Azərbaycanla həmsərhəd Dağıstan Respublikası qorxulu taun xəstəliyinin mümkün təbii ocaqları arasındadır.
Bu barədə Rusiyanın “İnvitro-Sibir” MMC-nin klinik diaqnostika laboratoriyasının baş həkimi, infeksionist Andrey Pozdnyakovun xəbərdarlığından aydın olub.
Onun sözlərinə görə, taunun yayılma riski olan ərazilər arasında bu infeksiyanın təbii ocaqlarının ola biləcəyi dörd bölgə var.
“Taunun mümkün təbii ocaqları arasında Dağıstan, Monqolustan, Kabardin-Balkar və İnquşetiya ilə həmsərhəd olan Altay dağları var. Bunlar gəmiricilərin yeyilə biləcəyi və ya tüklərindən istifadə oluna biləcəyi yerlərdir”, – deyə həkim izah edib.
Onun sözlərinə görə, risk qrupuna endemik ərazilərdə yaşayan gəmiricilər və həşəratlarla təmasda olan şəxslər daxildirlər. Ən böyük ölüm riski uşaqlarda, yaşlılarda və immuniteti zəif olan insanlarda mövcuddur.
Pozdnyakov bildirib ki, taun əvvəlcə yoluxmuş gəmiriciləri, sonra isə insanları sancan həşəratların, o cümlədən birələrin vasitəsi ilə yayılır. Bundan başqa, xəstəliyə yoluxmuş heyvan cəmdəklərini kəsərkən və xəstə insanla yaxın təmas zamanı da yoluxma ola bilər.
“Üçüncü yoluxma yolu ağır hallarda mümkündür: Taun ağciyər mərhələsinə keçdikdə o, hava-damcı yolu ilə ötürülə bilər”, – deyən mütəxəssis bunun ən təhlükəli yayılma üsulu olduğunu bildirib və məhz bu halın ən yüksək ölümcüllüyə malik olduğu barədə xəbərdarlıq edib.
Mənbə: Lenta.ru