. 1948-ci ilin sentyabrında Moskvada İsrail nümayəndəliyi fəaliyyətə başladı, SSRİ-də İsrailin ilk səfiri Qolda Meir oldu. Tel-Əvivdə açılmış Sovet Diplomatik Missiyasının rəhbəri P.Erşov bir müddət İsraildə yeganə və fövqəlada səlahiyyətli səfir oldu. 1949-cu ilin birinci yarısında şərait kəskin dəyişdi. Buna səbəb D. Ben-Qurionun birtərəfli kommunist düşərgəsinə yönümdən (bu zaman ölkə sol sionist partiyalarda bir çox dominant liderlər rəğbət bəsləyirdi) imtina etməsi oldu. 1950-ci ilin ikinci yarısı və 1960-cı ilin birinci yarısında Sovet İttifaqı İsrailə ABŞ-ın, Böyük Britaniyanın və Fransanın sadiq müttəfiqi kimi baxırdı. 50-ci illərdə İsrailin Fransa ilə münasibətləri mühüm əhəmiyyət kəsb edirdi. 50-ci illərin ortalarında Fransa İsrailə müasir silah və hərbi texnika göndərmişdi. Türkiyə isə danışdığımız dövrdə İsrail dövlətini tanıyan ilk müsəlman ölkəsidir. 1949-cu ilin martında Türkiyə İsraili bir dövlət kimi tanıdıqdan sonra hər iki ölkənin strateji tərəfdaşlıq münasibətləri yüksələn xəttlə inkişaf etmişdir. 1950-ci ilin 7 yanvar tarixində Türkiyə ilk diplomatik missiyanı İsrailə göndırdi.

İsrail dövləti qonşu ölkələrlə münasibətləri qaydasına salaraq vəziyyəti yaxşılaşdırmaq istəsə belə qarşı tərəflərin səyi nəticəsində bu baş tutmurdu. 1956-cı il 26 iyun tarixində C. Ə. Nasir Süvyeş kanalının mililəşdirilməsini elan etdi. Süveyş kanalı ingilis və fransız kapitalistlərinin himayəsində idi. Misir höküməti tərəfindən Süveyş kanalının mililəşdirilməsi xaricin inhisarçı kapitalına böyük zərbə idi (çünki onlara ildə 16 milyon funt təmiz gəlir gətirirdi). Nasirin bu tədbiri Qərbdə böyük əks-sədaya səbəb oldu. 1956-ci il 2 avqust tarixində İngiltərə, Fransa və ABŞ-ın təşəbbüsü ilə Londonda 22 ölkənin nümayəndələrinin iştirak etdiyi konfrans çağrıldı və burada maraqlı dövlətlər kanalın Beynəlxalq Şuranın idarəsi altına verilməsini təklif etdi. Lakin SSRİ konfransda kanal üzərində Misirin hüququnun təmin edilməsi tələbi ilə çıxış etdi və kanal üzərində Misirin suverenliyini tanıdı. Qeyd edək ki, həmin dövrdə Misirin nəzarəti altında olan Fələstin ərazilərindən İsrailə qarşı partizan basqınları təşkil edilirdi. İsrail dövləti dəfələrlə Misir hökümətinə bu basqınlara son qoymağı tələb etdi. Misirin güclü şəkildə silahlanması, 1956-cı ilin oktyabrında Misir, Urdun və Suriya orduları birgə komandanlığının yaradılması və Süveyşdən İsrailin bir gəmisinin də keçməyəcəyi haqqında C. Ə. Nasirin bəyanatı İsraili son dərəcə narahat etdi və İngiltərə-Fransa planında iştiraka sövq etdi. İsrail Fələstin partizan dəstələrinin yerləşdiyi Sinay yarımadasını tutdu və öz nəzarəti altına keçirmək istəyirdi. İngiltərə və Fransanın bütün diplomatik səyləri puç olduqdan sonra hərbi müdaxilə variantı seçildi. İsrail höküməti ingilis-fransız tərəfi ilə birgə əməliyyat planı (Muşkeret planı) hazırladı. Plana uyğun olaraq 29 oktyabr 1956-cı ildə İsrail hücuma keçdi. Böyük Britaniya və Fransa hərbi əməliyyatların dayandırılması haqqında hər iki tərəfə ultimatum verdilər. İsraildən fərqli olaraq, Misir incə mətləbi başa düşmədən ultimatumu qəbul etmədi. Böyük Britaniya və Fransaya da Misirin bu mövqeyi lazım idi.  Kanalın təhlükəsizliyinin təmini bəhanəsi ilə həmin dövlətlər Misirə ordu hissələri yeritdi. Şərm əş-Şeyx də daxil olmaqla bütün Sinay yarmadası və Qəzza bölməsi İsrailin nəzarəti altına keçdi. 8 gün davam edən hərbi əməliyyatlar BMT TŞ-nın qətnaməsi uyğun olaraq 5 noyabr tarixində dayandırıldı. ABŞ-ın və SSRİ-nin təzyiqi nəticəsində İsrail ordusu 1957-ci ilin mart ayınadək tutduğu ərazidən mərhələ-mərhələ çıxarıldı. Bu savaş məğlubiyyətlə bitsə də, onun bir müsbət cəhəti oldu ki, Misir Süveyş kanalı üzərində suverenliyini bərpa etdi. 1960-cı ilin əvvəlinə qədər bütün xarici şirkətlər milliləşdirildi. İngiltərə və Fransa Misirə qarşı iqtisadi sanksiyalara başladı. Lakin bu təcavüz İngiltərə və Fransanın da iqtisadiyyatına təsirsiz ötüşməmişdir. 1956-cı il Süveyş böhranı zamanı Səudi Ərəbistanı Misiri dəstkəklədi, Böyük Britaniya ilə yanaşı Fransa ilə diplomatik münasibətlərini kəsdi və ona neft göndərilməsinə embarqo qoydu. Misirə böyük məbləğdə pul yardımı etdi.

Qeyd etdiklərim İsrailin yaranması və yaranmasından sonrakı bir neçə illər ərzində baş verən hadisələrin tarixini əhatə edirdi. Bu tarix İsrail dövlətinin qürur yeridir. Uzun sürən müharibələrə, münaqişələrə baxmayaraq İsrail dövləti öz müstəqilliyini qorudu və saxladı. Hal-hazırda İsrail Respublikası dünyada inkişaf etmiş ölkələr siyahısındadır. Azərbaycan və İsrail arasında olan dostluq münasibətləri də  inkişaf etdirilir. İsrail üzrə təhsil alan tələbə və 2 bayraq təmsilçisi olaraq İsrail dövlətinin Müstəqillik Gününü təbrik edir və bu dövlətə sülh, əmin-amanlıq, xöşbəxtlik arzu edirəm.

 

Elnarə Həsənova Habil qızı

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi İsrail üzrə regionşünaslıq ixtisası

  •  (3)
  •  (1)