Azərbaycanın qazandığı uğurlar davamlıdırbackend

Azərbaycanın qazandığı uğurlar davamlıdır

2021-ci ili dünya iqtisadiyyatının tənəzzüldən çıxaraq bərpa dövrünə keçidi ili kimi səciyyələndirirlər.

İkinci Qarabağ müharibəsindən şanlı Zəfərlə çıxan Azərbaycan da gələcək inkişaf strategiyasını regionda yaranmış yeni reallıqlar, yəni postmüharibə dövrünün çağırışlarına uyğun müəyyən edib. Qəbul  edilən qərarlarla Azərbaycanı bütün böhranlardan üzüağ çıxaran Prezident İlham Əliyevin müəllifi olduğu “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” inkişaf strategiyası növbəti 10 il üzrə yüksəlişimizin yol xəritəsi hesab edilir.

Hazırda ölkənin aqrar məhsul ixracından əldə etdiyi gəlirlər artımla müşahidə olunur.

Bunu açıqlamasında hüquqşünas  Şahin Əsgərov bildirib.

Hüquqşünas qeyd edib ki, ölkəmizin 2021-ci ildə keçdiyi sürətli bir o qədər də uğurlu inkişaf yoluna, Azərbaycan dövlətinin beynəlxalq arenada və daxildə atdığı parlaq addımlara nəzər saldıqda aydın görünür ki, qonşu ölkələrdən fərqli olaraq Azərbaycan doğru strateji hədəflərə irəlləyir.

Koronavirus pandemiyası ilə bağlı dünya iqtisadiyyatında yaranan çətinlikləri hələ tam aradan qaldırmaq mümkün olmayıb. Lakin Azərbaycan sosial-iqtisadi müstəvidə 2021-ci il ərzində nəinki qarşıya çıxan çətinlikləri həll edib, eyni zamanda, yenidən dinamik sosial-iqtisadi inkişaf mərhələsinə daxil olub.

Ötən il qeyri-neft sənayesində 20 faizdən çox artım qeydə alınıb. Qeyri-neft ixracı 44 faiz artıb və ilin sonuna qədər qeyri-neft ixracı 2,6 milyard ABŞ dolları təşkil edəcək. Azərbaycanın yeni müstəqillik tarixində qeyri-neft ixracı heç vaxt 1,9 milyard ABŞ dollarından yuxarı olmayıb. Amma artıq vəziyyət dəyişir.

Azərbaycanda əhalinin rifah halının davamlı şəkildə yüksəldilməsi dövlətin sosial siyasətində xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin dekabr ayı ərzində əməkhaqları, təqaüdlər, sosial müavinətlərin artımı ilə bağlı imzaladığı çoxsaylı yeni fərman və sərəncamlar bunun növbəti real təsdiqidir.

Ş.Əsgərov bildirib ki, bu gün dünya valyuta bazarında qeyri-sabit vəziyyət müşahidə edilir. Lakin Azərbaycanda fərqli vəziyyət hökm sürür. Azərbaycan iqtisadiyyatında real durum, xarici valyutalara tələb səviyyəsi, eləcə də xarici ticarətlə bağlı vəziyyət və digər amillər manatın məzənnəsinin sabit və dayanıqlı olmasını şərtləndirir. Xarici ticarətdə müsbət saldo, dünya enerji bazarında mövcud qiymətlər, ölkəmizin malik olduğu valyuta ehtiyatları manatın bundan sonra da uzun müddət sabitliyini təmin edəcək.

Ermənistanın işğalına son qoyduqdan, ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycan azad edilmiş ərazilərdə postkonflikt dövründə başladığı abadlıq-quruculuq işlərinin miqyasını daha da genişləndirməkdədir. Hazırda azad edilmiş ərazilərin vahid konsepsiya əsasında bərpası həyata keçirilir. Həmin ərazilərdə müharibə başa çatdıqdan indiyə qədər olan müddət ərzində kommunal, iqtisadi və sosial infrastrukturun qurulması istiqamətində mühüm addımlar atılıb.

Azad olunan ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası, burada əhalinin məşğulluğunun təmin edilməsi, istehsal, xidmət, ticarət, nəqliyyat, logistika və digər sahələrin yaradılması da diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Bütün bunlar ümumilikdə Azərbaycanın iqtisadi potensialının daha da güclənməsinə, ümumi daxili məhsul istehsalında ciddi artıma səbəb olacaq deyə Şahin Əsgərov bildirib.

  •  (6)
  •  (1)