“Azərbaycanı regional logistika mərkəzinə çevrilir” – Nahid Həsənovbackend

“Azərbaycanı regional logistika mərkəzinə çevrilir” – Nahid Həsənov

“Beynəlxalq münasibətlər, eləcə də beynəlxalq iqtisadi münasibətlər sistemindəki gərginliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz sabit inkişafını qoruyub saxlayır. Qeyri-neft sektorunun tərəqqisi istiqamətində atılan addımlar ölkəmizin qarşısında geniş imkanlar açır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında “FM Consulting” şirkətinin təsisçisi və direktoru, əmlak eksperti Nahid Həsənov söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatların əsas prioritetlərindən biri qeyri-neft sektorunun inkişafı ilə bağlıdır: “Son illərdə kənd təsərrüfatı, turizm, sənaye və logistika kimi sahələrdə mühüm irəliləyişlər nəzərə çarpır. Özəlliklə, logistika sektorunda “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanı regional logistika mərkəzinə çevirməkdədir. Dövlət tərəfindən həyata keçirilən irihəcmli infrastruktur layihələri, habelə yolların və nəqliyyat sistemlərinin təkmilləşdirilməsi, iqtisadi artım tempini şərtləndirən amillərdən biridir. Bu layihələr iqtisadiyyatın ümumi inkişafına və investisiya mühitinin yaxşılaşmasına şərait yaradır. Əmlak sektoru isə, urbanizasiya, turizm sektorunun inkişafı və xarici investorların marağı ilə yüksəliş dövrünü yaşayır. Bütün bunların fonunda Bakıda və regionlarda inşaat və daşınmaz əmlak bazarında müəyyən canlanma müşahidə edilir”.

Ekspert bildirir ki, paytaxtda mənzil bazarı yenidən aktivləşib: “Ələxsus da, yeni yaşayış komplekslərinin inşası, müasir mənzil tələblərinə cavab verən layihələrin reallaşdırılması mənzil bazarına olan tələbin artmasına səbəb olub. Sosial mənzil proqramları, ipoteka kreditləşməsi də bazarın canlanmasına töhfə verir. Ticarət mərkəzləri, ofis binaları və sənaye obyektləri bazarında da artım tempi müsbətdir. Azərbaycan xarici investisiyalar üçün cəlbedici mərkəz olmaqda davam edir. 2024-cü ildə ticarət obyektləri və biznes mərkəzlərinin tikintisi həm yerli, həm də xarici investorlara yeni imkanlar yaradır. Azərbaycanın turizm sektorunda da əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Yeni otellərin və istirahət obyektlərinin inşası xarici turistlərin artan marağına cavab verir və regionlarda əmlak sektorunu canlandırır” – Həsənov vurğulayır.

Əlavə edir ki, sənədsiz evlərin qeydiyyatı, Qarabağın dirçədilməsi layihələri də diqqətdən yayınmır: “30 illik işğalın nəticələrinin aradan qaldırılması, tarixi həsrətimizə son qoyulmasından sonra Qarabağın dirçəldilməsi qarşımızda duran əsas hədəflərdən biridir. Bu istiqamətdə həyata keçirilən layihələr prosesin sürətlə getdiyini və Qarabağın tezliklə dirçələcəyini söyləməyə əsas verir. Paytaxtın əsas problemlərindən biri olan sənədsiz evlərin qeydiyyatı ilə bağlı atılan addımlar da müstəsna əhəmiyyət kəsb edir” – deyə, Həsənov fikrini tamamlayır.

  •  (4)
  •  (0)