Bu yaxınlarda parlamentdə Azərbaycanı təcavüzkar ölkə kimi təqdim etmək təşəbbüsü ilə çıxış edən fransız millət vəkili Fransua Pupponi mafiya dairələri ilə bağlı imiş…
Hokm.az xəbər verir ki, 33 fransız millət vəkili BMT qətnamələrinə və Azərbaycanın yeddi rayonunun işğalını qınayan bütün dünya ictimaiyyətinin vahid mövqeyinə baxmayaraq, erməni diasporu tərəfindən dəstəklənən Pupponinin təşəbbüsünü bəyənib.
Bununla yanaşı, Fransa KİV-də qalmaqallı Pupponinin Avropada kriminal dairələrlə əməkdaşlığını göstərən materiallar üzə çıxıb. Məlum olub ki, Korsika sakini Parisin yaxınlığında yerləşən Sarsel bələdiyyəsinin meri olduğu illərdə onu mafiya ilə əlaqəsinə görə ifşa ediblərmiş. Keçmiş vergi inspektoru Pupponinin adı, uğrunda korsikalı mafiya klanları arasında şiddətli mübarizənin başladığı Parisdəki qumarxana Cercle Wagram-la bağlı qalmaqallı işdə də hallanıb. Demə, kazino eks-meneceri, həmyerlisi və mafioz Filip Terrasoni ilə Fransua Pupponini çoxdanın dostluğu bağlayırmış…
Pupponi qanunvericilik Məclisinə seçkilərdə qalib gəldiyi zaman Parisin gecə klublarından birində merin şərəfinə şadyanalığı məhz Terrasoni təşkil edibmiş. Həmin məclis, oradakılara Cercle Wagram işçiləri tərəfindən xidmət göstərilməsi nəzərə alınmaqla, sonradan istintaqda böyük maraq doğurmuşdu.
Qalmaqallı qumar evi Cercle Wagram
Daha sonra Pupponi qəsbkarlıqda, pulların yuyulmasında və Korsika cinayət dünyasının bir hissəsi olmaqda günahlandırıldı. Onun ofisi və evi axtarışa məruz qaldı.
Qərargahının keçmiş rəhbəri Kristof Vedrun da Pupponinin Korsika mafiyası ilə əlaqəsini təsdiqləyərək millət vəkilinə qarşı ifadə verib. Digər məsələlərlə yanaşı, deputat səlahiyyətlərindən sui-istifadə edərək, ona yaxın olan cinayətkar təşkilatın planlarına mane olan insanlara təzyiq göstərirmiş…
Bu ittihamlara görə, Pupponi, Sosialist Partiyasından Fransa prezidentliyinə namizədliyini irəli sürən Martin Obrinin qərargahını tərk etmək məcburiyyətində qaldı. Pupponi qərargahda təhlükəsizlik məsələlərinə cavabdeh idi.
Düzdür, Pupponi öz əlaqələrindən istifadə edərək, məhkəmədən qaçmağa müvəffəq oldu. Amma Cercle Wagram işi üzrə müttəhimlər kürsüsündə 10-dan çox adam oturdu. Kazinonun özü isə bağlandı… “Virtualaz”