Azərbaycanın quru sərhədlərinin açılmasına hazırlıq GEDİR?backend

Azərbaycanın quru sərhədlərinin açılmasına hazırlıq GEDİR?

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımalarının bərpa ediləcəyi tarixi açıqlanıb. Gürcüstanın İqtisadiyyat Nazirliyi bildirib ki, sərnişindaşımalar mayın 1-dən bərpa ediləcək.

Məsələ Gürcüstan Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Gürcüstanda işgüzar səfərdə olan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş zamanı müzakirə edilib.

Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb.

Sərnişin qatarlarının hərəkətə başlaması Azərbaycanın quru sərhədlərinin açılması məsələsini də gündəmə gətirib.

Quru sərhədlərin açılması məsələsi Milli Məclisdə də gündəmə gəlib. Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, quru sərhədlərinin açılması 100 minlərlə şəxsin Azərbaycana axını ilə nəticələnə bilər. Qeyd edək ki, sonuncu dəfə quru sərhədlərinin açılması aprelə qədər uzadılıb.

Hokm.az xəbər verir ki Modern.az-a danışan Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, quru sərhədlərinin aprel ayından açılması inandırıcı gəlmir:

“Quru sərhədlərinin apreldən açılması, sözün düzü, inandırıcı gəlmir. Səlahiyyətli orqanlarımız bununla bağlı heç bir açıqlama verməyib. Belə açıqlama və proqnozlar yoxdursa, quru sərhədlərinin açılacağına inanmıram. Vaxtilə cənab Prezident quru sərhədlərinin bağlı qalmasının əsas səbəblərini açıqlamaşdı.Təhlükəsizlik məsələləri var”.

Deputat vurğulayıb ki, Bakı-Tbilisi-Bakı qatarının açılması iqtisadi baxımdan yaxşı haldır:

“Digər yandan sərnişinlərin dəmiryolu ilə Gürcüstana gedib gəlməsi çox təqdirəlayiq haldır. Belə bir qatar açılırsa, deməli, vətəndaşlarımızın da gediş-gəlişi yaxşı olardı. Bizim Gürcüstanla əlaqələrimiz yüksək səviyyədədir. Quru sərhədlərinin açılması məsələsi isə bildiyim qədəri ilə bu gün də gündəmdə deyil”.

Milli Məclisin deputatı Azər Badamov isə deyib ki, quru sərhədlərin açılması məsələsinə hökumət qərar verir:

“Ona görə də bizim bununla bağlı bir məlumatımız yoxdur. Amma dəmir yolu vasitəsilə yaxın müddətdə sərnişinlərin gediş-gəlişi bərpa olunsa, yaxşı olar.  Çünki, hava limanlarında olduğu kimi dəmir yolu vasitəsilə də gediş-gəlişə nəzarət sistemi qurmaq mümkündür”.

  •  (0)
  •  (0)